PDF Oxu

Müxalifət

  • 20

Müxalifətin yalançı birliklərinin ağ yalanı çıxdı

Müxalifətin yalançı birliklərinin ağ yalanı çıxdı

Qızmar yay günəşinin təsirindən yenicə qurtulmuş radikal müxalifət təmsilçilərinin bədənlərinin yuxarı hissəsində, xüsusən də, baş nahiyələrində problemlərin olduğu açıq şəkildə sezilir. Bunu bir sıra tanınmış tibb nümayəndələri də təsdiqləyirlər. Onların iddialarınca həmişə soyuq başla qərar verib addım atanlar birdən-birə isti havanın təsiri altında soyuq başla düşüncəyə daldıqları üçün faciəvi şəkildə təzad yaranır. Bunun nəticələrinin hələ, daha sonra görünəcəyi iddiasında olan tibb nümayəndələri xüsusən də, müxalifət yetkililəri üçün "SOS" siqnalı çalıb. İddiaya görə, bu cür anormal proseslərin nəticəsindən sonra verilən qərarlar böyük təzada səbəb olur. Elə "Vətəndaş Hərəkatı Forumu"nun səkkiz partiyanın "lider"inin zirvə toplantısının reallaşdırılması üçün apardığı danışıqların müsbət nəticə verməməsini də bununla bağlamaq yerinə düşərdi. Çünki bu müxalifət təmsilçiləri bir iş görəcəkləri təqdirdə, əvvəlcədən onun barəsində o qədər danışırlar ki, axırda çürüyünü çıxarırlar. Xatırladaq ki, "Vətəndaş Hərəkatı Forumu", Müsavat partiyası və AXCP (i) "lider"ləri ilə danışıqları aparmaq üçün "KXCP" sədri Mirmahmud Fəttayevi də cəlb edib. "Forum"un nümayəndəsi Qurban Məmmədovla M.Fəttayev AXCP (i) sədri Əli Kərimov və Müsavat partiyasının başqanı İsa Qəmbərovla görüşüblər.

Əvvəldən elan olunduğu kimi, bu görüşlərin nəticələri, bundan sonra "Səkkizlər"in zirvə toplantısının baş tutub-tutmayacağı ilə bağlı "Altılar"ın ("Ümid" partiyası, ADP, "KXCP", ALP, AMİP, "VİP") toplantısı keçirilməli idi. Məhz bu görüşdə zirvə toplantısı haqda konkret qərar qəbul ediləcəyi haqda açıqlamalar verilirdi. Məhz srağagün ADP qərargahında görüş keçirildi. Lakin görüşdə məlum oldu ki, "Altılar" "Beşlər"ə çevrilib. AMİP toplantıya qatılmayıb. "Səkkizlər"in zirvə toplantısının baş tutmasının sual altında olduğu haqda hələ iki həftə əvvəl yazdıqlarımız da ADP qərargahında keçirilən srağagünkü görüşdən sonra təsdiqlənib. Görüşdən sonra verilən açıqlama ümumi xarakterli olub və "Səkkizlər"in zirvə toplantısı barədə bir kəlmə də olsun söz açılmayıb.


İsa Qəmbərovla Əli Kərimovun müxalifəti boykot taktikası...


ADP-dəki mənbədən aldığımız məlumatda isə bildirilir ki, "Beşlər"in görüşündə M.Fəttayev ilə Q.Məmmədov AXCP (i) sədri və Müsavat başqanı ilə apardıqları danışıqlarda "zirvə" toplantısının keçirilməsi üçün konkret razılığa gəlməyin mümkün olmadığı barədə məlumat veriblər. Adıçəkilən iki partiyanın razı salınmasının mümkün olmaması və AMİP-in kənara çəkilməsi "beşlər"i zirvə toplantısı ilə bağlı heç bir qərar verməmək məcburiyyətində qoyub. Məhz bu səbəbdən ADP-də keçirilən görüş barədə ümumi açıqlama verilib. "Zirvə" toplantısı barədə heç bir qərarın verilməməsi İ.Qəmbərovla Ə.Kərimovun "Səkkizlər"in zirvə toplantısı ideyasına müsbət yanaşmadıqları və onlarla keçirilən məlum görüşlərin nəticəsiz bitdiyi haqda deyilənləri də təsdiqləmiş oldu.


Əli Orucov: "Ortadakı səmimiyyət pozulduqda, həmin təşəbbüsdə iştirak etməyin mənası qalmır"


"Altılar"dan birinin-AMİP-in srağagünkü görüşə qatılmamasının səbəbinə gəlincə, partiyanın katibi Əli Orucov bildirdi ki, onlar birlik təşəbbüslərini həmişə dəstəkləyib. Lakin görəndə ki, ortada səmimiyyət pozulub, həmin təşəbbüsdə iştirak etməyin mənası qalmır. "Birinci dəfə görüş üçün dəvət göndərildi. Biz iştirak etdik. Sonra gördük ki, mətbuatda bu görüşü şişirtməyə çalışırlar. Özlərini "altılar" formatı kimi təqdim etsələr də, təbliğat başqa istiqamətə gedir. Ona görə də AMİP növbəti görüşdə iştirak etmədi. İkinci səbəb isə AMİP-in ciddi qüvvələrlə, ciddi partiyalarla əməkdaşlığa üstünlük verməsidir. O görüşdə iştirak edən bəzi partiyalar var ki, AMİP-in onlarla bir cərgədə dayanması düz olmaz" deyə Ə.Orucov əlavə edib. Qeyd edib ki, onsuz da bu cür "taktiki" gedişlər öz mənasını iki-üç günə itirəcək. "Buna görə də, belə bir mənasız yerdə olub vaxt itirməyin heç bir adı yoxdur" deyən Ə.Orucov belə getsə, müxalifət düşərgəsində ciddi bir birliyin formalaşmasının da sual altında qalacağına əminliyini ifadə etdi.

Amma bütün bunların nə olmasında və müxalifətin "Altılar"ının "Beşlərə" çevrilməsindən, "Səkkizlər"inin dönüb "on" olmasından, eyni zamanda, rəqəmlərin yuvarlaq şəkildə dəyişməsində asılı olmayaraq, fakt faktlığında qalmaqdadır. Olanı gizlətmək artıq müxalifət üçün çox gecdir. Ona görə də, ən yaxşı halda, onlar bacara bildikləri işin qulpundan yapışsalar, daha məsləhətli olar.

Tapdıq

Digər xəbərlər