PDF Oxu

Müxalifət

  • 8

“2 aprel” dağıdıcı aksiyaçıların məhkəmə prosesi keçirildi

“2 aprel” dağıdıcı aksiyaçıların məhkəmə prosesi keçirildi

Dünən Səbail rayon Məhkəməsində radikal müxalifət düşərgəsi tərəfindən yaradılmış qondarma "İctimai Palata"nın bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı saxlanılan Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacıyev, AXCP (i) sədrinin müavini (O, hazırda zaminə buraxılıb. R.R.) Fuad Qəhrəmanlı, Müsavat partiyası gənclər təşkilatının sədri Tural Abbaslı və AXCP (i)-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib.

Məhkəmədən öncə radikallar tərəfindən yaradılmağa cəhd göstərilən süni ajiotaj

Məhkəmə başlamamışdan bir qədər öncə, bina qarşısına toplaşan qaragüruhçu toplum müxtəlif istiqamətlərdə səpələnərək, süni ajiotaj yaratmağa cəhd göstərirdilər. Belə ki, Səbail rayon Məhkəməsi önündə yerləşən istirahət parkında o tərəf-bu tərəfə veyillənən müxalifətçilər sonradan məhkəmə binasının qapısı önündə toplaşaraq, içəriyə girməyə çalışırdılar. Onlar iddia edirdilər ki, A.Hacıyev məhkəmə binasına gətirilib və "gizlədilir" (?!)

Lakin məhkəmənin başlamadığını, müttəhimlərin isə gəlmədiyini bildirən hüquq-mühafizə orqanlarının işçilərinə heç kim qulaq asmaq istəmir, müxtəlif maneələr törətməklə, aranı qarışdırmaq üçün məqam axtarırdılar. Hətta vəziyyət o dərəcəyə qədər gəlib çatdı ki, müxalifətçilər bir neçə "hüquq müdafiəçisi" olan qadını ortaya buraxıb siyasi çıxışlar etməsinə cəhdlər göstərdilər. Ancaq polis əməkdaşlarının tələbindən sonra, onlar yenidən kənara çəkilməyə məcbur oldular.


Nurəddin Məmmədli müxalifətçilərə "teatr göstərməyin" desə də, "artist özünsən" cavabını aldı

Məhkəmə iclası başladıqdan sonra, zalda əyləşən müxalifət yetkililəri öz əlaltılarına göstərişlər verməyə başladılar. Məsələn, AXCP (i)-nin sədr müavini Nurəddin Məmmədli və A.Hacıyevin qardaşı, Müsavat partiyasına yaxın olan "Demokrat" qəzetinin təsisçisi Mustafa Hacıbəyli orada əyləşən müxalifətçilərə dedilər ki, İsa Qəmbərov və Əli Kərimov zala daxil olarkən, heç kim əl çalmasın. Çünki əl çalsalar, məhkəmə prosesini poza bilərlər və zaldan uzaqlaşdırılarlar. Bu isə, təbii ki, onlara sərf etməyən durum ola bilərdi.

Lakin Müsavat başqanı İ.Qəmbərovun və AXCP (i) sədri Ə.Kərimovun verdikləri şahid ifadələrindən sonra zalda toplaşmış müxalifət qəzetlərinin jurnalistləri və "hüquq müdafiəçiləri" gah öz səviyyəsizliklərini nümayiş etdirərək, araya söz qatır, gah da çəpik çalırdılar. Ancaq ən maraqlı məqam isə ondan ibarət oldu ki, bir nəfər arxada oturan müxalifətçi "ar olsun" ifadəsini səsləndirdikdən sonra, qarşı skamyada əyləşmiş AXCP (i) yetkilisi N.Məmmədli ona sarı dönərək, "teatr göstərməyin" deyə bildirdi. Bunu gözləməyən müxalifətçi isə yavaşcadan "artist özünsən" kəlməsini işlətdi.

Sonra isə olanlar oldu...

İsa Qəmbərov cinayətkarları müdafiə etdiyini və aqressorluğunu etiraf etdi

Müsavat partiyasının başqanı İsa Qəmbərov şahid qismində ifadə verərkən dedi ki, "İctimai Palata" 2010-cu il parlament seçkilərindən sonra yaranıb. Lakin sonradan qondarma qurumun 2 aprel tarixində keçirilən mitinqlə bağlı guya hər hansı qanun pozuntusuna yol vermədiyini iddia edib. İ.Qəmbərov "qəhrəmanlıq" edərək, dedi ki, həmin mitinqlə bağlı bütün məsuliyyəti öz üzərinə götürür. Və nəticə etibarı ilə demək mümkündür ki, Müsavat başqanı "məsuliyyət" dediyi zaman həmin gün dağıdıcılığı nəzərdə tutur. Ona görə də A.Hacıyevin törətdiklərini, onun cinayətlərini də etiraf edir.

Başqa tərəfdən, "bizim tərəfdaşlarımız əsassız yerə həbs olundular" deyən İ.Qəmbərov iddia etsə də, heç kim mağazaların şüşələrini, avtobusların qapılarını sındırmayıb, nəticədə bəlli oldu ki, bütün olanlar videokameralarda həkk olunub, bütün bunlarla bağlı kifayət qədər dəlillər, materiallar mövcuddur.


Əli Kərimov bu dəfə ayrı cür hoqqa çıxardı

Müsavat başqanının ardınca, məhkəmə prosesində AXCP (i) sədri Əli Kərimov şahid qismində ifadə verib. Ə.Kərimov da icazəsiz aksiyalar zamanı iştirakçılardan heç kimin zorakılığa, qanun pozuntusuna yol vermədiyini desə də, bütün dediklərinin həqiqətə uyğun olmadığı ittihamçı prokuror tərəfindən sübuta yetirildi. Belə ki, "bir neçə video görüntülərə baxmışam, 2 aprel aksiyalarında qanun pozuntusuna polis əməkdaşları yol veriblər" deyən Ə.Kərimova isbat olundu ki, aksiyalarla bağlı onu Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb xəbərdarlıq ediblər. Bununla bağlı bildiriş təqdim ediblər. Lakin AXCP (i) sədri həmin bildirişi oxumaqdan və imzalamaqdan imtina edib. Bunu inkar etməyən Ə.Kərimov bilavasitə etiraf edib ki, müvafiq orqanların çağırışına əhəmiyyət verməyərək, aksiyaçıların dağıdıcılığa yönəlməsinə istiqamət verib. Beləliklə, o özündən bu dəfə ayrı cür hoqqa çıxarıb.

Sonda Səbail rayon Məhkəməsində "İctimai Palata"nın bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan radikal müxalifətçilərin məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul olunub. Xatırladaq ki, aprelin 4-də Səbail rayon Məhkəməsi Arif Hacıyev, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb.

Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər