PDF Oxu

Müxalifət

  • 10

İcazəsiz 2 aprel aksiyası təşkilatçılarına hökm oxunacaq

İcazəsiz 2 aprel aksiyası təşkilatçılarına hökm oxunacaq

Dünən Səbail rayon Məhkəməsində icazəsiz 2 aprel aksiyası təşkilatçıları və iştirakçıları Arif Hacıyevin, Fuad Qəhrəmanlının, Tural Abbaslının və Məhəmməd Məcidlinin Azərbaycan Respublikası CM-nin 233-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə istintaqında müttəhim vəkillərinin çıxışları dinlənildi.

Məhkəmə başlamamışdan öncə...

Zala daxil olan bir qrup müxalifətçilər, o cümlədən, Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, Pənah Hüseynov və digər radikal müxalifət funksionerləri öz yerlərini tutduqdan sonra, salonda yer qalmadığını görən bir qrup müxalifət təxribatçıları süni ajiotaj yaratmağa çalışaraq, səs-küy salsalar da, onların bu hoqqaları nəticəsiz qaldı. Digər tərəfdən, məhkəmə salonunun qapısı qarşısında eks-Müsavat funksioneri Sülhəddin Əkbərovun da görünməsi maraqdoğurucu nüanslardan oldu. Belə ki, S.Əkbərovu görən bir neçə nəfər şəxs "onun burada nə işi var"? deyə bir-birilərinə sual verdilər. Lakin eks-Müsavatçı məhkəmə salonuna buraxılmadı.


İclasın başlamasına bir-neçə dəqiqə qalmış...

Jurnalist həmkarımla birgə öz yerimizi tutub və məhkəmə iclasının başlamasını gözləyirdik. Bu ərəfədə isə, həqiqətən də, gülüş və istehzadoğurucu məqamın şahidinə çevrildik. Məsələ ondadır ki, qarşımızda oturmuş müxalifət mətbuatının qadın nümayəndəsi digər şəxsə nə isə dedi və həmin şəxs bizə yaxınlaşaraq bildirdi ki, zalda toplaşanlar salonu tərk etməmizi tələb edirlər (?!) Bunun səbəbini soruşduqda isə, həmin qadın jurnalist bizə sarı dönərək, "siz polissiniz" deyə bizə bildirdi. Hətta kənarda dayanan başqa müxalifət təmsilçisi "yox, onlar xüsusi xidmət orqanlarının əməkdaşıdırlar" dedi və biz öz xidməti jurnalist vəsiqəmizi göstərərək, onların narahat olmamalarını xahiş etdik. Bundan sonra həmin şəxslərin hansı vəziyyətə düşdüklərini isə sadəcə təsəvvür etmək lazımdır...


Beləliklə, məhkəmə iclası başladı...

Və ilk olaraq, müttəhimlərin vəkilləri çıxış üçün hakimdən söz istədilər. Uzun və heç bir dəlillərə, sübutlara əsaslanmayan çıxışlarında Azərbaycan Respublikasının Konstitusiyasına, Avropa İnsan Haqları Konvensiyasının bir sıra maddələrinə istinad edən vəkillər, əslində, bu vasitə ilə öz müttəhimlərini müdafiə etmək yerinə, onların törətdikləri əməllərini etiraf etməklə məşğul idilər. Belə ki, irəli sürülən hər bir "iddia" öz məntiqsizliyi və əhəmiyyətsizliyi ilə nəzərə çarpırdı. Onu da xatırladaq ki, Arif Hacıyev, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində CM-nin 233-ci maddəsi ilə olan cinayət işi üzrə 26 sentyabr 2011-ci il tarixli iclasda dövlət ittihamçısı Ceyhun Kazımovun yekun çıxışı olmuşdu və həmin çıxış nəticəsində bütün faktlar öz təsdiqini taparaq, ictimaiyyətin nəzərinə çatdırılmışdı. Belə ki, prokuror çıxışında bildirmişdi ki, Arif Hacıyev, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidliyə ona görə ittiham irəli sürülmüşdür ki, onlar ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil edərək, bu cür hərəkətlərdə fəal iştirak ediblər. Nəticədə təqsirləndirilən şəxslər və müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslər öz ifadələrində istirahət hüququnun, sağlamlığın, ictimai qaydanın, nəqliyyatın hərəkətinin pozulmasının "sərbəst toplaşma azadlığı hüququ"nun məhdudlaşdırmadığını, aksiyanın keçirilmə yerinin müəyyən edilməsinin aksiya keçirmək istəyən tərəfə verildiyini, dinc toplaşmaq azadlığını həyata keçirdiklərinə görə təqib olunduqlarını bildirdiklərindən "sərbəst toplaşmaq azadlığı"na dair aşağıdakılar nəzərdən keçirilməlidir. Yəni qanuna müvafiq olaraq, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər keçirmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində təsbit edilməklə, bu hüququn həyata keçirilməsini tənzimləmək məqsədilə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun qəbul olunub və həmin qanunla bağlı Venesiya Komissiyasının qəbul etdiyi yekun rəydə onun Avropa standartlarına uyğun olması qeyd edilib. Sərbəst toplaşmaq azadlığı mütləq deyil və onun üzərində müəyyən məhdudiyyətlər qoyula bilər. Belə ki, həmin qanuna müvafiq olaraq, bu hüquq müxtəlif formalarda, o cümlədən, toplantının vaxtının yerinin və marşrutunun qabaqcadan razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanına yazılı şəkildə xəbərdar etmək formasında məhdudlaşdırıla bilər.


Bütün dəlillər əsaslı sübuta söykənir

Hələ keçən məhkəmə iclasında çıxış edən prokuror C.Kazımov aksiyanın keçirilmə yerinin müəyyən edilməsinin aksiya keçirmək istəyən tərəfə verilməsi barədə çıxış edərkən bildirib ki, "Sərbəst toplaşmaq azadlığı" haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci madəsinin 1-ci hissəsinə əsasən, toplantının keçirilməsi barədə xəbərdarlıq prosedurunun məqsədi - nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun yeri və vaxtının, küçə yürüşünün marşrutunun razılaşdırılması üçün edilməsidir: "Bu məhdudlaşdırma toplantıların yaratdığı problemlər - salamatlılıq və təhlükəsizlik məsələlərin, narahatlıqlar və ya iqtisadi itkilərin aradan qaldırılması məqsədi ilə edilir. Buna görə də, müəyyən tənzimləmə formaları, məsələn toplantı barədə qabaqcadan bildiriş vermək və ya xəbərdarlıq - sərbəst toplaşmaq azadlığı hüququna müdaxilə təşkil etmir və belə tələblər "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 11-ci maddəsinin tələblərinə zidd deyildir".

Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, insanların toplaşmaq azadlığına müdaxilə nəzərdən keçirilərkən mümkün məhdudiyyətlərin mütənasibliyi vacib məsələlərdən biridir. Zorakılıqla nəticələnməsi ehtimalı yüksək olan (hətta təşkilatçılar zorakılıq niyyətində olmadıqlarını bildirsələr belə) yığıncağın həmin yerdə keçirilməsini məhdudlaşdırma dövlətin dinc toplaşmaq azadlığına dair "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 11-ci maddəni pozması demək deyildir.

Müttəhimlərin dinc toplaşmaq azadlığını həyata keçirdiklərinə görə təqib olunduqları barədə deyilənlər məhkəmədə tədqiq olunan sübutlara təkzib olunmuş, təqsirləndirilən şəxslərin ittiham olunduqları əməlin Bakı şəhərinin mərkəzi küçələrində ictimai qaydanın, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlərin heç də dinc xarakterli aksiya olmadığı Səbail rayon məhkəməsinin digər hökmü ilə həmin əməllərə görə təqsirli bilinmiş aksiya iştirakçıları Arif Alışlı və Elnur İsrafilovun əl və ayaqla avtobusa zərbələr endirərək ziyan vurması, o cümlədən, aksiya zamanı 25 nəfər şəxsə xəsarət yetirilməsi və ayrı-ayrı şəxslərə maddi zərər vurulması ilə öz təsdiqini tapmışdır.


Hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarətlərin yetirilməsi sübuta yetirilib

Belə ki, məhkəmə baxışı zamanı zərər çəkmiş polis əməkdaşları Mais Əliyev, Ələddin Quliyev, Fikrət Nəsibov, İbrahim Qasımov, Zöhrab Nəzərov, İbrahim Əhmədov, Ramil Əhmədli, Cahid İbişov, Məmməd Məmmədov, Elşən Nuriyev, Yusif Abbasov, Elnur İmaməliyev, İdris Hüseynov, Elnur Əliyev, Afət Nəbiyev, Rafiq Həmzəyev, Rövşən Məmmədov, Sahil Rəcəbov, Mehrac Niftəliyev, Rafiq Muradov, Məcid Yusifov, İlham Zamanov, Tərlan Əhmədov və Eldar Abdulkərimov ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək 02.04.2011-ci ildə Bakı şəhərinin mərkəzində "Fəvvarələr meydanı" və ətraf ərazilərdə keçirilən qanunsuz aksiyanın qarşısının alınmasına cəlb edildiklərini aksiya iştirakçılarının ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin dayandırılması və dağılışma tələblərinə əməl etmədiklərini, əllərində olan müxtəlif əşya, qəzetə bükülü küt əşya, əl və ayaq zərbələri ilə onlara müxtəlif xəsarət yetirdiklərini təsdiq etmişlər. Onlar qanunsuz aksiya zamanı xəsarət aldıqlarını və həmin hərəkətlərin təşkilatçılarının təqsiri bilindikləri halda qanun çərçivəsində cəzalandırılmalarını tələb etmişlər.

Daha sonra iş üzrə ifadə və izahat vermiş zərərçəkən və ya mülki iddiaçıların nümayəndələri 2 aprel 2011-ci ildə Bakının mərkəzində "Fəvvarələr meydanı" və yaxın ətraf ərazilərdə ictimai qaydanın pozulması və nəqliyyatın normal hərəkətlərinin pozulmasına səbəb olan hərəkətlər nəticəsində - nümayəndə Elxan Qubatov "EN Trans Çinar" MMC-yə 510 manat, nümayəndə Elmar Əhmədov "Qasid" ASC-yə 27 manat, nümayəndə Etibar Məmmədov "Tüstü" mağazasına 580 manat, nümayəndə İlqar Məmmədov DİN-nə 8744 manat, nümayəndə Eldar Bağırov fiziki şəxs Şahnisə Məmmədovaya 850 manat, nümayəndə Xəyalə Babayeva "Transqeyt" MMC-yə 1.650 manat, nümayəndə Ayaz Qasımov "3 №-li Avtonəqliyat Müəssisəsi" MMC-yə 2.255 manat, nümayəndə Xəlil Ələkbərov "Bestkomp Qroup" firmasına 980 manat, nümayəndə Fuad Əliyev "Standartbank" QSC KB-nin VİP filialına 658 manat, Gündüz Süleymanov "Modalar" atelyesinə 73 manat ziyan vurulduğunu bildirməklə, ziyanın təqsirli şəxslərdən tutularaq onlara ödənilməsini tələb etmişlər.

Replika huququndan istifadə edən prokuror C.Abbasov ötən iclasda T.Abbaslının müdafiəçisi Yavər Hüseynin çıxışında bir sıra məqamları əsas gətirərək, 340-cı maddəyə əsasən tərəfin çıxışında məhkəmədə tədqiq edilməmiş sübutlara istinad edə bilmədiyini izah etdi.

A.Hacıyevin vəkili Ə.Mustafayev və O.Kazımov isə öz çıxışlarında da işə aid olmayan hallara istinad etmiş, hətta prokurorun əvvəllər də "Azadlıq" qəzetinin redaktorunun işinə də bu cür yanaşdığını əsassız olaraq bildirmişdilər.

Dövlət ittihamçısı öz replika hüququnda tərəfə çatdırdı ki, prosessual qanunvericiliyə əsasən, çıxışlarda məhkəmədə baxılan ittihama aid olmayan hallara toxunmaq qanunsuzdur. Məhkəmə iclası 30.09.2011-ci il tarixinə qədər təxirə salındı.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər