Son vaxtlar baş verən müxalifətdaxili proseslər partiyaların tamamilə məhv olmaq ərəfəsində olduğunu deməyə əsas verir. Məhz bu amilə görə də, radikal müxalifətin yaratdığı qondarma qurum olan "İctimai Palata" bundan sonra mitinqlər keçirməyəcəklərini bəyan ediblər. Təbii ki, bunun səbəbi onların özlərinə olan inamsızlıqdan və sosial bazalarının olmadığını dərk etmələri ilə bağlıdır. Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan bizimlə söhbətində bildirdi ki, ənənəvi müxalifətin cəmiyyətdə sosial dayaqları olmadığından hər hansı aksiyalar keçirməsi də mümkünsüzdür.
- Təbii ki, hər hansı bir siyasi düşərgədə dinamizmin olması qaçılmazdır. Müxalifət partiya sədrlərinin dəyişilməsi, həmin partiyaların keyfiyyət dəyişilməsi demək olardı. Təəssüflər olsun ki, ölkə müxalifəti bu 20 il müddətində heç dəyişiklik etməyib. Bu da ayrı-ayrı siyasi partiyaların, eləcə də, onların tabeçiliyində olan qəzetlərin siyasi monopoliya cəhdlərinin nəticəsidir. Çünki onlar ölkədə yeni söz və fikir söyləyən şəxslərin ictimai fikirdən kənarlaşdırılması üçün əllərindən gələni edirlər. Həmin şəxslər elə mühit yaradıblar ki, ictimaiyyət eyni fikirləri eşitsin və eyni simaları görsün. Radikal müxalifət dəfələrlə xalqı aldatdığına görə, artıq xalq onlara inanmır. Ona görə də, müxalifət düşərgəsinə yeni simaların gəlməsinə ehtiyac var. Həmin yeni simalar həm müxalifət düşərgəsinə yeni nəfəs gətirə bilər, həm də müxalifətin müxalifətçilik prosesinin necə aparılması yollarına müəyyən əlavə və dəyişikliklər etmək imkanlarına malik olar. Bu baxımdan, düşünürəm ki, radikal müxalifət düşərgəsində dəyişikliklərin edilməsinə ehtiyac var. Zənnimcə, qarşıdan gələn il radikal müxalifət düşərgəsində tamamilə yeni simaların üzə çıxması prosesi baş verəcək.
Radikal müxalifət düşərgəsində olan liderlər hesab edirlər ki, hər hansı bir partiyada olan fəal şəxsləri arxivə yola salaraq, özümüz müxalifətdə qalaraq fəaliyyətimizi davam etdirməliyik. Amma bu, belə deyil. Çünki hesab edirəm ki, bizim mövqeyimizin onlarla bağlı səsləndirdiyimiz fikirlərin nə qədər düzgün olmağını bu yaxınlarda "Wikileaks" saytında ABŞ-ın ölkəmizdəki səfirinin diplomatik qurumlara göndərdiyi məktubda təsdiq etdi. Həmin məktubda bu ənənəvi radikal müxalifin durumunu açıq şəkildə ortaya qoyaraq bildirib ki, müxalif liderlər yeni simaların partiyada irəli çəkməsini istəmirlər. Müxalifət partiyalarının heç birində demokratik mühit və inkişaf üçün şərait yoxdur. Təbii ki, müxalifət haqqında səsləndirilən fikirlərdə çox böyük həqiqət var. Çünki sözügedən müxalifət liderləri daxildə elə bir situasiya yaradıblar ki, hər hansı bir yeni qüvvə ortaya çıxdıqda həmin şəxslərin müqavimətilə qarşılaşırlar. Son nəticədə həmin şəxslər partiyadan və siyasi proseslərdən kənarlaşdırılır. Düşünürəm ki, radikal müxalifət tərəfindən aparılan bu proseslərin bir gün sonu gəlib çatacaq.
GÜLYANƏ