Müxalifət partiyaları daxilində ciddi dəyişikliklər edilməsə, həmin partiyalar qısa müddətdə tarixin arxivinə atılacaqlar. Çünki partiya sədrləri yarıtmaz siyasət aparmaqla müxalifət partiyalarının dağılmasına səbəb olublar. "Demokratik Sol Partiyası"nın sədri Elşən Manafov bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiya sədrləri yeniləri ilə əvəzlənməsə, partiyaların buraxılması qaçılmaz olacaq: "Hər bir ölkənin siyasi sistemində "ana müxalifət" statusu var. Təbii ki, belə bir statusu seçkilərdə iştirak edib və hakimiyyətdə, sonra parlamentdə daha çox səs qazanmış partiyalar əhatə edirlər. Azərbaycanda isə parlament seçkilərinin nəticələri ilə çıxış edərsək, təbii ki, "İctimai Palata"da təmsil olunan siyasi partiyaların belə bir iddia ilə çıxış etməsi, mövcud ictimai-siyasi gerçəklikləri özündə ehtiva etmir. Burada istər Müsavat, istərsə də AXCP (i) Azərbaycanın parlamentində təmsil olunmayan partiyalardır. Ona görə də, həmin partiyalar ilə müqayisədə, əksinə, Azərbaycan parlamentinin müxalifətini təmsil edən siyasi təşkilatların belə bir iddia ilə çıxışı daha başa düşülən olardı. Hüquqi elm dəyərləri baxımından da bu məsələyə qiymət vermək olardı. Amma bütövlükdə isə, radikal müxalifət partiya liderlərinin özlərinə "ana müxalifət" və "xaç atası" kimi adlar qoymaları, təbii ki, mövcud gerçəklikləri özündə ehtiva etmir".
E.Manafovun sözlərinə görə, radikal müxalifət partiyalarında ciddi kadr problemi var ki, o da onları əvəz edə biləcək digər kadrların olmamasıdır. Eyni zamanda, radikal müxalifət partiyaların siyasi rəhbərliyində həyata keçirilə biləcək kadr islahatlarından, təbii ki, həmin siyasi təşkilatların qüvvədə olan əsasnaməsi və ya nizamnaməsi baxımından yanaşmaq lazımdır. Əgər əsasnamə və nizamnamənin özündə hər hansı bir qanun pozuntusu yoxdursa, təbii ki, bu məsələyə siyasi konyuktura baxımından qiymət vermək düzgün olmaz. Amma digər hallarda həmin partiya liderlərinin konkret ambisiyaları və konyuktura maraqları var ki, bütün bunlar həmin partiyaların rəhbərliyində nəzərdə tutulan kadr islahatlarını həyata keçirməyə imkan vermir. Bu da ölkənin siyasi sistemində mövcud problemlərdən biridir. Həmin siyasi partiyaların rəhbərliyinə yeni baxışlara malik olan siyasi şəxslərin gəlməsi, ölkənin siyasi sistemində islahatların aparılmasına bu və ya digər mənada rəvac verə bilərdi. Amma təəssüflər olsun ki, sözügedən partiya rəhbərliyində ciddi kadr islahatlarının aparılmasını müşahidə etmirik.
E.Manafov bildirdi ki, radikal müxalifət partiyalarına yeni liderlər gələrək həmin partiyalara rəhbərlik edərsə, təbii ki, mövcud ictimai-siyasi münasibətlərə fərqli baxışları olacaq. Radikal müxalifət partiyalarında fəaliyyət göstərən köhnə liderlərin dəyişilməsinə ehtiyac var. Çünki həmin liderlər 20 ilə yaxındır ki, radikal müxalif partiyalarında fəaliyyət göstərir. Demək olar ki, bu illər ərzində onların göstərdikləri fəaliyyət xalq tərəfindən heç də müsbət qarşılanmayıb. Ona görə də, müxalif partiyalarının yeni liderlərə ehtiyacı var. Ümid edirəm ki, əgər sözügedən partiyalara yeni fikirlərə malik olan, yeni liderlər gələrsə, radikal müxalifət düşərgəsində olan partiyalarda bir çox dəyişikliklər olacaq.
GÜLYANƏ