Dünən Səbail rayon məhkəməsində 2 aprel icazəsiz aksiyasının təşkilatçıları və iştirakçıları olan Arif Hacıyev, Fuad Qəhrəmanlı, Tahir Abbaslı və Məhəmməd Məcidlinin barəsində CM-in 233-cü maddəsi ilə ittiham aktına görə cinayət işi üzrə iclas dövlət ittihamçısı C.Kazımovun yekun çıxışı ilə 26 sentyabr 2011-ci il tarixdə Səbail rayon məhkəməsində davam etdirildi.
Belə ki, təqsirləndirilən şəxslər ilk olaraq öz çıxışlarında istirahət hüququnun, nəqliyyatın hərəkətinin pozulmasının sərbəst toplaşma azadlığı hüququnu məhdudlaşdırmadığını bildirsələr də, irəli sürdükləri ifadələrini heç bir arqumentlə əsaslandıra bilmədilər. Dəlil və sübutlar nəticəsində, bir daha məlum oldu ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun 7-ci maddəsinə əsasən, sərbəst toplaşmaq azadlığı ictimai təhlükəsizlik mənafeləri üçün, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün xəbərdar etmək formasında məhdudlaşdırıla bilər.
Onlar bir qrup şəxsin guya toplaşmaq azadlığı adı ilə şəhərin mərkəzində nəqliyyatın normal hərəkətinə mane olmağın, digər insanların həyat tərzini və istirahətini pozmağın qanunsuz olduğunu gec də olsa anladılar.
Belə ki, Avstriyaya qarşı bir işdə Avropa Məhkəməsi bildirib ki, nəqliyyatın normal hərəkəti ilə bağlı toplantının qadağan edilməsi Avropa Konvensiyasının 11-ci maddəsini pozmadığından, əsaslı sayıla bilər.
Sonra təqsirləndirilən şəxslərin müdafiə tərəfi aksiyanın keçirilmə yerinin onların müəyyən etdiyini bildirdilər. Lakin onların bu "arqumentləri" də heç bir məntiqə sığmadı. Belə ki, prokurorun bildirdiyinə görə, xəbərdarlıq proseduru müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplantının yeri və vaxtının, küçə yürüşünün marşrutunun razılaşdırılması üçün edilir.
Eyni zamanda, məlum olub ki, İsveçrəyə qarşı iş üzrə qərarda Avropa Məhkəməsinin bildirdiyinə görə, toplaşmaq azadlığı ilə bağlı razılaşdırma prosedurunun olması bu hüququn pozulması demək deyil, vaxt, yer və nəqliyyatın idarə edilməsi üçün dövlət orqanları ilə məsləhətləşmələr aparılması zəruridir.
Təqsirləndirilən şəxslər dinc toplaşmaq azadlığını həyata keçirdiklərinə görə təqib olunduqlarını bildirsələr də, prokuror onlara çatdırdı ki, onlar guya zorakılıq niyyətində olmadıqlarını desələr də, yığıncağın keçirilmə yerinin məhdudlaşdırma dövlətin dinc toplaşmaq azadlığına pozması demək deyildir.
Belə ki, Bolqarıstana qarşı işdə Avropa Məhkəməsi qeyd edib ki, təşkilatçılar zorakılıq niyyətində olmadıqlarını bildirsələr belə, dövlətin dinc toplaşmaq azadlığını Avropa Konvensiyasının 11-ci maddənin 2-ci hissəsi ilə əsaslandırmaqla məhdudlaşdırması bu maddənin pozulması sayılmır.
Hansı ki, məhkəmədə həmin şəxslərin hərəkətlərinin dinc toplantı olması təkzib olunmuş, nəticədə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına xəsarət yetirilməsi, nəqliyyatın normal fəaliyyətlərinin pozulması, vətəndaşların istirahət hüquqlarının, ticarət və iaşə obyektlərinin iş fəaliyyətinin pozulması və onlara külli miqdarda zərər vurulması sübuta yetirilmişdir.
Aydın olmuşdur ki, 02.04.2011-ci il tarixdə qanunsuz aksiyanın "Fəvvarələr" meydanında keçirilməsi barədə Bakı şəhər icra hakimiyyətinə rəsmi yazılı xəbərdarlıq göndərilməmiş, mitinqlə bağlı müraciətə cavab onlara verilsə də, 2 gün müddətində baxılan həmin cavabdan şikayət verilməyərək, qanunsuz yol seçilmişdir.
Sonda prokuror Arif Hacıyev, Tural Abbaslı və Məhəmməd Məcidlinin 3 il müddətinə, Fuad Qəhrəmanlının isə himayəsində iki azyaşlı uşağının olması nəzərə alınmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif etmişdir.
Məhkəmə müdafiə tərəfinə çıxış üçün vaxt vermiş və iclas 28.09.2011-ci il saat 10:30-a təxirə salınmışdır.
RÖVŞƏN NURƏDDİNOĞLU