PDF Oxu

Müxalifət

  • 12

Radikal müxalifətin islah olunmasına ehtiyac var

Radikal müxalifətin islah olunmasına ehtiyac var

Radikal müxalifət partiyaları cəmiyyət tərəfindən qəbul olunmayan topluma çevriliblər. Onlar yalnız xarici maraqlı qüvvələrə arxalanır ki, bu da radikallara ictimai qınaq gətirir. Son vaxtlar baş verən müxalifətdaxili proseslər partiyaların tamamilə məhv olmaq ərəfəsində olduğunu deməyə əsas verir. Məhz bu amilə görə də, radikal müxalifətin yaratdığı qondarma qurum olan "İctimai Palata" fəaliyyətini qeyri-ciddi bəyanatlar vermək və mətbuatda sərsəm tələblər irəli sürməklə yetərli hesab edir. Demokratik Sol Partiyasının sədri Elşən Manafov bizimlə söhbətində bildirdi ki, müxalifət partiyalarının borcu hakimiyyətin həyata keçirdiyi sosial, iqtisadi, siyasi kursu izləmək və bu kursa münasibətdə alternativ mövqeni sərgiləməkdir.

- Əlbəttə ki, dövlət və ümummilli maraqlar olan yerdə "İctimai Palata"da təmsil olunan siyasi qüvvələrin bəzi hallarda konyukturaya varması və fərqli mövqelər sərgiləməsi təəssüf hissi doğurur. "İctimai Palata"da olan qüvvələr siyasi konyuktura maraqlarından çıxış edir və bəyan edirlər ki, ölkə elektoratının müəyyən hissəsi onların arxasındadır. Amma ölkədə keçirilən seçkilər bir daha sübut etdi ki, hətta hakimiyyətin siyasətindən narazı olan qüvvələrin, məhz bu partiyaların ardınca getməsi ilə bağlı məsələlər real, ictimai, iqtisadi və sosial gerçəkliklərə istinad etmir. Bu baxımdan, düşünürəm ki, radikal müxalifətin özünün ana müxalifət kimi dəyərləndirməsində ciddi problemlər var.

"İctimai Palata"nın Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində aksiya keçirməsi yolverilməzdir. Burada "İctimai Palata"nın mövqeyi açıq şəkildə başadüşüləndir. Düşünürəm ki, əgər həmin qüvvələr bu aksiyaları keçirməyi nəzərdə tuturlarsa, təbii ki, burada Konstitusiyanın və "Siyasi partiyalar haqqında Qanun"un, bu təşkilatlara verdiyi hüquqlardan istifadə etməklə həyata keçirilə bilər. Əgər "İctimai Palata"nın və Bakı şəhəri İcra Hakimiyyətinin bununla bağlı məsələlərdə mövqeləri uzlaşmırsa, təbii ki, bu məsələnin özünün hüquqi kontekstdə aydınlıq gətirməsinə ehtiyac var. Burada "İctimai Palata", daha yaxşı olardı ki, dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində hakimiyyətin özü ilə bahəm tədbirlərə qoşulardı. Bir sözlə, məlum olardı ki, "İctimai Palata" dövlətçilik üçün belə ciddi siyasi-hüquqi əhəmiyyət kəsb edən məsələdə də siyasi konyukturaya deyil, ümummilli maraqlardan çıxış edir. Təəssüflər olsun ki, "İctimai Palata" cəmiyyətin diqqətini cəlb etmək üçün 18 oktyabr Müstəqillik Günü aksiya keçirmək istəyir.

Əgər doğrudan da, radikal müxalifət partiyaları xaricdən maliyyələşirsə, onda bu məsələyə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir. Çünki siyasi partiyalar haqqında hazırda qüvvədə olan qanunvericiliyə görə, bu təşkilat Azərbaycanın daxilindən yox, xaricindən maliyyə dəstəyi alırsa, təbii ki, bu məsələyə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir. Əgər həqiqətən də, həmin partiyaların xaricdən maliyyə dəstəyi varsa, belə olan halda, bu siyasi partiyaların iş fəaliyyəti ilə bağlı məsələlər qanun çərçivəsinə salınmalıdır.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər