PDF Oxu

Müxalifət

  • 7

“Altılar”ın aqibəti bədbinlik üzərində formalaşıb

“Altılar”ın aqibəti bədbinlik üzərində formalaşıb

Radikal müxalifətdə baş verən son hadisələr düşərgə daxilində cərəyan edənləri öz reallığı ilə əks etdirir. Belə ki, istənilən müxalifətçi şəxs tərəfindən irəli sürülən hər hansı bir fikir digər müxalifətçilər tərəfindən anormal qəbul edilir. Bu isə, təbii ki, böyük təzadlara, qarşıdurmalara səbəb olur. Belə ki, müxalifət təmsilçiləri bir iş görəcəkləri təqdirdə, əvvəlcədən həmin "iş" barədə o qədər çox danışırlar ki, axırda düşərgədaşlarını da bezdirirlər. Xatırladaq ki, hələ bir müddət bundan öncə, "Vətəndaş Hərəkatı Forumu" deyilən müxalifət qurumu Müsavat partiyası və AXCP (i) "lider"ləri ilə danışıqlar aparmaq üçün "KXCP" sədri Mirmahmud Fəttayevi də cəlb edib. Belə ki, "forum"un nümayəndəsi Qurban Məmmədovla M.Fəttayev AXCP (i) sədri Əli Kərimov və Müsavat partiyasının başqanı İsa Qəmbərovla görüşübdür.

Əvvəldən elan olunduğu kimi, bu görüşlərin nəticələri, bundan sonra "səkkizlər"in zirvə toplantısının baş tutub-tutmayacağı ilə bağlı "altılar"ın ("Ümid" partiyası, ADP, "KXCP", ALP, AMİP, "VİP") növbəti toplantısı keçirilməli idi. Məhz bu görüşdə "zirvə" toplantısı haqda konkret qərar qəbul ediləcəyi haqda açıqlamalar verilirdi. Həmin ərəfədə ADP qərargahında görüş keçirildi. Lakin görüşdə məlum oldu ki, "altılar" daxilindən daha bir partiya kənara çəkilib. Daha dəqiq desək, AMİP toplantıya qatılmayıb.

ADP-dən sızan məlumatda isə bildirilir ki, beş partiyanın görüşündə M.Fəttayevlə Q.Məmmədov AXCP (i) sədri və Müsavat başqanı ilə apardıqları danışıqlarda növbəti "zirvə" toplantısının keçirilməsi üçün konkret razılığa gəlməyin mümkün olmadığı barədə məlumat veriblər. Adıçəkilən iki partiyanın razı salınmasının mümkün olmaması və AMİP-in kənara çəkilməsi həmin təşkilatları "zirvə" toplantısı ilə bağlı heç bir qərar verməmək məcburiyyətində qoyub. Yəni bu səbəbdən ADP-də keçirilən görüş barədə ümumi açıqlama verilib.

AMİP hansı funksiyanı yerinə yetirir?

AMİP-in görüşlərə qatılmamasının səbəbinə gəlincə, partiyanın katibi Əli Orucov bildirib ki, onlar birlik təşəbbüslərini həmişə dəstəkləyib. Lakin görəndə ki, ortada səmimiyyət pozulub, həmin təşəbbüsdə iştirak etməyin mənası qalmır: "Birinci dəfə görüş üçün dəvət göndərildi. Biz iştirak etdik. Sonra gördük ki, mətbuatda bu görüşü şişirtməyə çalışırlar, "altılar" formatı kimi təqdim edirlər və başqa istiqamətə təbliğat gedir. Ona görə də AMİP növbəti görüşlərdə iştirak etmədi, bundan sonra da iştirak etməyəcək". AMİP katibi əlavə edib ki, bütün baş verənlər yalnız mənasızlıqlar üzərində qurulub: "Onsuz da bu cür "taktiki" gedişlər öz mənasını tezliklə itirəcək. Buna görə də, belə bir mənasız yerdə olub vaxt itirməyin heç bir adı yoxdur".

Ə.Orucov, həmçinin, "belə getsə müxalifət düşərgəsində ciddi bir birliyin formalaşmasının da sual altında qalacağına əminliyini" ifadə edib.

Rəfiqə Hüseynova

Digər xəbərlər