2005-ci ilə kimi Rəsul Quliyevlə Sərdar Cəlaloğlu can deyib can eşidirdilər. Hələ arabir R.Quliyevə "Rəsul Cəlaloğlu" da deyirdilər. S.Cəlaloğlu, demək olar ki, hər saat R.Quliyevin adından bir bəyanatla çıxış edir, onu "lider" kimi cəmiyyətə təqdim etməyə çalışır və onun tikəsini ən yağlı tikə adlandırırdı.
Ayrılmış sevgililərin sonrakı davası...
Bəs nə oldu bu bəni-aşiqlərə ki, bu gün bir-birilərini satqınlıqda və qorxaqlıqda suçlayırlar? Bəri başdan onu deyim ki, belə anormal münasibətlərə müxalifət düşərgəsində çox rast gəlirik. Məsələn, iki radikal müxalifətçi oturur çayxanada, başlayırlar dedi-qoduya. Biri deyir ki, yox e, bizim başqan hakimi-mütləqdir, yəni bizim başqan bütün dövrlərin ən "böyük" insanıdır, o biri də deyir ki, yox elə deyil, bizim "xoruz" ən "ciddi və natiq" adamdır. Sözləri çəpləşir və başlayırlar davaya. Ondan sonra bir-birilərinin yeddi arxa dönənini də söyüb təhqir edirlər. Ya da ki, radikalların funksioner dedikləri də bir-biriləri ilə dalaşan kimi qaçıb bir dənə alnı qırmızı partiya yaradırlar. Və sonra da başlayır həmin adamla söyüşməyə. Ona görə belə şeylərə təəccüblənməyə dəyməz.
2005-ci ilin sonuna kimi R.Quliyev ADP-yə müxtəlif yollarla pul verirdi və S.Cəlaloğlu da onu xımır-xımır yeyirdi. Amma R.Quliyev dinmirdi. Birincisi, ona görə ki, R.Quliyevin bir həftəlik gəliri S.Cəlaloğlunun çəkisindən ağırdır. Və R.Quliyev pul verməklə öz niyyətini həyata keçirmək istəyirdi. İkincisi, R.Quliyev elə bilirdi ki, Azərbaycana qayıdacaq, amma hadisələr göstərdi ki, o qorxduğundan heç xəritə- də belə Azərbaycana baxmır, o ki qalıb gələ. Yəni R.Quliyevin Azərbaycana gəlməsi üçün "ümid" olduğu dairələr ümidini puç elədi və bir daha başa düşdü ki, bu boyda cinayət yükü ilə "vətən"ə qayıtmaq olmaz və qayıda da bilmədi.
Zəminə Dünyamalıyevanın ölü diriltmə qabiliyyəti...
İndi Zəminə xanımla S.Cəlaloğlu "Rəsula görə" qırğına çıxıblar. Bu qırğınların nəticəsi olaraq S.Cəlaloğlu çox gözəl bir etiraf elədi ki, "Rəsul Quliyevin Bakıya gələ bilməməsinin səbəbi onun qorxaqlığıdır. Rəsul Quliyev Bakıya yox, Ukraynaya getdi. Bu fakt göstərdi ki, onun Azərbaycana gəlmək fikri yoxdur". S.Cəlaloğlu onu da dedi ki, "Rəsul Quliyev ADP-dən ayrıldıqdan sonra öz bacısı uşaqlarını da tutdurdu". Z.Dünyamalıyeva ha özünü dağa-daşa çırpsın xeyiri yoxdur. Bunu hamı bilir ki, Rəsul Quliyevin Azərbaycana gəlməyə cəsarəti çatmaz. O, elədiyi səhvləri bilir, ona görə də özünü deyil, başqalarını qurban edir. Bəs Z.Dünyamalıyeva niyə belə əl-ayağa düşüb, bilmirəm.. Olmaya ona da hələ ki, qırım-qırtıq pul-para göndərir? R.Quliyev Z.Dünyamalıyevadan da çox gözəl istifadə edir. Belə şeylərin sonu yaxşı olmur. İnsanların təfəkküründə, xalqın qan yaddaşında və tarixində nifrət dolu sözlərlə yazılan bir kəsi müdafiə eləmək, onu "cəsarətli və cəsur" adam kimi təqdim eləmək bir siyasətçi ola bilməyəcək qadının nəyinə lazımdır axı..! Bir anlıq oturub fikirləşsə bilər ki, Rəsul Quliyev daha diriləsi adam deyil, Şeyx Nəsrullahlıq etməyə dəyməz ki, dəyməz.
Samir FEYRUZOV