Bütün dünyada, eləcə də, postsovet məkanında son illərdə baş vermiş bir çox hakimiyyət dəyişikliyində "Soros" Fondu ilə Açıq Cəmiyyət İnstitutu kimi qurumların önəmli rol oynadığı hər kəsə məlumdur. Belə "beynəlxalq" təşkilatlar Ukrayna, Qırğızıstan və Gürcüstandakı hakimiyyət dəyişikliyi prosesinin, Misir, Liviya kimi ölkələrdə vətəndaş müharibələrinin təşkili və maliyyələşdirilməsində bir başa iştirak ediblər. Azərbaycanda bunu etmək istəyirdilər, amma...
Dünya xalqlarının boğazındakı qanlı caynaqlar
Qərb ölkələrinin nəzarətində olan bir sıra fondlar və "beynəlxalq" təşkilatlar bir çox ölkələrdə hakimiyyət dəyişikliyi ilə üçün həmin ölkələrdəki radikal müxalifət partiyalarını və ictimai qurumları maliyyələşdirməklə məşğul olur. Ukraynada, Gürcüstanda, Qırğızıstanda və digər ölkələrdə "Soros"un fitvası ilə baş verən iğtişaşların və çevrilişlərin bu ölkələrin xalqlarına necə baha başa gəldiyi ortadadır.
Postsovet məkanında işlədilən məşhur ifadə var- ingilis barmağı. Bax, həmin o barmağın müdaxilə etdiyi yerdə heç bir xeyir iş ola bilməz. Olsa-olsa, o ölkələri Qərbin imperialist dairələrinin təsiri altına almaq, həmin ölkələri istismar etmək, onların xalqlarını mümkün qədər sürətlə sümürmək məqsədi ola bilər.
Bir zamanlar dünyada güc balansı var idi, SSRİ dünyanın ən qüdrətli dövləti olaraq ABŞ-ın və Avropanın dünya xalqlarının başına açdığı oyunlara biganə qalmır, bir çox yerlərdə "ingilis barmağı"nı sındırırdı. Məhz bu üzdən Qərb imperializmi bütün gücünü Sovet İttifaqını dağıtmağa qoydu və sonda buna nail oldu.
İndi meydan boşdur, bunların qarşısında dayanmaq qüdrətində olan bir qüvvə belə yoxdur. O üzdən dünya ölkələrinə rahatca müdaxilə edir, iğtişaşlar, qırğınlar salır, əhalini bir-birinə qırdırır və sonda istismarçı siyasət işə düşür. Özünü dünya jandarmı kimi aparan dövlət və onun söykəndiyi imperializm qanlı caynaqlarını dünya xalqlarının boğazından çəkmir. Nəticədə, sözün həqiqi mənasında, qan su yerinə axır, qan axan bu kanalın adını da "özgürlük" qoyublar nədənsə...
Köhnə ingilis taktikası Azərbaycanda niyə işə yaramadı?
Azərbaycanda uzun illər böyük pullar xərcləyib, böyük layihələr həyata keçirən Qərb dairələri, ya da böyük molla şəbəkəsi yaradıb, yüzlərlə qəzet-jurnal, sayt saxlayan İran sonda uğursuzluğa uğradı. Amma "bizimkilər" onlara arxalarında böyük xalq kütlələrinin dayandığını, cəmiyyətə böyük təsir imkanlarının olduğunu demişdilər. Köhnə ingilis taktikası- "parçala, hökm et" siyasəti Azərbaycanda işə yaramadı. Bu planı həyata keçirmək üçün bir Tanrı bilir nə oyunlardan çıxdılar. Öncə etnik zəmində qarşıdurma yaratmaq istədilər alınmadı, sonra dini zəmində, yenə alınmadı. İndi də siyasi zəmində cəmiyyətdə qarşıdurma yaratmaq işinə başlayıblar.
Bir neçə ay öncə "verbovka" olunmuş dindarları küçələrə çıxarmaqla ölkədə iğtişaş yaratmaq istəyəndə, bizim cəmiyyət vahid mövqe ortaya qoydu və bildirdi ki, biz dünyəvi dövlətik, kim dini diktatura hökm sürən ölkədə yaşamaq istəyirsə, buyursun İrana, ya da Səudiyyəyə. Amma bunlar getmədilər. Çünki həmin ölkələrdə normal insan kimi yaşamağın mümkün olmadığını yaxşı bilirlər. Demək, bunların davası din davası deyil, dən davasıdır. Öz aramızdır, bizim müxalifət də ağ eləyib. A balam, o boyda ingilisin pulunu basıb yeyirsiniz, amma düz-əməlli bir şou göstərə bilmirsiniz. Ayıb deyilmi, Con əmi pulu yerdənmi yığır? Müftəxorlar!
Bax elə yaxşı eləyib son vaxtlar sizdən üz döndəriblər. Görün nə gündəsiniz ki, Ağ Evdəki qara ağalarıniz sizi öz nəzarətlərində olan radikal dini terror təşkilatlarının nəzarətinə verib. Yəni, siz bizim təşkilatlarla görüşmək səviyyəsində deyilsiniz, gedin saqqallı terrorçularla danışın, bəlkə onlar sizə kömək etdilər.
Əgər artıq çirkin planlarınızı həyata keçirmək üçün ümidiniz vəhabilərə, nurçulara, radikal şiələrə, "Hizbullah", "Taliban" kimi terrorçu təşkilatlara qalıbsa, onda ərəblər demiş, vay sizin halınıza. Ərəblər demişkən, indi ağalarınızın bəzi ərəb ölkələrində başladığı təcavüz prosesindən ruhlanıb, elə bilirsiniz, siz də burada həyasızlıq salıb ölkəni qarışdıracaqsınız, Con əminiz də gəlib sizi hakimiyyətə mindirəcək? Ay-hay, ölmüşdü Xankişi! Keçən dəfə 5-10 gənci qızışdırıb saldınız ortalığa, şou göstərdiniz, amma bu konsert ağalarınızın o qədər də xoşuna gəlmədi, deyəsən. Çünki aksiyaya xalqdan heç kim qatılmadı. Xalq adına bircə jurnalistlər var idi, onlar da öz peşə borclarını yerinə yetirirdilər. Sadəcə, bəzi qəzetlər çaşıb oraya şou-biznes müxbirlərini yox, reportyorlarını göndərmişdi, o üzdən də bu haqda xəbərlər siyasi bölmədə getdi. Eybi yoxdur, növbəti konsertdə bir az maraqlı proqramla çıxış edərsiniz, bəlkə ağalarınız 5-10 dram... pardon, dollar artıq göndərdi.
Elçin Bayramlı