Bu günlərdə radikal müxalifətin əlinə yeni girəvə düşüb. Belə ki, işində yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsindən uzaqlaşdırılan Rafiq Əliyevin "müdafiəsinə" qalxan müxalifətçilər olayı öz təbirlərincə siyasiləşdirərək, şişirtməyə cəhd göstərirlər.
Hətta bir neçə gündür ki, bunu müxtəlif qəzetlərdə, media orqanlarında, saytlarda ictimailəşdirmək istəyən radikallar öz istəklərinə nail ola bilmirlər. Çünki cəmiyyət, sağlam düşüncəli ictimaiyyət bunların qara-qışqırıqçı, qaragüruçu olduqlarını çoxdan bilir, yəni onların gönünün qalınlığına hər kəs bələddir. Bir vaxtlar cinayətkar ünsürləri "siyasi məhbus" qismində təqdim edən həmin qara-qışqırıqçıların bu gün bu cür, sabah isə başqa cür hadisələrdə daha hansı əməllərə yol verəcəklərini indidən də proqnozlaşdırmaq mümkündür. Daha dəqiq desək, cinayətkarlara "siyasi məhbus", "vicdan dustağı", vətən xainlərinə "azadlıq aşiqi", reket jurnalistlərə "azad söz qurbanı" donu geyindirənlərin öz işinə, vəzifəsinə etinasız yanaşan birisinə "qahmar" çıxması cəmiyyət üçün təəccüblü olmamalıdır. Onların mətbuatında yazılanların, deyilənlərin hər cümləsi yalnız və yalnız şəxsi mənafelərinə, olmayan siyasi dividendlərinə xidmət edən amillərdəndir. Bunu "Azadlıq" radiosunun görkəmli azərbaycanlı alim, Kaliforniyanın (ABŞ) Berkli Universitetinin professoru Lütfi Zadədən özlərinə sərf edən cavabı almağa yönəlmiş müsahibəsindən də görmək mümkündür. Belə ki, görkəmli alimə Rafiq Əliyevlə bağlı verilən sualların hər birində qondarma, siyasiləşdirilməyə cəhd edilən motivlərin olduğu açıq-aşkar özünü bəlli edir. Bu isə yuxarıda qeyd edilən məqamları bir daha təsdiqləyir.
Digər tərəfdən bəlli olur ki, R.Əliyev sadəcə kafedra rəhbərliyindən uzaqlaşdırılıb. Yəni onun fəaliyyətinə birdəfəlik xitam verilməyib. O, hər zamankı kimi müəllimik fəaliyyətini davam etdirəcək. Maraqlıdır, əgər bir adam ki, rəhbərlik etdiyi kafedraya doğru-dürüst gələ bilmirsə, imtahan müddətlərində tələbələrə etinasız yanaşırsa, imtahanları götürmürsə, dövlətdən aldığı məvacibin müqabilində işə çıxmaq davamiyyətini pozursa, ona qarşı hansı tədbir görülməlidir? Bəlkə R.Əliyevin ADNA-dakı vəzifəsini daha da yüksəltməliydilər?
Bu gün onun adıçəkilən universitetdə müəllim kimi qalıb işləməsi də ona qarşı yönələn demokratik addımdır. Çünki ən azından R.Əliyev yenə də öz işinə gedib-gələcək, müəllimliyini davam etdirəcək (əgər burada da işə davamiyyətini pozmasa...)
Sonda daha bir məqama da toxunmağı mümkün hesab etmək olar. Məsələ ondadır ki, radikal müxalifət mətbuatı R.Əliyevin "İctimai Palata" üzvü olduğunu önə çəkərək, guya onun "siyasi mənsubiyyətinə" görə kafedra müdiri vəzifəsindən uzaqlaşdırılmasını iddia edir. Lakin radikal ünsürlər unudurlar ki, bu gün ölkənin ali qanunverici orqanı olan Milli Məclisdən tutmuş, digər dövlət idarələrində, müəssisələrində müxtəlif siyasi partiyalarda təmsil olunan insanlar fəaliyyət göstərirlər, çalışırlar. Və onlara bu günə qədər "gözün üstə qaşın var" deyən olmayıb. Çünki ölkədə demokratik mühit ən yüksək səviyyədə təmin edilib. Heç kim siyasi mənsubiyyətinə görə tənqid və təqib olunmur. Təəssüf ki, bu ayrıseçkiliyi məhz radikal müxalifət düşərgəsi qabardır. Yəni özləri-özlərindən xoflanırlar. Bu isə dolayısı ilə özlərinin səhv yolda olduqlarını təsdiq edən amillərdəndir. Düzgün siyasət qurmamaqla daim məğlubiyyət girdabında sürünən müxalifət öz çulunu sudan quru çıxarmaq üçün R.Əliyev kimi şəxsləri istifadə edir, onların yanlışlıqlarını "siyasi istiqamətə" yönəldirlər. Müxtəlif mətbuat konfransları düzənləyərək öz "qurbanlarını" "qəhrəman" kimi təqdim edən qara-qışqırıqçılara isə bizdən sadəcə istehza etmək qalır...
R.RƏSULOV