Radikal müxalifət liderlərinin apardığı səhv siyasət müxalifətin birlik modelini ortaya qoymasına ciddi problemlər yaradır. Təbii ki, bu da müxalifətin parçalanmasına, partiyaların sıradan çıxmasına səbəb olur. Nəzər yetirsək, görərik ki, bugünkü siyasi reallıqda müxalifət düşərgəsi bir neçə yerə parçalanaraq, müxtəlif qütblərdə fəaliyyət göstərir. Bu mənada, müxalif qüvvələrin icazəsiz aksiyalar keçirməsi və hansısa tədbirlər planlaşdıması fiaskoya uğrayacaqdır.
Birmənalı şəkildə demək olar ki, "İctimai Palata"nın "Yol xəritəsi" adlı qondarma layihəsi heç vaxt real olmayacaq. Çünki həmin radikal müxalif qüvvələr bu kimi ideyalarının dəstəklənməsi üçün sosial bazaya malik deyillər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Zöhrab Abdullayev bizimlə söhbətində bildirdi ki, radikal müxalifətin aksiya keçirməyə nə imkanı, nə də sosial bazası var:
- Bildiyimə görə, radikal müxalifət qüvvələri aksiyalar keçirməkdən imtina edib. Çünki bu aksiyaların keçirilməsi ilə bağlı bəzi müxalif qüvvələrin öz aralarında müəyyən narazılıqlar var idi. Bu da onu göstərir ki, onlar bu aksiyaları keçirməyə hazır deyillər. Radikal müxalifət liderlərinin ölkədə "inqilab edəcəkləri" kimi çağırışlar etmələri xarici maraqlı qüvvələrin sifarişi ola bilər. Düşünürəm ki, ölkədə icazəsiz aksiyalar keçirməklə nəyə isə nail olmaq mümkün deyil. Yəni, ölkədə radikal müxalifət qüvvələri hay-küy salaraq heç nəyə nail ola bilməyəcəklər. Fikrimcə, bu kimi qüvvələrin belə hərəkətlərlə çıxış etmələri ictimaiyyətin diqqətini çəkməkdən ibarətdir. Bir sözlə, onların bu cür əməllər törətmələri hər hansı bir nəticə verəcəyini düşünmürəm. Son vaxtlar radikal müxalifət liderlərini yorğanı öz tərəflərinə çəkmək istəyi kimi bir çox çabaları var. Hazırda fəaliyyətsiz vəziyyətdə olan radikal müxalifət qüvvələri bu və ya digər formada çıxışlar edərək, həm ictimaiyyətin, həm də xarici qüvvələrin diqqətini özlərinə çəkmək istəyir. Xüsusi olaraq da, ərəb dünyasında baş verən proseslərdən sonra nə isə gözləyirlər. Amma həmin radikal müxalifət qüvvələrinin gözlədikləri reallaşmayacaq.
G.AĞAKƏRİMOVA