PDF Oxu

Müxalifət

  • 11

Radikalların hədəfləri qarşıdurma yaratmaq və yalnız iğtişaşlar törətməkdən ibarətdir

Radikalların hədəfləri qarşıdurma yaratmaq və yalnız iğtişaşlar törətməkdən ibarətdir

Azərbaycanın əldə etdiyi böyük iqtisadi-siyasi uğurlar bəzi xarici anti-Azərbaycan mövqeli qüvvələrlə yanaşı, daxili ünsürləri də ciddi narahat edib. Məhz buna görə də, xaricdən verilən tapşırıqlara əsasən, daxildəki qüvvələr icazəsiz aksiyalar yolu ilə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar.

Bu yolda onlar məram və məqsədlərini anlamayan gənclərdən də istifadə etməkdən çəkinmirlər. Maraqlı bir amildir ki, təşkil etdikləri aksiyalarda nədənsə radikal müxalifətin "aparıcı simaları"nın özləri deyil, məhz gənclər iştirak edirlər. Bu isə, radikalların yalnız özlərini düşündüyünü və gənclərdən vasitə kimi istifadə etdiklərini göstərir: "Yaxşıya pis, ağa qara demək onların həyat xobbisinə çevrilib. Əgər radikallar üçün belə həyat xobbisi xoşdursa, o zaman nə qədər istəyirlərsə, boş-boş sözlərdən danışsınlar. Bütün bunlara baxmayaraq, Azərbaycan nailiyyət əldə etməkdə davam edir. Hər sahədə inkişafımız göz önündədir". Bu sözləri qəzetimizə açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, insanların güzəranı yaxşılaşır, regionlarımız sürətli və dinamik şəkildə inkişaf edir, məcburi qaçqın və köçkünlərimiz üçün bütün şəraitlə təmin olunur, söz, mətbuat azadlığı var. Radikal müxalifət daha nə istəyir?

Millət vəkili qeyd edib ki, ölkədə qarşıdurma, iğtişaş yaratmaq arzusunda olan radikal müxalifətin bu arzuları hər zaman ürəklərində qalacaq. Çünki Azərbaycan kimi bir məmləkətdə kiminsə narazı qalacağı elə bir məqam yoxdur. Əgər cəmiyyətimizdə baş verən proseslərlə bağlı nə isə, bir narazılıqları varsa, o zaman müxalifətin parlamentdə olan müəyyən nümayəndələri var, hansı ki, onlar öz sözlərini normal qaydada orada deyə bilərlər.

A.Mirzəzadə vurğulayıb ki, insanların öz sözlərini çatdırmaq üçün istər parlamentdə, istərsə də mətbuatda kifayət qədər müstəqillik və söz azadlığı verilib. Radikal müxalifət buyurub bu vasitələrdən istifadə etsin. Lakin onlar bununla qane olmurlar. Böyük bir qarşıdurma, izdiham yaratmaq istəyirlər. Hətta onlar üçün yaradılmış yerdə deyil, camaatın, kütlənin çox, daha sıx olduğu yerdə öz qara niyyətlərini gerçəkləşdirmək istəyirlər. Yuxarıda qeyd etdiyimiz kimi, müxalifətin bu cəhdləri isə, heç zaman alınmayacaq.

A.Mirzəzadə əlavə edib ki, savadlı Azərbaycan gəncləri müxalifətin oyunlarına qəti şəkildə getməməlidir. Biz hər birimiz cənab Prezidentimizin ətrafında sıx birləşib, ona dəstək olmalıyıq. Bu gün sərbəst şəkildə küçələrdə gəzib dolaşmağımız, gözəl geyimlər geyinməyimiz, azad nəfəs almağımız, çörək üçün növbə gözləməməyimiz, gülləbaran atəşində deyil, gül-çiçək yağışında yaşamağımız məgər azdır? Bütün bunlar Ulu Öndərimiz, bütün türk dünyasının dahi lideri Heydər Əliyevin sayəsində baş verib. Daha sonra ölkə rəhbərimiz, Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin sayəsində bu uğurları bu gün yaşamaqdayıq: "Qazandığımız nailiyyətlərə nə xarici donorlar, nə də öz daxili bəzi qorxaq müxalifət "siyasətçi"lərimiz kölgə sala bilməyəcək. Radikallar Azərbaycandakı uğuru çox yaxşı görür, lakin gördükləri bu reallığı dərk etmək istəmirlər, ya da buna sadəcə, qavramaq istəmirlər, reallığı qəbul etmək istəmirlər. Onlar nə istədiklərini heç özləri də bilmirlər. İnsanların əsəbi ilə oynamaqdan, daxildə qarşıdurma yaratmaqdan, özlərini "peşəkar siyasətçi" kimi göstərməkdən və heç nəyə yaramayan bəyanatlar verməkdən görəsən, nə zaman bezəcəklər. Heç olmasa, insanların səbr kasasının tamamilə daşacağı günü də nəzərə alsınlar".

AYLANA RZAYEVA

Digər xəbərlər