PDF Oxu

Müxalifət

  • 12

Etibar Məmmədov Londonda Rəsul Quliyevlə nədən danışıb?

Etibar Məmmədov Londonda Rəsul Quliyevlə nədən danışıb?

Radikal müxalifət düşərgəsində həmişə özünəməxsus mövqe nümayiş etdirməyə çalışan Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov artıq neçə müddətdir ki, ortalıqda görünmür.

Səbəb də, onun bir neçə il öncə Rusiya Federasiyasında, xüsusən də, Dağıstanda ticarət köşkləri yaratdığı, tikinti sektorunda mühüm işlərə başlamasıdır. Sonradan bəlli oldu ki, AMİP "lideri" ticarət sahəsindəki "fəaliyyətini" qeyri-müəyyən səbəblərə görə donduraraq, vətənə qayıdıb. Vətənə qayıtmaqda məqsədi siyasi faliyyətlə yenidən məşğul olmaq niyyətinə düşmək istəməsi olsa da, E.Məmmədovun bu istəyi də baş tutmadı. Çünki mənsub olduğu düşərgədə özünə qarşı olan birmənalı mövqedən çıxış edən E.Məmmədov, ilk növbədə, buradakı real rəqiblərini sıradan çıxarmağı planlaşdırırdı. Amma uzun müddət siyasi düşərgədən uzaq qalmış və burada baş verən prosesləri dərindən mənimsəməmiş AMİP "lideri" üçün bu, çətin idi. Elə məhz bu səbəbdən də onun aktiv siyasi fəaliyyətə başlamasına reaksiya verənlər də bu kontekstdən çıxış edirdilər. Gözlənildiyi kimi, ilk reaksiya verən Müsavat başqanı İsa Qəmbərov ona daha münasib işlə məşğul olmağı, bunun ardınca AXCP (i) sədri Əli Kərimov, ardınca ADP sədri Sərdar Cəlaloğlu öz tövsiyələrini əsirgəmədilər: "E.Məmmədov vaxtilə Azərbaycan müxalifətinə qarşı çıxırdı, hətta AXC-Müsavat hakimiyyəti illərində də onların iqtidarını bəyənmədiyi üçün indiki halda ona heç bir güzəşt olmayacaq. Ona görə də, bu gün E.Məmmədov gedən karvana çata bilməyəcək. Bu günə qədər öz biznes əlaqələrini genişləndirmək niyyətini kənara qoyub aktiv siyasi proseslərdə iştirak etməyən şəxslərin bundan sonra müxalifət düşərgəsində yeri və rolunun olması qeyri-mümkündür".

Ümumi müxalifət düşərgəsində özünə qarşı olan real münasibətin gün kimi aydın olduğunu yəqin edən E.Məmmədov onları cavabsız qoymayaraq bildirib ki, indiki müxalifət yetkililəri səriştəsiz, bacarıqsız, öz havaları ilə yaşayan insanlardır və onları bundan sonra acı sonluq gözləyir: "Müsavat başqanı bu gün mənə qarşı çıxmaqla, əslində, o dövr, yəni AXC-Müsavat iqtidarı dövründə hakimiyyəti zorla ələ keçirməklə yanaşı, Ali Sovetin tribunasında ona qarşı sərgilədiyi mövqeyə cavab verməyə çalışır. Amma Müsavat başqanı unudur ki, onun və onun ətrafında olan şəxslərin avtobioqrafiyası haqqında məndə kifayət qədər məlumat var. Onlar gündə nə etsələr və kimlərin ağuşuna sığınmağa çalışsalar belə, E.Məmmədov ola bilməzlər. Çünki mən onlara zəbt etdikləri iqtidar dövründə də öz etirazımı və iradımı bildirmişəm. Vaxtilə eks-prezident mərhum Əbülfəz Elçibəyə "bu cinayətkarların hiyləsinə inanaraq yanlış yolla gedirsiniz, bu yol sizi uğura aparmayacaq" deyəndə, indiki minbir oyuna əl atan Əli Kərimov kimilər əyləşdikləri kreslo naminə mənə qarşı çıxırdılar. Amma vaxt yetişdi və onlar öz layiq olduğu qiyməti almalı oldular".

Müsavat başqanı isə, E.Məmmədovun Böyük Britaniyanın paytaxtı Londonda biznes əlaqələrini daha da genişləndirməklə bağlı xəbərini eşitdikdə, ona vətənə qayıdacağı təqdirdə, "başından böyük sözlər dediklərinə və etdiklərinə görə cavab verməli olacaqsan" mesajını göndərib.

Ancaq bir məqamı da qeyd edək ki, İ.Qəmbərov, Ə.Kərimov, S.Cəlaloğlu və bu xislətli adamlar heç də E.Məmmədovdan geri qalmırlar. Ancaq zaman-zaman müxalifət düşərgəsində hər kəsin öz maraqları müstəvisində hərəkət edərək müəyyən dividendlər əldə etməsini qeyd etmişdik. Bu mənada, E.Məmmədovun qonşu Rusiya və Dağıstanda xırda biznes əlaqələri quraraq, sonradan orada müəyyən qaranlıq oyunlara girməsi faktları da bu sıradandır. Çünki AMİP "lideri"nin çıxış yolu adlarını qeyd etdiyimimiz ölkələrdə ticarət işlərinə girişmək olsa da, sonradan bu işlərdən bir o qədər də maddi təminatı ödəməyi bacarmayan E.Məmmədov tamam başqa işlərlə məşğul olmağa məcbur oldu. Elə bu səbəbdən də, onun tikinti sektoruna girərək müəyyən iş adamlarını aldatması halları baş verdi. Nəticədə ona qarşı həmin ölkələrdə kampaniyalara start verildi ki, o, həmin yerlərdən qaçmaqla öz canını qurtarmağa çalışdı. Sərgilənən məlumatlara görə, uzun müddət Londonda səfərdə olan E.Məmmədov düşdüyü çətinlikdən çıxmaq üçün ABŞ-da yaşayan "ACP" lideri Rəsul Quliyevin izinə düşərək, öz ambisiyalarını reallaşdırmağa nail oldu. Məlum oldu ki, az da olsa o, Rəsul Quliyevdən bir miqdar pul-para qoparmağa nail olub. O da sirr deyil ki, E.Məmmədovun ölkədə müəyyən biznesi mövcuddur və o, ilk növbədə, R.Quliyevlə biznes ortağı olmaq üçün dəridən-qabıqdan çıxırdı. Qeyd edək ki, E.Məmmədov öz şəxsi dividendlərini güdsə də, R.Quliyev də mümkün variantları hesablayaraq, uzun müddət AMİP "liderinə" ciddi reaksiya vermədi. Daha dəqiq desək, R.Quliyev öz "çəkisini qaldırdı". Məhz bundan sonra, E.Məmmədov ümumi şəkildə həm biznesini yürütməyə, həm də cütlük şəklində "ACP" sədri ilə "siyasətlə" məşğul olmağa boyun oldu. Uzun çək-çevirdən sonra, R.Quliyev E.Məmmədovla işbirliyinə getdi.


Rəfiqə Hüseynova

Digər xəbərlər