Bir müddət əvvəl, AXCP (i) sədri Əli Kərimov Müsavat partiyası ilə birlik danışıqlarının baş tutmadığını anladıqdan sonra yeni variantlar üzərində işləməyə başladı və bu variant müəyyən olunmuş plan əsasında həyata keçirildi. Belə ki, bu ərəfələrdə saytlarından birinə açıqlamasında AXCP (i) Ali Məclisinin sədri Həsən Kərimov Müsavata yönəlik deyib ki, onun təmsil olunduğu siyasi təşkilat daha heç vaxt onlarla bir olmaq istəməyənlərə yalvarmayacaq. Lakin onu da bildirək ki, bu məsələdə AXCP (i)-nin tələskənliyi "cəbhə lideri"nin Müsavatı dağıtmaq planını ifşa edir. Xatırladaq ki, AXCP (i) birləşmək barədə qərarı hələ son qurultayda çıxarıb. Və əgər məntiqlə fikirləşsək, onlar adekvat addımı Müsavatın qurultayından gözləyirdilər. Lakin nəinki birləşmə ideyası baş tutmadı, eləcə də, burada Müsavat qurultayının hələ də keçirilməməsi yerdə qalan bütün məsələləri yerlə yeksan etdi. Müsavatda başqan ola bilməyəcəyini dərk edərək, istefa verənlərin taktikasına uyğun olaraq hərəkət edən AXCP (i) rəhbərliyi, əslində, bununla özünü "yandırmış" olur. İstefa verənlər uduzub və qurultayı gözləmədən partiyanı tərk edir, "cəbhə" rəhbərliyinin onlar kimi hərəkət edərək, məsələyə reaksiya verməsi kənardan doğru anlaşılmır. Belə çıxır ki, Ə.Kərimov Müsavatın qurultayında çıxarılacaq anti-"cəbhə" qərarlarından agahdır və indidən Müsavatı içdən dağıtmağa çalışır. Maraqlıdır ki, Müsavat rəhbərliyi bunu bilə-bilə oyun qura bilmir və primitiv şəkildə hələ də "birləşmə olmayacaq" deyir. Hansı ki, bu məsələ artıq çoxdan qapanıb. Əslində, Müsavat rəhbərliyinin burada yetərincə vaxt udmaq şansı var. Birləşmə olmadı-bu, hər kəsə bəllidir. Müsavat rəhbərliyi ən azından "birləşmə olacaq, ancaq bu məsələyə qurultayda baxılacaq" deyərək, müəyyən qədər vaxt uda bilərdi. Görünür, İ.Qəmbərov riskə getməkdən ehtiyat edir, məsələnin böyüməsini əngəlləyir ki, zamanında birləşmə məsələsinə birdəfəlik və asanlıqla nöqtə qoymaq mümkün olsun.
Bu yanlış taktika isə AXCP (i) sədrinin əlinə müəyyən girəvə verib. AXCP (i) daxilindən sızan xəbərlərə görə, Ə.Kərimov Müsavatdan ayrılanların birləşəcəyi yeni partiyanın əsasını qoyur. Qısası, Ə.Kərimov Müsavatdan 2000-ci ilin qisasını bu yolla almaq istəyir. AXCP (i) sədri bu variantı AMİP-in başında bir dəfə sınaqdan keçirib. Xatırladaq ki, 2005-ci ildə AMİP lideri Etibar Məmmədovdan dəstək ala bilməyən AXCP (i) sədri parçalanma yaratdı, "milli-istiqlalçıları" iki yerə böldü, Əli Əliyevə "VİP" adlı partiya yaradıb verdi. Doğrudur, bu layihə uğursuz oldu. Amma son nəticədə AMİP parçalandı. Eyni ssenari Müsavatın başına gətirilir. Düzdür, Əli Əliyev o zaman AMİP-in sədri idi, partiya parçalananda bir müddət Ə.Əliyev "AMİP sədri" adına iddia etdi. Müsavatda durum fərqli olsa da, oradan istefa verənlər də partiyaları daxilində balaca fiqur olmayıblar. Onların hər biri Müsavatın ikinci, ya da üçüncü şəxsləri olub.
Yaxın günlərdə isə AXCP (i) ilə Müsavat arasında savaş şiddətlənəcək. AXCP (i) rəhbərliyi "başqa çıxış yolumuz yoxdur" bəhanəsi ilə Müsavatdan ayrılanların quracağı təşkilata, yaxud da qurumlara "stavka" edəcək. Yeni qurulmuş təşkilat AXCP (i) ətrafında yaradılması planlaşdırılan siyasi bloka daxil olacaq. O da bildirir ki, AXCP (i)-nin yaradacağı siyasi blok bu dəfə fərqli olacaq. Siyasi bloka partiyalarla yanaşı, siyasiləşmiş QHT təmsilçiləri, müxalifət qəzetlərindəki jurnalistlər və "hüquq müdafiəçiləri" daxil olacaqlar. Müsavatsız yaranan siyasi blokun əsas hədəfi isə qarşıdan gələn seçkilərin olduğu bildirilir. Bu, həm də müxalifətin növbəti dəfə "vahid namizəd" problemi yaşayacağını proqnozlaşdırır. Necə ki, bu mövzu ətrafında ciddi qarşıdurmalar artıq indidən yaşanmağa başlayıb.
RÖVŞƏN