Bir neçə radikal müxalifət partiyasının və daim siyasətdə uğursuz fəaliyyəti ilə seçilən fərdi şəxsin yaratmış olduğu "İctimai Palata" hazırda bazardan başqa heç nəyə bənzəmir. Adıçəkilən qurumun keçirdiyi icazəsiz aksiyalarına cəmiyyətin dəstək verməməsi "İctimai Palata"nın növbəti aksiyalarını müəyyən müddətə təxirə salmağa vadar edib. Buna baxmayaraq, "palata"ya daxil olan partiya rəhbərləri zaman-zaman pafoslu çıxışları ilə hələ də "ərəb baharı" barədə xəyallara dalırlar. \
Utopik əminlik və baş tutmayan sövdalar
Radikal müxalifət partiyalarında olan bu utopik əminlik bir müddət əvvəl Qərb ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin "İctimai Palata"ya daxil olan partiya sədrləri ilə keçirdiyi görüş və həmin görüşdə müzakirə edilən məsələlərlə bağlıdır. Bu isə, onu deməyə əsas verir ki, Azərbaycanda müxtəlif vaxtlarda aranı qarışdırmaq niyyəti radikal müxalifət liderləri ilə müzakirə edilən mövzular sırasında olub. Ancaq onların bu sövdaları da baş tutmayıb. Bu faktları önə çəkməklə radikallara sual oluna bilər ki, nəyə görə müxalifət liderləri bu haqda bir dəfə də olsun danışmırlar? Belə ki, "İctimai Palata" üzvləri ilə keçirilən görüşdə Azərbaycanla bağlı hansı məsələlər müzakirə edilib bu barədə ictimaiyyətə məlumat verilməlidir. Xatırladaq ki, bir müddət əvvəl rusiyalı politoloq Heydər Camalın bu barədə məlum danışıqları aysberqin görünən tərəfidir. Lakin həmin aysberqin görünməyən tərəfi də mövcuddur. Bu görünməyən tərəfin əsas ideoloqu ABŞ-ın, Qərbin diplomatik şəxsləridir. Radikal müxalifəti xəcalət çəksin (şərəfsizdə, ləyaqətsizdə xəcalət nə gəzir?) ki, öz dövlətini mənəviyyatsızcasına satır, siyasi bazarlıqlara gedir. Amma bunlarda xəcalət çəkmək hissiyyatı qətiyyən mövcud deyil. Çünki unutmaq lazım deyil ki, bir zamanlar da bunlar Azərbaycanı satıb hakimiyyətə gəldilər. Lakin onların hakimiyyəti cəmi bir il çəkdi. İndi Azərbaycan müəyyən vaxtlarda onun zülmünü çəkir. Məsələn, xatırladaq ki, onlar Kəlbəcəri rəsmən ermənilərə verdilər ki, Birləşmiş Millətlər Təşkilatı qətnamə qəbul edəcək və Ermənistan ordusu işğal etdiyi ərazilərdən çıxarılacaq. Ancaq nə baş verdi, nə dəyişdi? Əlbəttə ki, günahsız insanlar qətlə yetirildi, qaçqınlar ordusunun sayı artdı, daha bir əzəli torpağımız işğal altına düşdü.
Ancaq istənilən halda bu gün "İctimai Palata", eləcə də, Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyən xarici qüvvələr heç nəyə nail ola bilməyəcəklər. Müasir politologiya elminə müraciət etsək, orada 4 cür liderin olduğunu görərik. Bayraqdar, xilaskar, xidmətkar və ziyankar liderlər. Azərbaycanın radikal müxalifəti sırf ziyankar statusda çıxış edənlərdir.
Əllərində məşəl tutan kor radikallar
Bunlar son 20 il ərzində heç bir dəyişiklik etməyiblər. Onların nə psixologiyası, nə dünyagörüşü, nə də hərəkətlərində dəyişiklik baş verib. Buna da səbəb müxalifətin ideologiyasının olmamasıdır. Müxalifətin yalnız bir ideologiyası var ki, o da necə olur-olsun, hakimiyyəti ələ keçirməkdir. Bu cür fəaliyyətlə isə hakimiyyəti ələ keçirmək mümkün deyil. Taktikası, strategiyası olmayan bir müxalifətdən qorxmaq da yersizdir. Bu müxalifət əlində məşəl tutan kora bənzəyir. Xalq isə müxalifətlə birgə deyil. Onlar başqa dövlətlərin əlində alət rolunu oynayırlar. Əgər həmin dəyənək 10 il bundan əvvəl harasa dəyəndə səs çıxarırdısa, indi heç bir effekt vermir. Bu gün Azərbaycan müxalifətinin halına ağlayan lazımdır ki, hətta buna da adam tapılmır.
Onların xaricdən alınan vəsait hesabına fəaliyyət göstərmələri şəksizdir və sübuta yetirilib. Onlara rəsmən 2 milyon məbləğində qrantın ayrıldığı açıqlansa da, əslində, 40 milyona yaxın qrant yeyilir. Həmin vəsaitin qarşılığında nə ediblər? Bircə dəfə də olsun Qarabağ problemi, Xocalı soyqırımı, qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı aksiya keçiriblərmi? Çünki bunların ideologiyası puldur. Ən böyük korrupsiya məhz bunlarda-radikallardadır...
R.RÖVŞƏN