PDF Oxu

Müxalifət

  • 10

“Yeni Müsavat” və Rauf Arifoğlunun yırtılmış maskası

“Yeni Müsavat” və Rauf Arifoğlunun yırtılmış maskası

Son vaxtlar "Yeni Müsavat" qəzetinin Azərbaycan Ordusunu "hədəfə" götürməsi və özünü guya silahlı qüvvələrin təəssübünü çəkən vətənpərvər bir mətbu orqan kimi göstərməsi istər ölkə ictimaiyyətinin, istərsə də ordu mənsublarının ciddi narazılığına səbəb olmuşdur. Məsələ burasındadır ki, "Yeni Müsavat" qəzetinin səhifələrində dərc olunanlar, nəinki həqiqəti əks etdirmir, hətta sözün həqiqi mənasında, təxribat niyyəti daşıyır. Sabiq hərbi komissar Bəhmən Nəsibli ilə bağlı bu qəzetin yaratdığı şou sözə və söz sənətinə "Yeni Müsavat"ın növbəti ikrahdoğuracaq töhfəsi, namərdcəsinə arxadan vurulan zərbəsidir.

Bütün bunların kökündə "Yeni Müsavat"ın şəxsi maraqlarına xidmət edən bir sıra ciddi məqamların mövcudluğu da özünü açıq-aydın göstərir. Bu sırada qəzetin baş redaktoru R.Arifoğlunun şəxsən canfəşanlıq göstərməsi xüsusilə diqqəti çəkən məqamlardandır. Yeri gəlmişkən, "Yeni Müsavat"ın səhifələrində şəxsi maraqlardan qaynaqlanan kifayət qədər yazılar dərc olunub. Məsələn, ötən seçki ərəfəsində 28 saylı Sabunçu seçki dairəsindən namizədliyi irəli sürülən Eldar Quliyevlə bu qəzetin arasında yaranan qarşıdurmanı qeyd etmək yerinə düşər. E.Quliyev barəsində həqiqətə uyğun olmayan, şər-böhtanla dolu yazılarla çıxış edən "Yeni Müsavat" ikinci tərəfin dəfələrlə etdiyi xəbərdarlıqdan məhkəmə prosesinə qədər bir nəticə çıxarmadı. Və yalnız problem hüquqi müstəvidə müzakirə olunanda, tərəflər sakitləşdilər. Düzdür, Rauf Arifoğlu əvvəlcə bu məhkəmə prosesini ölkədə guya söz azadlığına təpki kimi qiymətləndirdi, ancaq sonradan tamamilə özgə biçimdə danışmağa başladı. Və öz günahını ört-basdır etməyə çalışaraq, bildirdi ki, guya "Azərittifaq"ın keçmiş işçiləri "Yeni Müsavat"a dezinformasiyalar ötürübmüşlər. Bununla da, R.Arifoğlu dəqiqləşdirilməmiş informasiyaların rəhbərlik etdiyi qəzetdə dərc olunduğunu tamamilə boynuna aldı. Necə deyərlər, "səhv eləmişəm" ərizəsini yazdı və "Yeni Müsavat"ın səhifələrində E.Quliyev barəsində gedən məqalələrə son qoyacağına söz verdi. İndi də ordu haqqında kimlərinsə sifarişini yerinə yetirən "Yeni Müsavat" və onun baş redaktoru R.Arifoğlu əyninə "vətənpərvər" libası geyinib, öz "ağası"nın qarşısında quyruq bulayır.

Sual oluna bilər: Rauf Arifoğlu, sən hansı vətənpərvərlikdən danışırsan ki, Ümummilli Liderimiz Heydər Əliyevlə redaktorların görüşündə əslən Qarabağdan olan və hərbi xidmətdən boyun qaçıran fərari bir əməkdaşının məsuliyyətdən azad edilməsini xahiş etmisən?! Budur sənin əxlaqın. Budur sənin mənəviyyatın! İndi deyə bilərsənmi, ordu əleyhinə apardığın bu qara piar kampaniyasının maddi dəstəyini kimlərdən alırsan?..

Sən namaz qılırsan, guya Allah adamı, dindarsan. "Yeni Müsavat" qəzetinin arxivinə bax, onda özünü daha yaxşı tanıyacaqsan. Görəcəksən ki, dünyasını dəyişməmiş insanın ölümünə sevinirsən. Bu, həm islam, həm də bəşəri əxlaq çərçivəsinə sığmır. Söhbətin kimdən getdiyini, yəqin ki, başa düşürsən!

Sən həmin Rauf Arifoğlusan ki, dədə-baba torpaqlarından deportasiya olunmuş Qərbi azərbaycanlıları öldürüb dənizə atmaq kimi iyrənc və ləyaqətsiz bir təkliflə çıxış etmisən. Kamil Tağısoyla sənin aranda olan məşhur hadisələr hələ də cəmiyyətin yaddaşından silinməyib.

Adını çəkmək istəmədiyim nüfuzlu xarici şirkət tərəfindən verilən külli miqdarda maddi vəsaitlə Azərbaycanın milli maraqlarına düşmən kəsilən bu adam həmin şirkətin maliyyə dəstəyilə istər dövlət, istərsə də ictimai xadimlərin əleyhinə qara piar kampaniyasına başlayanda da, ancaq öz şəxsi ambisiyalarını güdürdü. Bir müddət öncə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla Şamo Arif arasında xoşagəlməz polemikaya öz qəzetinin səhifələrində geniş yer verən R.Arifoğlu "onların bir-birini təhqir etməsi, əlbəttə ki, üzücü prosesdir, lakin olduqca maraqlıdır və bu səbəbdən də özünə tribuna tapır" deməklə, əslində, öz daxili keyfiyyətlərini bir daha ortaya qoydu. Ucuz sensasiya və populizmlə məşhurlaşmaq Rauf bəyin əsas mübarizə üsuludur. Mətbuat şurasının Anarla Şamo Arif arasındakı qarşılıqlı ittihamlara qəzet səhifələrində yer verməməyə çağırması və buna adıçəkilən qəzet redaktorunun verdiyi cavab dediklərimizə əyani sübutdur. Şəxsi maraqları naminə, hətta milli separatizmdən də çəkinməyən R.Arifoğlunu pozuq daxili simasını görmək istəyənlər üçün onun aşağıdakı sözlərini oxumaq kifayətdir: "Anar türk milliyyətçisidir. Mənim dilimin, ölkəmin və millətimin var olması, inkişafı və böyüməsi üçün çox işlər görüb. Şamo müəllim də milliyyətçidir. Lakin o, bir kürd milliyyətçisidir. Uzun illərdir ki, şüurlu şəkildə, bacardığı qədər kürdçülüyü təbliğ edir".

Vaxtilə "İctimai Palata"nın üzvləri razılaşdırılmamış bir aksiyada həbs olunmuşdular. "İctimai Palata"nın təmsilçisi və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, bu palatanın üzvləri məhkəmə qarşısında cavab verərkən, yenə də öz ampluasında idi. Məlum aksiyada həbs olunan şəxslər təcridxanada saxlanıldıqları günlərdə R.Arifoğlu guya Yesentukidə müalicə olmaq adı ilə aradan çıxmışdı.

Əslində isə, sonradan məlum oldu ki, məhkəmə prosesinin getdiyi günlərdə cənab Arifoğlu müalicədə deyildi, Türkiyədə Quş adsında özü üçün bala-bala istirahət edirdi.

Beləliklə, özünü radikal və qətiyyətli mövqe sahibi kimi cəmiyyətə sırımağa çalışan bu mətbu orqan və onun baş redaktoru, əslində, çıxış etdiyi yazılarla öz mövqesizliyini dəfələrlə faş edib. Çünki bu baş redaktor üçün tutduğu mövqe yox, qazandığı paranın fərqi var. Siması kimi tez-tez "dost-düşmən" heyətini də dəyişəndir. Bir vaxtlar hakimiyyətdə təmsil olunanlar - Əli İnsanov, Fərhad Əliyev, Sirus Təbrizli və başqaları indi düşmən cəbhəsindən çıxıb dost səngərində, necə deyərlər, "Yeni Müsavat"ın süfrəsinin başında əyləşiblər. Burada da heç bir prinsipial mövqe və sima görünmür. Vaxtilə Əli İnsanov parlamentdəki çıxışların birində demişdi ki, Rauf Arifoğlunun başını kəsib futbol topu kimi vurmaq, atmaq lazımdır. Maraqlıdır, necə oldu ki, sabiq nazir sonradan "Yeni Müsvat"ın bəzəyinə çevrildi. Yaxud başqa bir misal: bir zamanlar Rauf Arifoğlu İsa Qənbərovun müavini kimi öz qəzetində Əli Kərimovun hakimiyyətin agenti kimi ittiham etmişdi. Yazmışdı ki, xarici kəşfiyyatdan pul alarkən tutulan Əli Kərimov bu yolla sonradan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub. O vaxt bu ittihamlara dözməyən Əli Kərimli hətta baş prokurora müraciət də ünvanlamışdı. Görəsən, sonra nə baş verdi ki, Əli Kərimov da "Yeni Müsavat"ın dostuna çevrildi!

Vaxtilə tanış jurnalistlərdən biri Rauf Arifoğlu haqqında demişdi ki, qəzet baş redaktorun simasıdır, sifətidir. Güzgüdə özünə baxsan, buna inanar və qəzetinin hansı gündə olduğunu apaydın görərsən!

Bütün bunlar, yazmaq və demək istədiklərimizin ancaq müəyyən bir qismidir. Təəssüf ki, R.Arifoğlu kimilər üçün dövlət və dövlətçilik, Vətən və xalq kimi anlayışlar yalnız öz şəxsi maraqlarını təmin etməkdən ötrü lazımdır. Ancaq nə yaxşı ki, nə Azərbaycan mətbuatı, nə də Azərbaycan jurnalistikası yalnız "Yeni Müsavat"dan və Rauf Arifoğlundan ibarət deyil. Bu gün Azərbaycanda Rauf Arifoğlundan fərqli olaraq, sözün həqiqi mənasında, Silahlı Qüvvələrimizə inanan və böyük ümidlər bağlayan kifayət qədər kütləvi informasiya vasitələri var. Bu insanların ən böyük arzusu Rauf Arifoğlu kimi var-dövlət qazanmaq və bundan ötrü buyuruq quluna çevrilmək deyil, Vətənimizi azad və firavan görmək, düşməni torpaqlarımızdan geri oturdacaq Azərbaycan Ordusuna mənəvi dəstək olmaqdır.


İbrahim RÜSTƏMOV, əməkdar jurnalist

Digər xəbərlər