PDF Oxu

Müxalifət

  • 33

Əvəz Zeynallının bəd əməlləri burada da bitmir...

Əvəz Zeynallının bəd əməlləri burada da bitmir...

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində yeni-yeni faktlar üzə çıxmaqdadır. Belə ki, vətəndaşların şərəf və ləyaqətini alçaltmaqla, yalan, şər və böhtan xarakterli yazılara yer verməklə reketçilik fəaliyyəti göstərən və nəticədə bu cinayət əməllərinə görə həbs olunan baş redaktorun cinayət tərkibli əməlləri bununla da bitmirmiş. Daha dəqiq desək, Ə.Zeynallının vaxtilə törətdiyi cinayətləri bu gün onun əleyhinə işləyir.

Qeyd edək ki, bir müddət öncə reket qəzetin baş redaktoru müxtəlif beynəlxalq və yerli təşkilatlara, müxalifət mətbuatına məktublar yazıb, cinayətkar olmadığını iddia edirdi. Hətta o, bunun üçün Avropa Şurası İnsan Haqları Məhkəməsinə də şikayət edəcəyini bildirirdi. Lakin necə deyərlər su axıb və öz çuxurunu tapıb. Yəni cinayət cinayətkarın boyuna biçilib. Çünki Ə.Zeynallı barəsində irəli sürülən haqlı ittihamların ardı-arası kəsilmir. Əksinə, vaxtilə hədə-qorxu ilə pul qopardığı, rüşvət aldığı insanlar bu gün çəkinməyərək, müvafiq orqanlara müraciət edir, pərdə arxasında gizlətməyə çalışdığı digər cinayətlərin üstünün açılmasında müəyyən rol oynayırlar. Baş Prokurorluğun yeni faktlarla ictimaiyyəti məlumatlandırması da Ə.Zeynallının bu çərçivədən olan cinayət əməllərinin növbəti fəslidir.


O, hətta jurnalistləri

də şantaj edib...


Xatırladaq ki, hələ bu ilin sentyabrında Mətbuat Şurasında fəaliyyət göstərən xüsusi komissiyaya "Xural" qəzeti ilə bağlı ayrı-ayrı vətəndaşlardan daxil olmuş 6 şikayət ərizəsinə baxılıb, nəşrin jurnalist etikasını kobud şəkildə pozduğu təsdiqlənib və onun "qara siyahı"ya daxil edilməsi yekdilliklə qərara alınıb. Çünki bir daha qeyd edək ki, qəzetə qarşı iddiaların ardı-arası kəsilmir. Belə ki, həmin dövrdən bu günə qədər adıçəkilən reket qəzetə qarşı 30-dan artıq məhkəmə iddiasına baxılıb və həmin iddiaların böyük əksəriyyəti öz təsdiqini tapıb. Nəticədə Ə.Zeynallının təqsiri sübuta yetirilib. Bir daha müəyyən edilib ki, "Xural" qəzeti müntəzəm olaraq yalan və böhtan xarakterli, təhqiramiz materiallar verib, qəzetin baş redaktoru Ə.Zeynallı və onun yaxın ətrafı ("Xural"da çalışan digər reket "jurnalistlər") davamlı şəkildə tanınmış ziyalıları, dövlət məmurlarını, nüfuzlu iş adamlarını, incəsənət xadimlərini, millət vəkillərini, sıravi vətəndaşları, hətta jurnalistləri şantaj edib.

Artıq bəlli olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Əvəz Zeynallı barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvətalma) maddələri ilə cinayət işi başlanılıb və o, məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs olunub.

Respublika Prokurorluğunun yaydığı məlumata görə, həmin cinayət işi üzrə aparılan istintaqla Əvəz Zeynalov tərəfindən digər cinayətlərin törədilməsi halları da müəyyən edilib. İstintaq dövründə Məmmədov Akif Şamil oğlu və Muxtarov Xanoğlan İsa oğlu ərizə ilə prokurorluğa müraciət edərək, Əvəz Zeynallının onlardan hədə-qorxu ilə rüşvət alması barədə məlumat veriblər.


Cinayət faktlarının

ardı-arası kəsilmir


Prokurorluq tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, Ə. Zeynallı 2006-cı ilin sonundan başlayaraq baş redaktoru olduğu "Xural" qəzetinin səhifələrində Həmkarlar İttifaqı Konfederasiyasının təsisçisi olduğu "Kurort" ASC-nin prezidenti Akif Məmmədovun barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən, davamlı silsilə məqalələr dərc edib. O, materialların dərcinin dayandırılması müqabilində Akif Məmmədov və onun dostu Xanoğlan Muxtarovdan qəzetin bir neçə ay müddətə çap xərcinin ödənilməsini və kompyuter dəsti almalarını tələb edib. Ə.Zeynallı bildirib ki, əks halda, məqalələrin dərcinin davam edəcək. Nəticədə Ə.Zeynallı 2008-ci ilin əvvəllərində X.Muxtarovdan 4000 ABŞ dolları rüşvət alıb.

Eyni zamanda, Xanoğlan Muxtarovla təqsirləndirilən şəxs Ə.Zeynallı arasında keçirilmiş üzləşdirmə zamanı X.Muxtarov Ə.Zeynallının ondan hədə-qorxu ilə rüşvət alması faktını bir daha təsdiqləyib.

Bundan başqa, vətəndaş Tarverdiyev Sabir Rəhim oğlu ərizə ilə prokurorluğa müraciət edərək Ə.Zeynallının ondan hədə-qorxu ilə rüşvət alması barədə məlumat verib. Faktla bağlı aparılmış istintaqla müəyyən olunub ki, Əvəz Zeynallı Yevlax rayon icra hakimiyyətinin vəzifəli şəxsləri barəsində "Xural" qəzetinin səhifələrində həqiqətə uyğun olmayan, qərəzli məqalələrin dərcinin dayandırılmasını xahiş edən iş adamı Sabir Tarverdiyevdən materialların çapının dayandırılması müqabilində 2010-cu ilin əvvəlində Sumqayıt şəhəri ərazisində yerləşən ofisində 200 manat, daha sonra ardıcıl olaraq hər həftə 100 manat olmaqla, cəmi 500 manat pulu rüşvət kimi alıb. Daha sonra o, əlavə olaraq, 2000 manat pul və ya iki kompyuter dəstinin alınmasını tələb edib.

İstintaqla müəyyən edilib ki, 2011-ci ilin iyul-avqust aylarında Əvəz Zeynallı millət vəkili Gülər Əhmədova barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu gəlib və bu materialların çapının dayandırılması müqabilində 10 min manat rüşvət tələb edib. Toplanmış sübutlar əsasında Əvəz Zeynalova Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvətalma), 311.3.3 (külli miqdarda rüşvətalma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvətalma) maddələri ilə yeni ittiham elan edilib.

Görünür, bu faktlar da Ə.Zeynallının törətdiyi sonuncu cinayət əməlləri deyil. Çünki reket baş redaktorun daha bir neçə əməli mövcuddur ki, onlar barədə məlumatların açıqlanması istisna edilmir. Belə ki, məlumatlara görə, daha bir neçə zərərçəkənin Ə.Zeynallıya və rəhbərlik etdiyi "Xural"a qarşı ittiham irəli sürəcəyi gözlənilir. Şikayətlər artdıqca isə, onun üç aydan sonra "gün işığına" çıxması elə də real görünmür...


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər