Bu gün siyasi arenada gedən proseslər, birmənalı şəkildə, onu deməyə əsas verir ki, radikal müxalifətin tör-töküntüləri cəmiyyət tərəfindən qəbul edilmir. Daha doğrusu, onlar tamamilə rədd edilirlər. Bunun da başlıca səbəbi həmin liderlərin düşünülməmiş səhv siyasət yürütmələri ilə bağlıdır. Bu, faktdır ki, əksər müxalifət partiyalarının seçki prosesindən kənarda qalmaları onların səhv seçki siyasəti aparmaları ilə əlaqədardır. Sonuncu parlament seçkilərinin nəticələrinə baxsaq, bunun nə qədər düzgün və əsaslı olduğunu söyləmək olar. Çünki parlament seçkilərində radikal müxalifət liderləri xarici maraqlı qüvvələrin tövsiyə və tapşırıqlarına əsasən fəaliyyət qurduqlarından son nəticədə xalq tərəfindən boykot olundular. Düşünmək olardı ki, seçki məğlubiyyətinin nəticələrini saf-çürük edən radikal müxalifət bundan bir nəticə çıxaracaq. Amma göründüyü kimi, hazırkı mərhələdə müxalifət liderləri öz yarıtmaz səhv siyasətlərini davam etdirməkdədirlər. Təbii ki, bu da onu deməyə əsas verir ki, son nəticədə sıravi partiya üzvləri birmənalı mövqe ortaya qoymaqla, liderlərin partiya sədrliyindən kənarlaşdırılmasına çalışacaq və yəqin ki, buna da nail olacaqlar. Hələlik isə, görünən odur ki, partiya sədrləri hələ də boş, mənasız bəyanatlar verir və heç də müsbət qarşılanmayan təklif və ideyalarla çıxış edirlər. Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiyalarında elə bir daxili atmosfer formalaşıb ki, partiya sədrləri tutduqları mövqelərini əldən vermək istəmir: "Radikallar partiyalara yeni nəfəsin gəlməsinə çox ciddi əngəllər yaradırlar. Radikal müxalifət partiya sədrlərinin bu hərəkətləri ilə bağlı olaraq, ABŞ-ın keçmiş səfirinin öz rəhbərliyinə yazdığı məktubda da qeyd edərək bildirib ki, məhz Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının inkişaf etməsi mümkün deyil. Yəni, həmin partiyalarda köhnələrin yeniləri ilə əvəz edilməsi üçün çox ciddi əngələr yaradılıb. Bir sözlə, həmin qurumların daxilində demokratiya yoxdur".
V.Bəyturanın sözlərinə görə, radikal müxalifət partiya liderlərinin özləri demokratik sistemdən hay-küy salsalar da, demokratiya uğrunda mübarizə apardıqlarını bəyan etsələr də, rəhbərlik etdikləri partiyalar daxili demokratiyanın yaradılması üçün şərait yaratmırlar. Əksinə, onların fikirləri ilə razılaşmayan və mövqelərinə qarşı çıxan hər hansı bir qrupu yerindəcə zərərsizləşdirərək, partiyadan kənarlaşdırırlar: "Bu proses tək bir partiya daxilində baş vermir. Demək olar ki, radikal müxalifət partiyalarının hamısında bu proseslərə rast gələ bilərik. Çünki ənənəvi radikal müxalifətin nəzarətində olan, özlərini müstəqil adlandıran ölkədə fəaliyyət göstərən bəzi mətbuat orqanlarında alternativ fikirə və mövqeyə ciddi senzura qoyulub. Belə bir senzuranın nəticəsində müxalifət daxilində monopoliya yaradılıb. Həmin monopoliyanın da əsas məqsədi ondan ibarətdir ki, məhz radikal müxalifət düşərgəsində bir neçə partiyanın olması barədə görüntü yaratsınlar və digər siyasi qüvvələrin fikirləri ictimaiyyətə çatdırılmasın. Yəni Azərbaycan ictimaiyyəti görsün ki, müxalifət ancaq bir neçə siyasi partiyadan ibarətdir. Bir sözlə, 20 ilə yaxındır ki, bu siyasət aparılır. Təbii ki, onların məqsədi odur ki, öz mövqelərini saxlasın və həmin qüvvələrin başında duran siyasi liderlər özlərinin siyasi mövcudluqlarını davam etdirsin".
GÜLYANƏ AĞAKƏRİMOVA