Danılmaz həqiqətdir ki, AXCP (i)-Müsavat çəkişməsi daim müxalifəti şikəst edib, zəiflədib. Lakin müxalifətçi ekspertlər İsa Qəmbərov və Əli Kərimov tərəfindən verilən vədlərə inanır, "birləşmə" prosesinin başlanacağını, nəticədə Müsavatla AXCP (i)-nin birləşəcəyini sadəlövhlüklə gözləyirlər. Xatırlatmaq yerinə düşərdi ki, partiyalar arasında hələ blok qurulmazdan öncə, qərara alınmışdı ki, parlament seçkilərindən sonra Müsavatla AXCP (i)-nin bir partiyada birləşməsi prosesinə başlansın. Amma nədənsə "liderlər"in vədinə inananların sayı məlum məsələlərə görə bu dəfə daha azdır.
Sadəcə, söz oyunu oynayır, elektoratın başını qatır, onlarda müəyyən qədər ümid yaradırdılar. Məqsəd isə yalnız seçkidə 2005-2010-cu illərdə AXCP (i) ilə Müsavatın didişməsi nəticəsində dağılmış müxalifətçi elektoratı bir yerə toplamaq, blokun namizədlərinin seçki kampaniyasını daha gur keçirməkdən ibarət olub.
Onu da qeyd edək ki, Müsavat başqanı İ.Qəmbərov partiya qurultayında başqan postunu tərk edəcək. Amma İ.Qəmbərov prezident seçkilərində iştirak etməyəcəyini söyləməyib. Böyük ehtimalla, "liderlər"in vaxtilə irəli sürdükləri birləşmək anlaşmasını belə proqnozlaşdırmaq olar: İ.Qəmbərov "birləşmiş partiyanın" prezidentliyə namizədi olur, Ə.Kərimov isə partiyanın sədri seçilir. Bu halda müəyyən qədər birlik yaratmaq, elektoratı vahid təşkilatda birləşdirmək olar. Amma Müsavat və AXCP (i) İ.Qəmbərovla Ə. Kərimovdan ibarət deyil. Məhz bu səbəbdən də aşağı fiqurlar bunun reallaşmasını əngəllədi.
Müsavata gəlincə, mövqeyini itirmiş İ.Qəmbərov Müsavat rəhbərliyinə söz keçirəcək durumda deyil. Mərkəzi icra aparatının həbsdə olan rəhbəri Arif Hacıyev partiyadakı adamları vasitəsilə qərarlar çıxmasına mane olacaq və oldu da. Arif Hacıyev AXCP (i) ilə tarixi ədavəti olduğundan AXCP (i)-ni tamamilə Müsavatdan təcrid etməyi düşünür. Ə.Kərimov tərəfindən sıradan çıxarılacağını gözəl bilən A.Hacıyev bütün məsələlərə hər vəchlə mane olmağa çalışdı və yenidən bu məsələnin qabardılmasının qarşısını almağa müvəffəq oldu. Məhz bütün bu hadisələrin nəticəsidir ki, hazırda "birləşmə" ideyası zibil yeşiyinə atılan zibil kimi gündəmdən silindi. Bu gün Müsavat-AXCP (i) arasında daha ciddi uçurumun yaşandığı isə göz önündədir. Bu uçurumun qarşısını isə nəinki partiyanın funksionerləri, eləcə də, onlara ayrı-ayrılıqda dəstək verən bəzi Qərb siyasi dairələri də ala bilməyəcək...
RÖVŞƏN