Müsavat partiyasında bu il keçirilməsi nəzərdə tutulan qurultayın vaxtı müəyyən edilməmiş qalmaqdadır. Belə ki, daha öncələr, yəni bu ilin əvvəllərindən müxtəlif açıqlamalar verən Müsavat səlahiyyətliləri qurultayın ilin sonuna kimi keçiriləcəyini əminliklə bildirirdilər. Lakin get-gedə bu məsələnin uzadılması vəziyyətin nə yerdə olduğunu açıq-aşkar bəlli edir. Bu faktoru nəzərə aldıqda qurultayın keçirilməməsinin əsas səbəbkarının məhz partiyanın başqanı İsa Qəmbərov olduğu məlum olur. İ.Qəmbərov bu əməlini müxtəlif vasitələrlə ört-basdır etməyə cəhd göstərsə də, daxilindəki xəbislik yetərincə özünü sərgiləyir.
Partiyanın keçirdiyi tədbirlərin birində Müsavat başqanı ötəri olaraq bildirmişdi ki, guya təşkilatın nizamnaməsində heç bir dəyişiklik edilməyəcək. Daha dəqiq desək, o, guya özünün yenidən başqan seçilməsini qəbul etmirdi. Hətta təkidlə bildirirdi ki, nizamnamədə dəyişiklik edilsə belə, o, yorulub və "böyük siyasətdən" getməyi düşünür. Ancaq nə oldu? Belə ki, nizamnamədə dəyişiklik edilməsə belə, İ.Qəmbərov hələ də Müsavatın başqanı olaraq qalır və bununla öz partiyadaşlarına ata-ata gedir.
Digər tərəfdən, öz partiyadaşlarına 20 ildir ki, atan, onları aldadaraq şəxsi mənfəətləri və dividendlərini artıran İ.Qəmbərov burada da digər "tülkü" bicliyini ortaya qoyub. Xatırladaq ki, başqanlığa namizədlər sırasında bir neçə qruplaşmalar mövcuddur və bu qruplaşmalar Müsavatdaxili çəkişmələrdə bir-birilərinə qarşı kifayət qədər amansızcasına davranırlar. Onlar iddia edirlər ki, irəli sürdükləri namizədlər, məhz İ.Qəmbərov tərəfindən dəstəklənir. Yəni İ.Qəmbərov namizədliklərini rəsmən, yaxud da qeyri-rəsmi olaraq irəli sürən müsavat funksionerlərinə öz "xeyir-duasını" verib və aranın qarışdırılmasına da imkan yaradıb. Beləliklə də, həmin ara qarışmaları uzandıqca, İ.Qəmbərovun başqanlıqda qalmaq müddəti də avtomatik olaraq uzanır. Bir sözlə, İ.Qəmbərov öz hiyləgər "siyasətini" yeridərək öz partiyadaşlarına, hər zaman olduğu kimi, bu dəfə də atır.
Amma ortada digər faktlar da mövcuddur ki, həmin faktların arxasında qruplaşmaların onun bu "tülkü" bicliyini ifşa etməsidir. Elə götürək 2 aprel mitinqində baş verən hadisəni. Belə ki, 2 apreldə icazəsiz aksiyanın təşkilində ittiham edilərək müvafiq həbs cəzası alan Arif Hacıyev faktoru İ.Qəmbərov üçün ciddi maneəyə çevrilib. Müəyyən dividendlər əldə etməyi bacaran A.Hacıyev hələ məhkəməsi dövrü bəyan etmişdi ki, o, Müsavat başqanlığına iddialıdır və namizədliyini rəsmən bəyan edir. Düzdür, İ.Qəmbərov həmin məhkəmədə bunun "normal qərar" oluğunu bildirsə də, əslində, Müsavat başqanı A.Hacıyevin qərarını həzm edə bilməyib. Əgər edə bilsəydi, elə həmin məhkəmədəcə bəyan edərdi ki, o, A.Hacıyevin başqan olmasının qəti tərəfdarıdır. Həmçinin, Arzu Səmədbəylinin də başqanlıq iddiası Müsavat daxilində çaxnaşmalara gətirib çıxarılıb ki, burada da müəyyən məsələlərin dayandığı şəksizdir. Partiyada Pənah Hüseynov, Rauf Arifoğlu kimi fiqurların olması isə vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olur. Bir sözlə, İ.Qəmbərov Müsavat partiyasının qurultayını yubandırdıqca, onun başqanlıq müddəti uzanır və beləcə, qurultayın keçirilməsi mövzusu unudulur. 2012-ci ilin yanvar-fevral ayında partiya qurultayının keçirilməsini bildirənlər isə bu "vədlərinin" gerçəkdən də reallaşacığına əmin olsalar da, onların bu dəfə də öz zənlərində yanılmaları sübut olunacaq. Çünki nə qədər partiyanın başında İ.Qəmbərov amili dayanıb, o qədər də Müsavatın siyasi arenadan silinməsi prosesi sürətlənəcək.
Rəfiqə Hüseynova