PDF Oxu

Müxalifət

  • 8

AXCP (i) Qənimət Zahidovu “müdafiə” etməklə hansı məqsədi güdür?

AXCP (i) Qənimət Zahidovu “müdafiə” etməklə hansı məqsədi güdür?

Son vaxtlar AXCP (i)-də cərəyan edən partiyadaxili olaylar bilavasitə bu siyasi təşkilatın "ruporu" sayılan "Azadlıq" qəzetinə də sirayət edir. Belə ki, müxtəlif qruplaşmaların məhz həmin qəzetdə aşkar şəkildə mübarizə aparmaları deyilənləri təsdiq edir.

Bu, həm də onu deməyə əsas verir ki, Əli Kərimovun "Azadlıq" qəzeti ilə hazırda ciddi konfliktləri mövcuddur. Buna misal kimi, adıçəkilən mətbu orqanın baş yazarı Qənimət Zahidovun AXCP (i) sədri ilə yaranmış soyuq münasibətləridir. Xatırlatmaq yerinə düşərdi ki, Q.Zahidovun qardaşı- qəzetin eks-əməkdaşı Mirzə Sakit həbsdə olarkən, Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gill onun adına 10 min avro civarında pul göndərmişdi. Lakin sonradan həmin məbləğ AXCP (i) sədri tərəfindən mənimsənmiş və ünvana çatmamışdır. Daha sonra Norveçin digər beynəlxalq QHT-si M.Sakitə 15 min avro göndərmiş, ancaq bu vəsait də "Azadlıq" jurnalistinə çatdırılmamışdır. Nəticədə bəlli olmuşdur ki, ümumilikdə, 25 min avro dəyərində məbləğ bilavasitə AXCP (i) sədri Ə.Kərimovun şəxsi hesabına yönəlib. Daha dəqiq desək, M.Sakitin və ya qardaşı Q.Zahidovun bank hesabları olmadığından, pullar birbaşa Ə.Kərimovun hesabına yatırılmışdır. O, pulları ünvanına çatdıracağına söz versə də, həmin vədinə xilaf çıxaraq, buna əməl etməyib. Nəticədə M.Sakiti müdafiə edən Q.Zahidov da Ə.Kərimova qarşı "cəbhə" açaraq, onu siyasi dələduz adlandırmışdı. Bundan sonra isə vəziyyət yuxarıda qeyd etdiyimiz hala qədər gəlib çıxmışdır. Yəni düşmənçilik öz sözünü artıq deyib. M.Sakit "Azadlıq" qəzetində çalışmamaqla yanaşı, AXCP (i)-ni kəskin tənqid edən tərəf çevrilib.

Q.Zahidova gəlincə isə, baş redaktor qardaşının başına gətirilən oyunların öz başına da gələcəyini yəqin edərək, indidən öz hazırlıq proseslərinə başlayıb. Məsələ ondadır ki, baş redaktor bu yaxınlarda öz ailəsini xaricə göndərib və onun özünün də gedəcəyi barədə məlumatlar əldə edilməkdədir. Belə ki, inanılmış mənbədən verilən informasiyaya görə, AXCP (i) rəhbərliyi Ə.Kərimov başda olmaqla, Qənimət "bəyin" partiyadan getməməsi istiqamətində müəyyən işlər aparır. Lakin aparılan bütün danışıqlar öz nəticəsini verməməkdədir. Məsələn, partiya rəhbərliyi digər ona yaxın olan qəzetlərdə guya Q. Zahidovun "təqib" olunduğunu yazırlar. İddia edirlər ki, Q.Zahidov hakimiyyət dairələri tərəfindən beş aydır ki, "təqib" olunur (?!)

Amma ortaya sual çıxır ki, əgər Q.Zahidov "yazdıqları məqalələrə" görə təqib olunursa, hanı onun beş ay ərzində "gün işığı görmüş" məqalələri?

Axı bu adam beş aydır ki, nəinki məqalə yazmır, heç içki içməkdən belə ayılmır. Hətta qəzetin idarəçiliyi də qeyri-rəsmi olaraq, digər şəxslərin əlindədir.

Başqa tərəfdən isə, ehtimal etmək mümkündür ki, partiya sədri Ə.Kərimov əlindən yağlı tikələrin verilməsini istəmir. Daha dəqiq desək, o, Q.Zahidov kartını əlindən verməklə, yazılı "ruporunu" itirmiş olacaq. Məhz onun və qardaşının vasitəsi ilə Ə.Kərimov öz "siyasətini" yürüdür, xarici təşkilatlardan pul qoparmağa nail olurdu. Həmçinin, Q.Zahidovun ailəsinin ardınca xaricə getməsi bütövlükdə AXCP (i) üçün sarsıdıcı zərbə olacaq. Çünki hər halda xaricə getdikdən sonra nə Q.Zahidov, nə də ki, M.Sakit partiya sədrini və partiyanı tərifləməyəcəklər. Əksinə, həm siyasi təşkilata, həm də onun rəhbərinə qarşı öz aqressiyalarını nümayiş etdirəcəklər. Bu isə Avropadan göndərilən qrantların, pul köçütmələrinin qarşısını kifayət qədər almış olacaq. Yazar qardaşlar xaricdəki maddi vəsait göndərən mənbələri inandırmağa çalışacaqlar ki, Ə.Kərimov öz partiya strukturunda avtoritar rejim yaradıb və "hamısı mənim" prinsipi ilə "siyasət" yürüdür. Onlara verilənlər isə sadəcə yalan və boş vədlərdir. Sonda onu da vurğulamaq yerinə düşərdi ki, artıq bu hadisə və buna bənzər olaylar "Azadlıq" qəzetində davamlı xarakter alıb. Qəzetin bir neçə əməkdaşı da Ə.Kərimova etiraz edərək, həmin mətbu orqandan uzaqlaşacaqlarını bildiriblər. Qısası, partiyada olduğu kimi, onun yazılı mətbuatında da ciddi deformasiyalar yaranıb ki, bu da oradakı vəziyyəti aşkar şəkildə ifşa edir.


RÖVŞƏN

Digər xəbərlər