Müsavat partiyasının başqanı İsa Qəmbərovun sədrlik postundan istefa məsələsi qaldırılan gündən təşkilatdaxili qarşıdurmaların daha da artması, ziddiyyətli tərəflərin bir-birini günahlandırması adıçəkilən siyasi qurumda adi hala çevrilib. Bölgələrdə "fəaliyyət" göstərən rayon partiya təşkilatlarının və fəalların kütləvi istefaları başqanın vəziyyətini daha da qəlizləşdirib.
Belə ki, onsuz da "reputasiya"sını qeyd etmiş İsa Qəmbərov ətrafında qalmış üç-beş nəfərdən kömək umaraq mədəd diləyir. Əlbəttə ki, azlığın çoxluğa tabeçiliyi tendensiyasını nəzərə alıb deyə bilərik ki, həmin üç-beş nəfərin İsa Qəmbərova "etimad" göstərməsi məsələni kökündən həll etmir. Yəni kütləvi istefa verənlərlə onların arasında çox böyük fərq var. Bu baxımdan da Qəmbərovun öz postunda qalma cavabları öz nəticəsizliyi ilə sonuclanacaq. Təbii ki, ortada başqa amillər də mövcuddur və bu amillərdən biri də müxalifət düşərgəsində "ana müxalifət" partiyası olmaq uğrunda baş qaldırmış ölümcül mübarizənin acı nəticələridir. Seçkilərdən-seçkilərə qədər davam edən düşüncə reallıqları daxilində gah bir, gah da iki partiyanın "ana müxalifət" olması düşərgədaxili arenada parçalanmalarla, istefalarla və transferlərlə müşahidə olunur. Məhz bu əsasda, Müsavat başqanının istefası məsələsi gündəmin reallığı çərçivəsində onun başının üstünü qara bulud tək alıb. Lakin hansı tərəfdən nəzər yetirsək, bir fakt öz dəyişilməzliyi ilə qalır: İsa Qəmbərovun başqanlıq postundan gedib-getməməsindən asılı olmayaraq, bütövlükdə, Müsavat partiyası iflasdan qurtarmayacaq.
"Yeni Müsavat"da "operativ" tədbirlər və "son şans" planı
Müsavat partiyasındakı qalmaqalları ört-basdır etməkdən ötrü dəridən-qabıqdan çıxan İsa Qəmbərov və onun yaxın ətrafı son ümidlərini və əlaclarını yenə də siyasi təşkilatlarına yaxınlığı ilə seçilən mətbuat orqanlarında görürlər. Lakin "qılınclarının sağının da, solunun da kəsdiyi" bir vaxtlarda mətbuatlarının baş yazarlarını heçə sayan və əlaltılarının baş yazarlarını heçə sayan İ.Qəmbərov və əlaltılarının yenidən qəzet səhifələrinə möhtac olmaları həmin baş redaktorlar tərəfindən etirazla qarşılanmışdır. Ələlxüsus da, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun ilk öncə qəti etirazları daha sonradan müəyyən şərtlər daxilində (?!) razılaşdırılmışdır. Məhz bundan sonra, İsa Qəmbərovun başqanlıq postunda qalması üçün palaz-palaz "zəhmətkeş məktubları", "xahişnamələr", "gedərsən, İsa, yola sallam, gələrsən, qadan allam" tipli yazılar dərc olunmağa başladı. Bütün bunların müqabilində isə Rauf Arifoğlunun Qəmbərov qarşısında qoyduğu şərtlərdən ən birincisi "son şans" şərtidir. Əldə etdiyimiz məlumatlara görə, bir neçə gün öncə dövri mətbuatların birində Müsavat başqanının "asıb-kəsən", onu bütün hallarda günahkar bilən "Yeni Müsavat"ın baş yazarı "son şans" planı dedikdə, Qəmbərovun bundan başqa heç bir şansının olmadığını nəzərinə çatdırıb. Daha dəqiq desək, əgər başqan "Yeni Müsavat" qəzetində onun üçün yaradılmış axırıncı şəraitdən öz xeyirinə istifadə edə bilməsə, mütləq istefaya getməlidir. Əks halda, "Yeni Müsavat" qəzeti sükanı geri çevirərək, bütün "pozisiyalardan" Qəmbərovu vurmağa başlayacaq. Yuxarıda qeyd etdiyimiz kimi, heç bir çıxış yolu qalmayan Müsavat başqanı deyilənlərlə razılaşmağa məcburdur. Nəticə etibarilə vurğulamaq mümkündür ki, Müsavat partiyasının iflası, eyni zamanda, İsa Qəmbərovun istefası və həmin təşkilatdan ayrılan eks-müsavatçıların siyasi fəaliyyətdən kənarda qalması, həmçinin, başqa partiyalara səpələnmələri ilə sona yetəcəkdir.
Baş verən hadisələrdən başı gicəllənən başqan artıq özü də postu yarımçıq tərk etmək niyyətini gizlətməyib. Lakin onu bu postda saxlayan gücdən, yəni gəlir və qazancdan imtina etmək iqtidarı yoxdur. Qaldı ki, qurultayın payızda keçirilməsinə, demək olar ki, bu plan da fiaskoya uğrayacaq və belə bir vəziyyətdə İ.Qəmbərovun daha tez getməsi artıq bir gerçəkliyə çevrilməkdədir.
Rəfiqə Hüseynova