2003-cü ildə özlərini "oktyabrist" adlandıran dağıdıcı müxalifət liderlərini Norveç səfirliyində yerli-yataqlı qonaq edən Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gill köhnə "ənənəsinə" sadiq qalaraq, "Yeni Müsavat" qəzetinə növbəti açıqlama verib. Belə ki, alkaşlıq xüsusiyyətləri ilə seçilən Steynar Gill "nostalji" hisslərə qapılaraq deyib ki, guya "Azərbaycandakı dostlarından gələn xəbərlər göstərir ki, 2006-cı ildə Azərbaycanı tərk etdikdən sonra ölkədə heç nə dəyişməyib".
Adamdan (alkaşdan deyil, adamdan) soruşarlar ki, ay binəva, axı sənin buradakı dostların elə sənin kimi şəxsiyyətsiz ünsürlərdir və onların sənə verdikləri xəbərlər birtərəfli qaydadadır. Yəni əlbəttə ki, ölkənin inkişafını korluqlarına vuraraq görmək istəməyən qüvvələr sənə də öz "gördüklərini" deyəcəklər.
Bu azmış kimi mətbuat azadlığından da dəm vuran dəmləşmiş eks-səfir hansısa "dəyişikliklərdən" də danışıb. Deyib ki, guya belə getsə "dəyişiklik baş verə bilər". Amma maraqlıdır ki, yamanca dəyişikliklərdən danışmağı xoşlayan alkaş Steynar özü 2006-cı ildən üzü bu yana qətiyyən dəyişməyib.
Çünki nəinki 2006-cı ildə, eləcə də, 2003-cü ildə əlindən rus arağı düşməyən, həttə onu döş cibində gəzdirən alkaş Steynar bununla Azərbaycan xalqının dini-mənəvi dəyərlərinə hörmətsizlik göstərmişdi. Həmin ərəfələrdə onun Təzə Pir məscidinə lül-qəmbər vəziyyətdə getməsi, məscidə toplaşan dini icma nümayəndələri tərəfindən ikrahla qarşılanması hələ də hafizələrdən silinməyib. Ona görə də içki düşkünü olan S.Gill Azərbaycanda gedən dəyişikliklər barədə deyil, özü haqqında "Yeni Müsavat" qəzetinə məlumat versə idi daha yaxşı olardı. Biz də öyrənərdik ki, hər şeyini rus arağına satan bu norveçli siyasi dələduz daha hansı dəyişikliklərə (məsələn, rus arağından alman şnapsına keçməyi, yaxud da şotland viskisinə üstünlük verməyi) məruz qalıb? Maraqlı olardı...
RÖVŞƏN RƏSULOV