PDF Oxu

Müxalifət

  • 12

“6-lar” “5-lər”ə çevrildi

“6-lar” “5-lər”ə çevrildi

Radikal müxalifət düşərgəsində yaranan qurum və birliklərin azömürlü olması artıq ənənə şəklini almaqdadır. Belə ki, "İctimai Palata"ya alternativ qurum kimi yaradılan "Altılar"ın da belə bir vəziyyətlə üz-üzə gəlməsi gözlənilən nəticələrdəndir. Yaxın zamanlarda "İctimai Palata"nın da bu cür aqibətlə üzləşəcəyini desək, heç də yanılmarıq. Lakin bütün bunların müqabilində qarşılaşdıqları xəcalət üzündən öz günahlarını başqalarında axtaran müxalifət yetkililəri anlamırlar ki, nəinki onların qurumları, eləcə də, birləşdikləri müxtəlif "siyasi bloklar" yalnız görüntü xarakteri daşıyır və heç bir fəaliyyətlərə malik deyillər.

Belə ki, ALP sədri Əvəz Temirxan növbəti dəfə mətbuata açıqlama verərək deyib ki, "müxalifət düşərgəsində indi dağınıq halda fəaliyyət göstərən qüvvələrin bir araya gətirilməsi, eyni müstəvidə olan partiyaların birliyinə nail olmaqla bağlı təşəbbüslə çoxdan çıxış etmişdik. "Vətəndaş Hərəkatı Forumu" o təşəbbüsü bir qədər yeni formada təqdim etdi və danışıqlarla müzakirələr başlandı. Lakin hələ son nəticədən danışmaq çox tezdir".

Eyni zamanda, Ə.Temirxan iddia edir ki, "6-lar" qrupu çərçivəsində müzakirələr və görüşlər davam edir. Lakin məlum olduğu kimi, "6-lar" adlı qurum artıq "5-lər"ə çevrilib. Danışıqlar isə sadəcə imitasiya xarakteri daşıyır. Bununla yanaşı, ALP sədri Sərdar Cəlaloğlu unutmamalıdır ki, hələ yarandığı zaman, bu format "səkkizlər" adlanırdı. Amma sonradan "6-lar"a düşdü, bu gün "5-lər", sabah isə "3-lər" ola bilər... Bu barədə də "çulunu sudan quru çıxarmağa çalışan" Ə.Temirxan bu dəfə bütün günahlarını Müsavatla AXCP (i)-nin üzərinə atır. Deyir ki, "Xalq Cəbhəsi" və Müsavat partiyaları danışıqlara qatılmadı: "Sonra Milli İstiqlal Partiyası kənara çəkildi. Bu səbəbdən də "altılar" qrupu indi "beşlər"ə çevrilib.

AXCP (i) və Müsavat partiyalarının davranışlarına gəldikdə isə, Ə.Temirxan bildirib ki, bununla bağlı həmin siyasi təşkilatların "liderləri"nin açıqlamasını eşitmək daha yaxşı olardı: "Onların da açıqlamaları bəllidir. Daha dəqiq desək, onlarla bizimki tutmur".


R.Hüseynova

Digər xəbərlər