Siyasi arenada qeyri-ciddi qurumlar kimi tanınan radikal müxalifət partiyaları getdikcə vəziyyətlərini daha da ağırlaşdırmaqdadırlar. Bu səbəbdən, demək olar ki, yaxın vaxtlarda radikal ünsürlər siyasi düşərgəni tərk edə bilərlər. Düzdür, radikallar ənənəvi hay-küylü metodlardan istifadə etməklə, intihara yaxınlaşan siyasi ömürlərini bir qədər də uzatmağa çalışırlar. Amma görünən odur ki, bu tip hay-küylü bəyanatlar ictimaiyyət tərəfindən qətiyyətlə rədd edilir. Demək olar ki, müxalif qüvvələrin xalqdan heç bir siyasi dəstəyi yoxdur. Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiya liderləri öz yerlərini yenilərinə verərsə, bu, həmin partiyaların müəyyən mənada zəifləməsinə gətirib çıxara bilər.
- Məlumdur ki, bir nəfərin Müsavat partiyasının başqanlığına iki dəfədən artıq seçilməməsi məsələsi ilə bağlı partiyanın nizamnaməsində əsas yer alıb. Bu baxımdan, Müsavat partiyasının növbəti qurultayı keçiriləcək. Qurultay zamanı da, şübhəsiz ki, İsa Qəmbərov başqanlıqdan gedəcək. Bir sözlə, Müsavat partiyasına yeni bir başqan gələcəkdir. O cümlədən, Azərbaycan Demokrat Partiyasının sonuncu qurultayında bir nəfərin iki dəfədən artıq partiya sədri seçilə bilməməsi barədə nizamnamədə dəyişiklik olunub. Ümid edirəm ki, ölkədə fəaliyyət göstərən digər partiyalarda da bu tendensiya gedəcəkdir. Bu məsələyə öz partiyamızı misal olaraq göstərə bilərəm. 1991-ci ildə Azərbaycan Demokrat Partiyası yaradılıb. Bu 20 il ərzində ADP-nin sədrləri Sərdar Cəlaloğlu, İlyas İsmayılov, Rəsul Quliyev və yenidən Sərdar Cəlaloğlu olub. Yəni 20 il ərzində Azərbaycan Demokrat Partiyasında 4 dəfə sədr dəyişikliyi olub. Demək olar ki, Azərbaycan Demokrat Partiyası bu baxımdan, ölkə müxalifəti və siyasi partiyalar üçün bir örnək rolunu oynayıb. Əgər doğrudan da, ölkədə fəaliyyət göstərən partiya sədrləri demokratik dəyərlərə sədaqətlidirlərsə, o zaman onlar siyasi partiyaların inkişaf etməsində və islahatların aparılmasında meyilli olmalıdır.
GÜLYANƏ