Son vaxtlar Azərbaycan mətbuatının gündəmində olan və əsas müzakirə olunan mövzulardan biri də "Siyasi partiyalar haqqında" Qanun layihəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərdir. 1992-ci ildə "Siyasi partiyalar haqqında" Qanun layihəsinə əlavə və dəyişikliklər edilməsinə baxmayaraq, artıq sözügedən qanun layihəsinə yeni dəyişikliklərin edilməsinə ehtiyac duyulur.
Maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki, radikal müxalifət partiya sədrləri "Siyasi partiyalar haqqında" Qanun layihəsinə əlavə və dəyişikliklər edilməsindən narahatdır. Nəyə görə radikallar bu qanun layihəsinə yeni dəyişikliklərin edilməsindən narahatdır? "Təkamül" Partiyasının sədri Teyyub Qənioğlu "Səs"ə açıqlamasında bildirdi ki, "Siyasi partiyalar haqqında" Qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bəzi partiyaların xarici maraqlı qüvvələrlə əlaqələrinin qarşısı alına bilər: "Qanuna əlavə və dəyişikliklərin olunması ölkədə fəaliyyət göstərən siyasi partiyaların daha yaxşı fəaliyyət göstərmələrinə və inkişaf etmələrinə səbəb olacaq. Bir sözlə, bu, çox təqdirəlayiq bir haldır. O ki qaldı partiyaların dövlət tərəfindən maliyyələşdirilməsindən partiyaların razı qalıb-qalmayacağı, məsələsi, bu da baxır hansı partiyalar dövlət büdcəsindən hansı şəkildə maliyyələşəcək? T.Qənioğlunun fikrincə, ölkədə keçirilən bütün seçkilərdə iştirak edərək səs toplayan və parlamentdə təmsilçiliyi olan partiyalar dövlət tərəfindən maliyyə dəstəyi almalıdır".
Partiya sədrinin sözlərinə görə, siyasi partiyalar qeyd edilən üç meyar əsasında dövlət büdcəsindən maliyyələşməlidir: "Əgər qeyd etdiyim kimi, bir yanaşma olsa, təbii ki, bütün siyasi partiyalar tam şəkildə razı qalacaqdır. "Siyasi partiyalar haqqında" Qanun layihəsinə ediləcək əlavə və dəyişikliklər ölkədə fəaliyyət göstərən siyasi partiyaların gələcəkdə yaxşı inkişaf etməsinə səbəb olacaq. Bu baxımdan, "Siyasi partiyalar haqqında" Qanun layihəsinə ediləcək əlavə və dəyişikliklər biz partiya sədrləri tərəfindən müsbət dəyərləndirilir".
T.Qənioğlu onu da qeyd etdi ki, müxalifət partiya liderlərinin narahatçılıq hissi keçirməsinin səbəbi "Siyasi partiyalar haqqında" Qanun layihəsinə ediləcək əlavə və dəyişikliklərin necə və hansı formada olacağı ilə bağlıdır. Yəni sözügedən partiya sədrləri bilmir ki, qanun layihəsi ilə hansı şəkildə dövlət tərəfindən maliyyələşmə həyata keçiriləcək.
GÜLYANƏ