PDF Oxu

Müxalifət

  • 38

Müsavatın payız qurultayı qışa qaldı...

Müsavatın payız qurultayı qışa qaldı...

Müsavat partiyasında hökm sürən xaosun nəticələri getdikcə bəlli olmaqdadır. Partiyada uzun müddətdir ki, cərəyan edən başqanlıq mövzusundakı iddialar öz son həddinə çataraq, siyasi təşkilat daxilində "partlayışa" səbəb olub. Bir tərəfdən funksionerlərin qruplaşmalar yaradaraq, partiyanın ali postu uğrunda mübarizə aparmaları, başqa tərəfdən, partiyadan kənar Müsavatmeyilli qüvvələrin siyasi təşkilata müdaxilələr etməsi, digər tərəfdən isə, Arif Hacıyev faktoru bu partiyanın fəaliyyət funksiyalarını, demək olar ki, dayandırıb. Elə isə, bütün bu sadalananları təhlil etməklə vəziyyəti daha yaxından müşahidə edək.


Qruplaşmalar və onların tərkibləri


Müsavat partiyası nəinki qurultay məsələsində, o cümlədən, qurultay mövzusu qabarmamışdan öncə də çaxnaşmalar içində qaynayırdı. Buraya Rauf Arifoğlunun, Arif Hacıyevin, Arzu Səmədbəylinin, Tofiq Yaqublunun, Gülağa Aslanlının ayrı-ayrılıqda bir-birilərinə qarşı gizli mübarizə aparmalarıdır. Belə ki, bu adamların hər biri çox gözəl anlayırdılar ki, qurultayın keçirilməsi nə vaxtsa reallaşacaq və başqanlıq postu uğrunda savaşlar bundan sonra daha da güclənəcək. Məhz bu səbəbdən, öz işlərini qabaqcadan planlaşdıran adıçəkilənlər əsasən bu işlərini qruplaşmalar yaradaraq, tərəfdar toplamaq üzərində qururdular. Yəni kimin daha çox tərəfdarı olacaqsa, o da gələcəkdə siyasi təşkilatın bütün rıçaqlarını əlinə alamağa nail olacaq. Bu müstəvidə yaradılan qruplar arasında ciddi savaşa start verildi.


Partiyadan kənar

"müsavatçılar"


Eləcə də, başqa "cırtdan" siyasi partiyalarda təmsil edilən Müsavatmeyilli şəxslərin də öz böyük ambisiyalarını, iddialarını ortaya qoymaları vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxardı. Məsələn, ən çox Müsavat qərargahında görünən belə müxalifətçilərdən biri də Pənah Hüseynovdur. O, demək olar ki, bu partiyanın "ruporu" rolunu oynamaqla, bir neçə "ana xətti" öz əlinə almağa nail olub. Bu səbəbdən də, fikirləşib ki, nəyə görə o da Müsavatın başqanı olmasın? Bu suala cavab tapmaqdan ötrü, P.Hüseynov heç bir çətinlik çəkmədi və hətta partiya daxilində özü üçün bir neçə köməkçi də tapdı. Həmin köməkçilər ona yaxından köməklik göstərərək, bilavasitə başqanlıq uğrunda start götürən savaşda "qalxan" oyunu" oynadılar. Yəni bütün məqamlarda P.Hüseynovu müsavatçı funksionerlərin hücumundan qorudular. Hazırda isə onun başqanlıq üçün namizədliyi ön sıralarda yer almaqdadır.


Arif Hacıyev "səddi"ni kim aşacaq?


O da məlumdur ki, Müsavat partiyasının başqan müavini Arif Hacıyev həbsdə olmasına rəğmən, partiyada gedən proseslərə quruca adı ilə müdaxilə etməkdədir. Belə ki, A.Hacıyevin ən yaxın ətrafı, daha dəqiq desək, qardaşı Mustafa Hacıbəyli onun statusundan istifadə edərək, bütün olanları onun özünə çatdırır. Həmçinin, "Demokrat" qəzetinin də müəyyən partiyadaxili imicindən istifadə edib, lazım olan tədbiri reallaşdırır. A.Hacıyevə qarşı hücumların qarşısına çıxaraq, əks hücumlar təşkil edir, qardaşının başqanlığı uğrunda əlindən gələn bütün vasitələri sınaqdan keçirir. Bu isə, onu deməyə əsas verir ki, A.Hacıyev faktoru İ.Qəmbərov və digərləri qarşısında "keçilməz sədd" rolunu oynayır.


İsa Qəmbərov daha dözmür


Baş verən hadisələrdən başı gicəllənən başqan artıq özü də postu yarımçıq tərk etmək niyyətini gizlətməyib. Lakin onu bu postda saxlayan gücdən, yəni gəlir və qazancdan imtina etmək iqtidarı yoxdur. Digər tərəfdən, başqanlığın əldən verilməsi İ.Qəmbərov üçün başqa problemləri də yarada bilər. Belə ki, bir zamanlar "iqtidara" gəlmək kimi iddialarını xarici qüvvələr qarşısında ifadə edən Qəmbərovun bunu edə bilməməsi, bütün "nüfuzunu" heçə endirmiş oldu.

Qaldı ki qurultayın payızda keçirilməsinə, demək olar ki, bu plan da fiaskoya uğradı və artıq yeni qurultayın qışda keçirilməsi qərarı Müsavat kuluarlarında müzakirə olunmaqdadır. Və belə bir vəziyyətdə İ.Qəmbərovun daha tez getməsi artıq bir gerçəkliyə çevrilməkdədir.


RÖVŞƏN

Digər xəbərlər