Son vaxtlar baş verən müxalifət daxili proseslər partiyaların tamamilə tükəndiyini söyləməyə əsas verir. Məhz bu amilə görə də, radikal müxalifətin yaratdığı qondarma qurum olan "İctimai Palata" bundan sonra mitinqlər keçirməyəcəklərini bəyan edib. Təbii ki, bunun səbəbi onların özlərinə olan inamsızlıqdan və sosial bazalarının olmadığını dərk etmələri ilə bağlıdır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Zöhrab Abdullayevin sözlərinə görə, 20 ilə yaxındır ki, partiya sədrləri siyasi düşərgədə özlərinə layiqli yer tuta bilmirlər:
- "İctimai Palata"nın bundan sonra mitinqlər keçirməyəcəkləri ilə bağlı bəyanatlar səsləndirmələri onların sosial bazalarının olmadığını dərk etmələrindən irəli gəlir. Demək olar ki, bu günə qədər onların heç bir aksiyası baş tutmayıb. Radikal müxalifət tərəfindən keçirilən aksiyaların baş tutmaması ilə bağlı bir çox bəhanələr gətirirlər. Radikal müxalifətə xalq tərəfindən heç bir dəstəyin olmaması onları çıxılmaz vəziyyətə qoyur. Əgər həmin partiya sədrləri düşünürlərsə ki, hay-küylə nəyə isə nail olmaq olar, bu, özləri özlərini aldatmaqdan başqa bir şey deyil.
Z.Abdullayev onu da bildirdi ki, radikal müxalifət partiya sədrlərində siyasi mədəniyyət anlayışı tamamilə yoxdur: "Demək olar ki, dünya ölkələrinin hamısında belə bir qanun var ki, əgər hər hansı bir partiyanın sədri hakimiyyətə gələ bilmirsə, onda həmin partiya sədri öz yerlərini digərlərinə verir. Ancaq təəssüflər olsun ki, Azərbaycanda bu mədəniyyət yoxdur. Yəni, radikal müxalifət düşərgəsində həmin partiya liderləri ömürlük öz kreslosunda oturmaq fikrinə düşür. Təbii ki, onların bu cür əməlləri cəmiyyətin inkişafına zərbə vurur. Radikal müxalifət partiyalarının liderləri yeniləri ilə əvəz olunarsa, yəni bu prosesləri daha yaxşı bilən şəxslər həmin partiyalara gələrsə, cəmiyyətdə müəyyən dəyişikliklər ola bilər. Partiya sədrlərinin öz kreslolarından möhkəm yapışmalarının səbəbi onların demokratik düşüncə tərzindən uzaq olmaları ilə bağlıdır. Bir sözlə, radikal müxalifətin dağınıq və pərakəndə halda olmasının əsas səbəbi onların özlərindədir. Yəni həmin partiya sədrləri özlərinin fəaliyyətsizlikləri ilə bağlı bir çox təhlillər aparmalıdırlar. Bu məsələlər açıq şəkildə həmin partiyalarda təhlil olunmayınca, təbii ki, bu liderlər də daimi partiyanın başında qalmağa çalışacaqlar".
GÜLYANƏ