PDF Oxu

Müxalifət

  • 6

İsa Qəmbərov Müsavatla bağlı niyyətini nəhayət ki, reallaşdırır

İsa Qəmbərov Müsavatla bağlı niyyətini nəhayət ki, reallaşdırır

20 ilə yaxındır ki, müxalifət düşərgəsində lövbər salmış Müsavat partiyasının başqanı İsa Qəmbərov tutduğu postu asanlıqla buraxmaq istəmədiyini, hələ də öz mənfur niyyətində qaldığını açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, İ.Qəmbərov ona bu "yolda" nə maneə yarada biləcəksə həmin əngəlləri indidən zərərsizləşdirməyə çalışır.

Bu mənada, başqan Qəmbərovun növbəti müddətə Müsavata rəhbərlik etməsinə qurumun nizamnaməsi və proqramı əngəllər yaradırdı. Məhz elə bu zərurətdən də, İ.Qəmbərov ilk maneəni sıradan çıxarmağı qərara alıb. Artıq o, bu "işlə" bağlı Avropadakı havadarlarından da xeyir-dua aldığı bildirilir. Müsavat daxilindəki mənbəmizin vermiş olduğu səlis bilgiyə görə, başqan neçə gündür ki, qərargahındakı kabinetindən çıxmır və onun tərcüməçisi vasitəsi ilə bir sıra kənar ünvanlarla əlaqə saxlayır. Bütün bunlar başqanın yenə başqan qalmasına, təbii ki, ən yaxşı işarədir. Çünki o, bir müddət öncə bu postdan gedəcəyini və öz yerinə layiq olan şəxsi təyin edəcəyini açıqlamışdı. Bundan əlavə, Müsavat partiyasının hazırda qüvvə də olan nizamnaməsinə görə, İ.Qəmbərov növbəti dəfə başqan seçilə bilməz. Amma görünür ki, İ.Qəmbərov bəlli bir ünvandan "sən hələ də başqan kimi qal" göstərişini alana qədər bu cür məsələlər real görünürdü. Lakin həmin o göstərişdən sonra Qəmbərov öz postunu kimsəyə güzəştə getmək niyyətində olmadığını, hələ də bu işi görə biləcək enerjiyə sahib olduğunu açıqladı. Təbii ki, onun sonradan böyük təzada səbəb ola biləcək bu açıqlaması Müsavat daxilində birmənalı qarşılanmadı. Çünki qurumda hər kəs düşünürdü ki, bundan sonra yeni bir nəfəs, yeni bir abı-hava yaranacaq. Amma Qəmbərovun öz postunun nə Qubad İbadoğlu ilə, nə də ki, başqaları ilə bölüşmək niyyətində olmadığını sübut etməsi qurum daxili narazılıqlara da yeni bir rəng qatmış olub.

İlk növbədə, nəzərə almaq lazımdır ki, bu il Müsavat partiyasının qurultayının keçirilməsi gözlənilir. Eyni zamanda, qurumun qurultay hazırlıqlarına hazırkı başqan İ.Qəmbərov rəhbərlik edir. Görünür ki, Qəmbərov qurultaya qədər öz başqanlıq məsələsini birdəfəlik həll etmək niyyətindədir. Bunun üçün başqan Müsavat partiyasının mövcud prinsiplərini dəyişdirməkdən əlavə real şəxsləri də yolundan kənarlaşdırmağı unutmayıb. O Müsavat partiyası başqanlığına ən real namizəd kimi görünən qurumun mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevi belə yola saldıqdan sonra Q.İbadoğluna da "sarı kart" göstərib. Başqan əvvəlcədən də "işini" ehtiyatlı tutmuşdu. O Müsavatın sabiq Məclis sədri Sülhəddin Əkbərdən və Divan üzvü Qabil Hüseynlidən qurtulduqdan sonra yerdə qalanları, təbii ki, yoxa çıxarmağı da unutmamışdı.

Qeyd edək ki, ötən gün İ.Qəmbərovun təkidi ilə Müsavat partiyasının Divan toplantısı keçirilib. Yığıncağın əvvəlində qərarların icra vəziyyəti və görülən işlər haqqında məlumat verilib. Bu barədə partiyanın mətbuat xidmətindən daxil olan press-relizdə bildirilir. Məlumata görə, gündəliyin partiyadaxili məsələlər bölməsində partiyanın qurultayına hazırlığın gedişi barədə məlumat, nizamnamə və proqrama dəyişikliklər haqqında təkliflər dinlənilib. Amma divan üzvləri arasında növbəti dəfə qalmaqal yaşanıb. Onlar başqan tərəfindən Divana təqdim edilmiş dəyişikliklər paketini onun şəxsi istəyindən yaranan zərurət kimi dəyərləndiriblər. Bu mənada, Divan toplantısında sözün əsil mənasında qarşıdurma yaşanıb.


T.Qurbanlı

Digər xəbərlər