Artıq məlumdur ki, radikal müxalifətin şəhərin mərkəzində, xüsusilə də, insanların gur toplaşdığı yerlərdə mitinq keçirmək cəhdləri yalnız bir məqsəd daşıyır. Belə ki, müxalifətin radikal qanadının cəmiyyətdə, demək olar ki, heç bir dayağı yoxdur. Çox az sayda şəxslər radikallıq nümayiş etdirirlər və onlar da şəhərdə elə bir yer seçirlər ki, bura insanların gediş-gəliş yeri, eyni zamanda, insanların sərbəst şəkildə istirahət etdiyi, gəzdiyi yer olsun. Bu kimi yerlər seçməklə, onlar həmin yerlərdə az sayda tərəfdarları, nümayəndələri ilə hay-küy salıb ətrafdakı insanları mitinqçilərin sırasına daxil etmək istəyirlər...
Məhz bu dəfə də onların "arzuları" həmin məqsədi gerçəkləşdirməkdir. Dövlət müstəqilliyi günü xalqımız bu bayramı böyük coşqu və şərəf hissi ilə qeyd edərkən, radikal müxalifət özünü xalqdan təcrid edərək, ayrıca icazəsiz mitinq-yürüş keçirməyi planlaşdırır. Bu isə növbəti qanun pozuculuğuna tərəf olanlar sırasından atılan addımdır. Nəticədə radikal müxalifət bayram əhval-ruhiyyəsini pozmaqla yanaşı, "mitinq yerindən" şəkilləri çəkib mətbuatda dərc etməklə özlərinin böyük potensiala malik olduğunu göstərmək istəsələr də, buna nail ola bilmirlər. Azərbaycan hüquqi dövlətdir və hüquqi dövlətdə hamı qanun qarşısında bərabərdir və eyni səviyyədə cavabdehlik daşıyır.
Onlar həm də öz radikal mətbuatlarında yalançı görüntü yaratmaq istəyirlər ki, guya bayram məqsədilə yürüş etmək istəyiblər və hakimiyyət guya bunların yürüşlərinin qarşısını alıb. Hansı ki, oktyabrın 18-də bütün Azərbaycan xalqı müstəqillik bayramını qeyd edəcək.
Radikallıq Azərbaycanda özünə yer tapa bilmir. Radikallığın, müəyyən mənada, siyasətdə qalmaq cəhdləri iflasa məhkumdur. Ona görə də ölkədə radikal çağırışlara yer yoxdur. "Möhtəşəm mitinq keçirəcəyik" deyənlər və onların "liderlər"i kabinetlərdən bayıra çıxmırlar, küçələrə çıxan 5-6 nəfər də bütünlüklə aldadılmış, bir sıra hallarda səhv yola yönəldilən şəxslərdir ki, onlar bu cür radikalların əlində, radikalların özləri isə xaricdə olub Azərbaycana düşmənçilik edən qüvvələrin əlində alətə çevriliblər. Alətə çevrilmişlər bəzi gənclərimizi yanlış yola düşmüş ümumi siyasəti kifayət qədər başa düşməyən insanları da alətə çevirmək istəyirlər. Hətta radikal düşüncəli insanlar belə onların arxasınca getməyəcək. Onların bir qismi "İctimai Palata"da birləşib. Artıq "İctimai Palata" faktiki olaraq dağılıb. Ona görə də, onların arxasınca heç kim getməyəcək. Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi bayramıdır və bu bayramda xalq həmişə olduğu kimi, öz dövlətinin, dövlətçiliyinin, Prezidentinin yanında olacaq.
Rəfiqə Hüseynova