Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) kafedra müdiri və müəllimi Rafiq Əliyevin işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılması radikal müxalifət təmsilçiləri üçün "göydəndüşmə" olub. Belə ki, son vaxtlar, ümumiyyətlə, danışmağa, yazmağa söz tapa bilməyən radikal müxalifət təmsilçiləri bundan sui-istifadə edərək, özlərini gen-bol reklam etdirməyə macal tapıblar...
Radikalların əllərinə düşən girəvə
Özlərinə məxsus qəzet səhifələrində, informasiya saytlarında boy-boy, palaz-palaz məqalələr verən qaragüruhçu müxalifət "liderləri" guya bu işə görə yasa batdıqlarını nümayiş etdirməyə cəhd göstərirlər. Amma əslində, ictimaiyyət də çox gözəl bilir ki, onların əsl məqsədləri nədir. Onların məqsədləri vəziyyətdən istifadə edib yenidən aranı qarışdırmaq, əvəzində, xarici təşkilatlar qarşısında özlərini göstərməkdən ibarətdir. Hər kəs çox gözəl anlayır ki, R.Əliyevin işdən uzaqlaşdırılması müxalifət ünsürlərinin əllərinə düşən qondarma oyundur.
Rafiq Əliyev tamamilə işdən çıxarılmayıb
Bu gün yüzlərlə müəssisələrdə, idarələrdə və digər yerlərdə işdə yol verdikləri nöqsanlara görə töhmətlər verilir, əgər həmin töhmətlər nəzərə alınmırsa, həmin insanlar işlərindən uzaqlaşdırılırlar. Çünki öz işinə hörmətlə yanaşmayan istənilən şəxs çalışdığı kollektivə də hörmətsizlik etmiş olur. O ki qala həmin kollektivin rəhbər vəzifəlisi ola. Eyni zamanda, dövlətdən alınan məvacibi heç bir iş görmədən yeyib, üstündən su içməyin özü hansı düzgün addım kimi dəyərləndirilə bilinər?
Digər tərəfdən, R.Əliyev vaxtilə ona etibar olunmuş kafedra müdiri vəzifəsindən kənarlaşdırılıb. Yəni o öz müəllimlik vəzifəsini davam etdirəcək. Ancaq bunu şişirdərək ajiotaj yaratmaq istəyən radikallar onun tamamilə "işsiz" qaldığını bar-bar bağırırlar. Lakin ortada digər fakt da mövcuddur. R.Əliyev zamanında kafedrasına rəhbərlik edərkən, imtahan zamanları tələbələr qarşısında olmazın şərtlər qoymaqla onların təhsillərində süni çətinliklər yaradırdı. Hətta istədiyi zaman işə gəlir, istədiyi zaman isə həftələrlə kafedraya biganə yanaşırdı. Bunun qarşısını almaqdan ötrü isə müvafiq rəhbərlik tərəfindən R.Əliyevə xəbərdarlıqlar edilmişdi. Ancaq R.Əliyev həmin xəbərdarlıqlara etinasız yanaşır, bu əməlini müxtəlif vasitələrlə ört-basdır etməyə səy göstərirdi. Amma sonda məlum olurdu ki, R.Əliyev heç də "xəstəlik" və digər bəhanələrdən dolayı deyil, sadəcə, öz kefinə görə işə gəlib-gedirmiş. İşə davamiyyət isə tamamilə pozulduqda onu kafedra müdiri vəzifəsindən haqlı olaraq uzaqlaşdırdılar. Lakin müəyyən iş dövrünü nəzər alıb, müəllim kimi fəaliyyət göstərməsinə şərait yaradıldı.
R.Əliyevin bu gün radikalların "qəhrəmanına" çevrilməsi arxasında digər faktlar da mövcuddur...
Akademikin "İctimai Palata" sevgisi
Öz əmək davamiyyətini bilərəkdən pozaraq, işini-gücünü buraxıb "İctimai Palata" adlı qondarma qurumda var-gəl edən R.Əliyev onu da da yaddan çıxarmamalıdır ki, bu gün onu guya "müdafiə" edən radikallar, "İctimai Palata" nümayəndələri hər zaman ölkəni, dövləti, dövlətçiliyi və xalqı beş-on qəpik-quruşa satmağa hazır olan xəyanətkarlar toplusudur. Onun bu cür xəyanətkar toplumda özünü "rahat" hiss etməsi öz işidir. Ancaq hər halda vurğulamaq yerinə düşərdi ki, R.Əliyev bu günə qədər qazandıqlarını radikalizmə sataraq, öz ölkəsinə, xalqına, eləcə də, dərs dediyi ali təhsil müəssisəsinə, vaxtilə dərs dediyi tələbələrinə qarşı xəyanətkar mövqe tutub. Bu cür xəyanətlər isə heç vaxt bağışlanılmır...
RƏFİQƏ HÜSEYNOVA