Radikal müxalifət partiyaları arasında günü-gündən artan uçurum daha da dərinləşməkdə davam etməkdədir. Belə ki, istər davamlı olaraq yaradılan qurum və təşkilatlarda, istərsə də siyasi birliklərdə formalaşmış xaos çoxtərəfli ziddiyyətlərin baş verməsinə əsas yaradan amil kimi dəyərləndirilir. Məhz bu səbəbdən də qarşılıqlı ittihamlar heç də səngimir, əksinə, artmaqda davam edir. Belə qarşıdurmaların bariz nümunəsi ADP sədri Sərdar Cəlaloğlu ilə AXCP (i) sədri Əli Kərimov və Müsavat partiyasının başqanı İsa Qəmbərov arasında olan intriqalarıdır.
Xatırladaq ki, "İctimai Palata"ya adekvat olaraq yaradılması planlaşdırılan və "Kölgə parlament" ideyası səbəbindən gərginləşən münasibətlər böhran həddini keçmişdir. Belə ki, ADP sədri S.Cəlaloğlu müsahibələrinin birində demişdir: " AXCP (i) və Müsavat partiyaları 20 ildir özlərini bütün siyasi partiyalardan üstün tutma taktikası aparırlar və bu günə qədər də heç nəyə nail olmayıblar, heç olmayacaq da".
S. Cəlaloğlu deyib ki, "İctimai Palata" siyasi partiyaların birliyi deyil, ona görə də orada siyasi partiyaların birləşməsi mümkün deyil. "İctimai Palata"da ancaq fərdi şəkildə təmsil olunmaq mümkündür" deyən ADP sədri onu da vurğulayıb ki, orada partiyalarla yanaşı, qeyri-qanuni olaraq, qeyri-hökumət təşkilatları da siyasi fəaliyyət göstərirlər. Bu isə, bilavasitə ya bilərəkdən qanunları pozmaq, ya da qanunları bilməməkdən-savadsızlıqdan irəli gələn haldır: "Amma qeyri-hökumət təşkilatlarının siyasi partiyalarla bir araya gəlib, siyasi fəaliyyət göstərməsi "İctimai təşkilatlar haqqında" qanuna ziddir. Görünür, özləri qanunları bilmirlər, ona görə belə deyirlər. Azərbaycanda elə siyasi qüvvə yoxdur ki, başqa siyasi qüvvələrlə bu və ya digər şəkildə maraqları üst-üstə düşməsin. Hətta iqtidarla müxalifətin də müəyyən maraqları üst-üstə düşür, məsələn, Qarabağ məsələsi. Ona görə də, birliyə gəlməmək təkcə başqa partiyanın yox, həm də özünün maraqlarına zərbə vurmaq deməkdir". S.Cəlaloğlunun fikrincə, AXCP (i) və Müsavat partiyaları özlərini "ana müxalifət" partiyaları qismində təqdim etsələr də, bu onlarda alınmır. Çünki özlərindən başqa heç bir müxalifət partiyalarını qəbul etmirlər: "AXCP (i) ilə Müsavat bu mühitin yaranmasına imkan vermədiklərinə görə, özləri heç vaxt hakimiyyətə gələ bilməyəcəklər" .
Sonda ADP sədrinin bu tipli açıqlamasından belə bir qənaətə gəlmək mümkündür ki, nəinki AXCP (i)-Müsavat partiyaları, eləcə də, digər müxalifət partiyaları apardıqları "mübarizələrində" çoxdan uduzmaqla yanaşı, köhnə təfəkkürlərindən də uzaqlaşmağa nail ola bilməyiblər.
RÖVŞƏN