Radikal müxalifət partiyaları daxilində ciddi dəyişikliklər edilməsə, həmin partiyaların qısa müddətdə tarixin arxivinə atılacaqları şübhəsizdir. Çünki radikal ünsürlər yarıtmaz siyasət aparmaqla, özlərini gözdən salmaqla yanaşı, rəhbərlik etdikləri partiyaların dağılmasına səbəbkar olublar. "Yurddaş" Partiyasının sədri Mais Səfərli bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiya rəhbərlərinin acınacaqlı vəziyyətdən çıxmaları mümkünsüzdür. Çünki radikal müxalifətin cəmiyyətdə qazandığı mənfi imic onların siyasi intiharlarını qaçılmaz edib: "Radikal müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin səhv siyasət aparmalarının acı nəticəsidir ki, onlar bu günə qədər heç nəyə nail ola bilməyiblər. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən siyasi partiyalar nəyə nail olmalıdır? İlk öncə partiyalar cəmiyyətdə ictimai dəstəyə nail olmalı və bu dəstəyin sayəsində isə həmin partiyalar ölkədə keçirilən parlament, bələdiyyə və prezident seçkilərindən səs toplamalıdırlar. Hər bir partiyanın cəmiyyətdə qəbul olunub-olunmamaları keçirilən seçkilərdə toplanan səslərlə ölçülür. Demək olar ki, bu illər ərzində müxalifət partiyalarının böyük əksəriyyəti parlamentə düşə bilməyib. Onların az hissəsi parlamentdə və bələdiyyələrdə təmsil olunurlar. Amma prezident seçkilərində, birmənalı olaraq, uduza-uduza gəliblər. Əlbəttə, radikal müxalifət partiyaların belə vəziyyətə düşməsi partiyadaxili siyasətlə bağlıdır".
M.Səfərli bildirdi ki, radikal müxalifət partiyaları cəmiyyət tərəfindən heç bir siyasi dəstək ala bilmirsə, təbii ki, həmin partiyalar buraxılmalıdırlar.
Partiya sədrinin sözlərinə görə, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların rəhbərləri çox gözəl bilir ki, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Siyasi dəstəyi olmayan partiyalar da çox uzağa gedə bilməz.
M.Səfərli bildirdi ki, radikal müxalifət partiyalarında olan köhnə sədrlər yeniləri ilə əvəz olunsa, müxalif düşərgəsində yeniliklər ola bilər. Eyni zamanda, bu sədrlərin yenilənməsi iqtidar-müxalifət münasibətlərində bir yaxınlaşma yarada bilər. Bu gün müxalifət partiyalarına görə, ölkədə iqtidar-müxalifət münasibətləri də normal deyil. Əgər müxalif partiyalara yeni nəfəsli yeni sədrlər gələrsə, bu partiyaların özlərində inkişaf gedər. Bu gün müxalifətə liderlik edən şəxslərin öz postlarından getmək vaxtı gəlib çatıb. Onsuz da gec-tez radikal müxalifət partiya sədrləri yeniləri ilə əvəz olunmalıdır.
GÜLYANƏ AĞAKƏRİMOVA