Son günlər radikal müxalifət düşərgəsində diqqətçəkən proseslər baş verməkdədir. Çünki builki yayın istisi müxalifətin kristallaşmış buzlarını, demək olar ki, əridib. Ona görə də, düşərgədə birinin digərinin ünvanına təhqiredici fikirlər səsləndirməsi, keçmişi ilə bağlı ilginc faktları cəmiyyətə təqdim etməsi artıq adi bir hal alıb.
Bu, bir yandan müxalifətin 20 illik yanlış istiqamət xətti ilə irəliləməsinə işarə olsa da, digər tərəfdən onların özlərinin əli ilə ifşası deməkdir. Bəlkə də, bu günə qədər qatı açılmamış faktlar builki yay qədər müxalifət düşərgəsindən üzə çıxmamışdı. Lakin düşərgədə bir-birinin ünvanına səslənən 20 illik böhtan və şər "taktikası" öz yerini ifşaedici həqiqətlərin üzə çıxmasına vermiş olub. Bu baxımdan da, müxalifət düşərgəsində hər kəsin gözü görəcəyindən, qulağı eşidəcəyindən də artıq informasiyalar eşidilməkdədir. Sanki radikal düşərgə hər şeydən özünü təcrid etdiyi üçün, özünüifşa reallığını məhz bu ilin yayına saxlayırmış. Eyni zamanda, düşərgədəki anormallığın başqa bir tərəfi isə mümkün yanaşmaların fərqli üsullarla həyata keçirilməsinə edilən cəhdlərdir. Bundan əlavə, 20 ildir ki, bir-birinə həm "dost", həm də "düşmən" kimi baxanlardan indi tamam fərqli münasibət görmək mümkün olur. Çox güman ki, düşərgəyə "bu cür olun" mesajını göndərənlər bunun arxasında nəsə başqa qaranlıq məqamları da düşünməmiş deyillər. Məhz bunun əyani təzahürü olaraq dünənə qədər Müsavat başqanı İsa Qəmbərova "canbir qəlbdən" bağlı olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun indi ondan üz çevirərək, ABŞ-da biznes fəaliyyəti ilə məşğul olan "Açıq Cəmiyyət Partiyası"nın "lideri" Rəsul Quliyevlə sıx izdivaca girməsidir. Çünki R.Arifoğlu bir neçə gün öncə İ.Qəmbərovla aralarında yaşanmış gərgin olay müstəvisində də, müəyyən məqamlara aydınlıq gətirib. R.Arifoğlunun iddiasına görə, Müsavat partiyası ənənəvi taktikalardan imtina etməlidir. O, bu iddiasını onunla əsaslandırıb ki, indiyə qədər Müsavat partiyasının həm qatılmış olduğu seçki proseslərində, həm də digər məsələlərdə əldə etmiş olduğu nəticələr bunu açıq şəkildə göstərir. Elə bu səbəbdən də, R.Arifoğlu R.Quliyevlə münasibətlərinə yenidən baxmaqla, əslində, İ.Qəmbərova acıq verməklə yanaşı, həmçinin də, öz maraqlarını təmin etməyə çalışır. Bu baxımdan da, R.Arifoğlu R.Quliyevin köçürmə romanını dərc etməklə, daha çox ona yaranmağa çalışır. O, düşünür ki, R.Quliyev ABŞ-da müəyyən qədər biznes imkanlarına malikdir və bundan yararlanmaq şansını əlindən buraxsa, heç də yaxşı olmaz. Sadə dildə desək, R.Arifoğlu pul qoparmağın asan yollarını həmişə çox gözəl müəyyənləşdirə bilir.
Tapdıq Qurbanlı