Cəmiyyət tərəfindən qəbul olunmayan müxalifət liderləri rəhbərlik etdikləri partiyalar daxilində mövqe sahibi deyillər. Bunun da səbəbi partiya sədrlərinin düşünülməmiş səhv siyasət aparmalıdır. Məhz bu siyasətin acı nəticəsidir ki, partiyalar ölkədə keçirilən seçkilərdə ciddi uğur belə qazana bilməyiblər.
Bu azmış kimi, partiyalara cəmiyyətdə inamsızlıq mövcuddur. Yalnız radikal müxalifət partiyalarını xarici maraqlı qüvvələr bu və ya digər formada dəstəkləyir ki, bunun da hər kəsə məlum olan konkret səbəbləri mövcuddur. Yəni "əl-əli yuyar, əl də üzü" prinsipinə uyğun olaraq, xarici maraqlı qüvvələrlə radikal müxalifəti birləşdirən eyni maraqlar mövcuddur. Konkret desək, xarici qüvvələri Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsindən keçirdiyi narahatlığı aradan qaldırmaq üçün ölkədə ictimai-siyasi sabitliyə xələl gətirmək, radikal müxalifəti isə maddi durumlarını yaxşılaşdırmaq üçün maliyyə yardımları almaq. Dəfələrlə eyni maraqların kəsişməsi nəticəsində AXCP (i), Müsavat, AMİP və ADP kimi partiyalar Bakı şəhərində və regionlarda qarşıdurmalar yaratmağa və pozuculuq aktları həyata keçirməyə səylər göstəriblər. 2003-cü il 15-16 oktyabr iğtişaşları, 2005-ci il 26 noyabr qarşıdurması, eləcə də, 2011-ci il aprelin 2-də keçirilən icazəsiz aksiyanın iştirakçılarının məhkəmə prosesində tapşırıq və göstərişlərin xaricdən gəldiyi üzə çıxıb.
Müşahidələrə və ictimai rəyin ümumi qənaətinə əsasən, o fikrə gəlmək olar ki, "İctimai Palata" deyilən qondarma qurumun "Yol xəritəsi" planı elə kağız parçası olaraq qalacaq. Çünki 20 illik siyasi fəaliyyətləri ərzində radikal müxalifət liderləri bəlkə də 20 min təklif və ideya irəli sürüblər. Amma bu ideya və təkliflər elə düşərgə təmsilçilərinin əksəriyyəti tərəfindən qeyri-ciddi təklif olduğundan, rədd edilib. Bu nöqteyi-nəzərdən də ənənənin dəyişməyəcəyi şübhəsizdir. Elə gözlənilən kimi də proseslər müşahidə olunmaqdadır.
ADP sədri Sərdar Cəlaloğlu bizimlə söhbətində "İctimai Palata"nın irəli sürdüyü "Yol xəritəsi" ideyasını AXCP (i) ilə Müsavatın öz maraqlarını həyata keçirmək üçün irəli sürdükləri qeyri-ciddi ideya kimi dəyərləndirib. S.Cəlaloğlu bu ideyanın reallaşmasının qeyri-mümkün olduğunu da söyləyib. Fikrini də onunla əsaslandırıb ki, "Yol xəritəsi" layihəsi başdan-ayağa cəmiyyətin bölünməsinə, siyasi düşərgənin bir neçə qütbə bölünməsinə xidmət edir. S.Cəlaloğlu onu da bildirib ki, "İctimai Palata"nın çox böyük bəh-bəhlə təriflədiyi "Yol xəritəsi" ideyası beş il bundan əvvəl Azərbaycan Demokratik Partiyası tərəfindən irəli sürülmüşdür: "O zaman İ.Qəmbərov və Ə.Kərimov bizi hakimiyyətin maraqlarını ifadə etməkdə günahlandırmışdılar. İdeyanı qəbul edərək müzakirə etməkdən imtina edən AXCP (i) ilə Müsavat beş il sonra həmin layihəni oğurlayaraq fərqli redaktədə cəmiyyətə sırımağa çalışırlar. Birmənalı şəkildə deyə bilərəm ki, oğurluq ideyanın ictimai dəstək qazanması qeyri-mümkündür".
İ.ƏLİYEV