AMEA Geologiya İnstitutunun əməkdaşlarının İsveçrənin Milli Elm Fondu ilə birgə həyata keçirdikləri layihə çərçivəsində Azərbaycanın Radon Paylama Xəritəsinin yekun variantı artıq hazırdır. İnstitutun mətbuat xidmətinin məlumatına görə, yaxın günlərdə isə xəritənin geniş təqdimatı keçiriləcək.
Hazırlanan xəritə MDB ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda yaradılıb. Xəritədə, Qarabağ və Naxçıvan istisna olmaqla, bütün ölkə ərazisi əhatə edilib. Gələcəkdə Naxçıvanda da radon qazının miqdarı ilə bağlı araşdırma aparılması nəzərdə tutulub.
Qeyd edək ki, radon qazı yeraltı çatlardan və tikinti materiallarından yaranır. 2010-cu ildən İsveçrə Milli Elm Fondunun (SNSF) "Azərbaycan və Sloveniya üçün radon kadastrının yaradılması və İsveçrə metodu və təcrübəsindən istifadə edərək, diaqnostika üzrə tədbirlər" proqramı çərçivəsində tədqiqatlara başlanılıb. Layihə üzrə işlərdə İsveçrə və Səhiyyə Nazirliyinin sanitar-epidemioloqları da iştirak edir. Tədqiqatlarda əsasən radonun ətraf mühitə, xüsusən də, insan orqanizminə təsirinin öyrənilməsi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi üçün Bakıda, digər şəhər və yaşayış məntəqələrində "Gammadata" markalı 2500 radon detektoru qurulub.
NƏZAKƏT