PDF Oxu

Müxalifət

  • 12

Müxalif partiyalarında yenilik olmalıdır

Müxalif partiyalarında yenilik olmalıdır

Siyasi arenada qeyri-ciddi qurumlar kimi tanınan radikal müxalifət partiyaları getdikcə vəziyyətlərini daha da ağırlaşdırmaqdadırlar. Bu səbəbdən, demək olar ki, yaxın vaxtlarda radikal ünsürlər siyasi düşərgəni tərk edə bilərlər. Düzdür, radikallar ənənəvi hay-küylü metodlardan istifadə etməklə intihara yaxınlaşan siyasi ömürlərini bir qədər də uzatmağa çalışırlar.

Amma görünən odur ki, bu tip hay-küylü bəyanatlar ictimaiyyət tərəfindən qətiyyətlə rədd edilir. Demək olar ki, müxalif qüvvələrin xalqdan heç bir siyasi dəstəyi yoxdur. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Zöhrab Abdullayev bizimlə söhbətində bildirdi ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların arxasında böyük xalq kütləsi yoxdursa, onda heç bir partiyanın mənəvi haqqı yoxdur ki, özünü hər hansı bir qurumun lideri hesab etsin.

- Radikal müxalifət liderlərinin biri özünü "xaç atası", digəri "ana müxalifət" və başqa birisi isə ümumi müxalifətin lideri kimi təqdim edirlər. Bütün bunlar isə yalnız gülüş doğurur. Demək olar ki, radikal müxalifət partiyaların heç bir sosial bazası yoxdur.

Əlbəttə ki, radikal müxalifət partiya liderləri öz yerlərini, yeni nəsilin liderlərinə versə, bu partiyalarda inkişafa doğru çox ciddi dəyişikliklər olar. Demək olar ki, radikal müxalifət partiya kreslosunda oturan sədrlər öz yerlərini təhvil vermək niyyətində deyil. Düşünürəm ki, müxalif partiyalarında bir çox yeniliklər olmalıdır. Çünki sözügedən partiyaların bu yeniliklərə ehtiyacı var. Hesab edirəm ki, radikal müxalifət partiyalarına yeni liderlər gələrsə, bu partiyalarda bir çox irəliləyişlər olar. Mən demirəm ki, radikal müxalifət tamamən güclənərək nəyə isə nail ola bilər. Yəni, onlar heç nəyə nail olmasa belə, ən azından irəliyə doğru nə isə addımlar ata bilər.

Düşünürəm ki, partiya daxili demokratiya olmadığına görə, həmin liderlər öz yerlərindən möhkəm yapışırlar. Əgər partiyadaxili demokratiya, müzakirələr və inkişaf olsa, təbii ki, həmin partiyalarda müəyyən məsələlər müzakirə edilərək bir çox fikirlər səsləndirərlər. Radikal müxalifət partiyaları çox gözəl bilir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur.


GÜLYANƏ

Digər xəbərlər