Radikal müxalifət partiya liderlərinin səhv siyasət aparmaları, onların uğursuzluğa düçar olmasına səbəb olub. Bu nöqteyi-nəzərdən də, demək olar ki, radikal müxalifət liderlərinin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Son vaxtlar baş verən müxalifətdaxili proseslər partiyaların tamamilə məhv olmaq ərəfəsində olduğunu deməyə əsas verir. Məhz bu amilə görə də, radikal müxalifətin yaratdığı qondarma qurum olan "İctimai Palata" fəaliyyətini qeyri-ciddi bəyanatlar vermək və mətbuatda sərsəm tələblər irəli sürməklə yetərli hesab edir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Zöhrab Abdullayev bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiyalarının fəaliyyətsizliyi onların səhv siyasət aparmaları ilə əlaqəlidir.
- Radikal müxalifət partiyalarının fəaliyyətində heç bir nəticə əldə olunmur. Müxalif qüvvələr fəaliyyətlərində müsbət dəyişikliklər əldə etmələri üçün bir necə məsələ önəmlidir. Birinci, onlar bilməlidir ki, ölkənin problemləri nələrdən ibarətdir. İkincisi, həmin qüvvələr xalq ilə dialoq qurmalıdır. Düşünürəm ki, radikal müxalifət xarici qüvvələr tərəfindən dəstək almaqla, ölkədə hər hansı bir aksiya keçirməklə nəyə isə nail olmaları qeyri-mümkündür.
Burada radikal müxalifət partiyalarının xaricdən maliyyələşməsi ilə bağlı müxtəlif fikirlər var. Demək olar ki, radikal müxalifət partiyaları xarici qüvvələrin dəstəyinə ehtiyac duyduğunu hiss etdirir. Hesab edirəm ki, müxalifət qüvvələrinin ölkədə bu cür aksiyalar keçirilməsinin əsas səbəbi xarici qüvvələrin diqqətini Azərbaycana cəlb etsin.
Əlbəttə ki, radikal müxalifət partiyalarının xaricdən maliyyələşməsi "Siyasi partiyalar haqqında" Qanuna ziddir. Əgər ölkədə fəaliyyət göstərən hər hansı bir partiya xarici qüvvələr tərəfindən maliyyələşirsə, onların maraqlarını qorumalıdır. Bu baxımdan, Azərbaycanın dövlətçilik və milli maraqları bu məsələdə kölgə altına düşə bilər. Bu səbəbdən də, düşünürəm ki, müxalifət partiyalarının xaricdən maliyyə dəstəyi alması nəinki qanunla, hətta mənəvi cəhətdən düzgün deyil.
Radikal müxalifət partiya liderləri xalqın gözündən düşüb. Düşünürəm ki, həmin partiya liderləri yeniləri ilə əvəzlənməlidir. Yəni, sözügedən partiyalara yeni şəxslər gələrək, yeni nəfəs gətirməlidir. Çünki həmin partiyaların yeni simalara ehtiyacı var. Bu proses davamlı olaraq belə davam edə bilməz. Yəni, həmin partiyalar kök salmış liderlər müəyyən zaman içərisində gördülər ki, onların belə fəaliyyət göstərməsi hər hansı bir nəticə vermir. Dünyada belə bir təcrübə var ki, əgər bir siyasi partiyanın lideri 5-10 ilə hakimiyyətə gələ bilmirsə, cəmiyyətin dəstəyini qazana bilmirsə, onda həmin partiya lideri istefa verir. Amma təəssüflər olsun ki, Azərbaycanda belə bir təcrübə hələ ki, formalaşmayıb.
GÜLYANƏ AĞAKƏRİMOVA