Məlum olduğu kimi, radikal müxalifətin mart-aprel aylarında keçirdikləri icazəsiz aksiya iştirakçılarının məhkəmələri davam etməkdədir. Belə ki, bu dəfə Müsavat başqanının müavini Arif Hacıyevin növbəti məhkəmə iclası keçiriləcək ki, həmin iclasda müəyyən cinayət tərkibli əməllərin törədilməsi və gənclərin icazəsiz aksiyaya qatılması prosesində onun şəxsi əməlləri üzə çıxarılacaqdır.
Xatırladaq ki, Bakı şəhərinin müxtəlif mərkəzi yerlərində keçirilmiş aksiya nəticəsində dükanların, iaşə obyektlərinin, eləcə də, digər ofis və idarələrin şüşələri sındırılmış, həmin müəssisələrə ciddi ziyan dəymişdi. Eyni zamanda, vətəndaşların da həyati təhlükə yaşadıqları məlum olmuşdur ki, burada da A.Hacıyevin, bilavasitə, iştirak etməsi müxtəlif şahidlər tərəfindən təsdiq olunub.
Lakin maraqlı nüanslardan biri də odur ki, həmin məhkəməyə Müsavat başqanı İsa Qəmbərov da "təşrif buyuracaq" və bir növ, müavini A.Hacıyevi "təmizə" çıxarmağa cəhd edəcək. Çünki bu, reallaşması mümkün olan proqnozdur. Belə ki, İ.Qəmbərovun bu vasitə ilə cinayətkarı müdafiə etməsi fakt kimi isbatlanmış olur. Onu da qeyd etmək mümkündür ki, Müsavat başqanı məlum aksiyalardan öncə dəfələrlə müvafiq hüquq-mühafizə orqanlarına çağırılaraq ifadə vermiş və ona bildirilmişdi ki, əgər hər hansı bir cinayət əməli, qeyri-qanuni hərəkətlər törədilsə, istənilən şəxs qanun qarşısında cavab verməlidir. Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, İ.Qəmbərov xarici ağaları qarşısında götürdüyü öhdəliklərdən pul-para qazanmaqdan ötrü onu "dəstəkləyən" insanların barmaqlıqlar arasına düşməsinə rəvac verdi. Nəticədə, "zəhərlənmiş" gənclərlə birlikdə onları "zəhərləyən" A.Hacıyev də məhkəməyə düşdü. Bu məhkəmənin nəticəsi isə, təbii ki, qanunamüvafiq şəkildə bəlli olacaq. Yəni, A.Hacıyevin həbs olunması proqnozu gerçəkləşməklə, ədalət öz yerini tapacaq.
İ.Qəmbərova gəldikdə isə, əminliklə demək mümkündür ki, əgər bu adam ermənilərlə işbirliyini inkar etmirsə, demək, cinayətkar aləmi də qəbul edir. Bu isə, onun özünün cinayət əməllərinə meyilliliyini sübut edən amillərdəndir. Hər halda, məhkəmənin nəticəsi bəlli olacaq və İ.Qəmbərovun qara-qışqırıqlarına da son qoyulacaq. Çünki tez bir zamanda, onun da məhkəmə qarşısında cavab verəcəyini söyləmək olar. Ən azından, Azərbaycan xalqı qarşısında xəyanətkar mövqe tutduğuna görə.
R.RƏSULOV