Son zamanlar AMİP-in sözdə "fəallaşması" düşərgə daxilində gülüşlə qarşılanan müxtəlif söz-söhbətlərə səbəb olub. İctimaiyyət hazırda partiyaya rəhbərlik edən Yusif Bağırzadənin vaxtilə ADP-də hansı oyunlardan çıxdığını, Rəsul Quliyevin toruna necə düşdüyünü də yaxşı xatırlayır. Onu da qeyd edək ki, AMİP sədri hazırda siyasi fəaliyyətdən daha çox şəxsi biznesi üzərində işlər qurur. Y.Bağırzadə, ümumiyyətlə, Etibar Məmmədovun ona həvalə etdiyi işlərin öhdəsindən gəlməyi belə düşünmür. Lakin son günlər onun qəfildən siyasi arenaya dönüşü, populist açıqlamalarla çıxış etməsi, eləcə də, yenidən E.Məmmədovun əmrlərini dərhal icra etməsi bəzi məsələlər ətrafında maraqlı suallar doğurmaqdadır. Ancaq bu, o demək deyil və söhbət ondan getmir ki, Y.Bağırzadə böyük fiqurdu və siyasi proseslərə təsir edən addımlar atacaq. Xeyr, faktlar təsdiq edir ki, AMİP-in sədri nəinki böyük fiqurdu, ümumiyyətlə, əhəmiyyətli siyasətçi deyil.
20 illik "siyasi karyerası" boyunca o, yadda qalan heç nə etməyib. Burada maraq doğuran digər ilginc nüans vaxtilə Y.Bağırzadəni ortaya atan, AMİP-ə doğru çıxaran şəxslərin kimliyidir. R.Quliyevlə yaxın olmuş Y.Bağırzadə layihəsində sabiq spikerin də əlinin olduğu məlum həqiqətlər sırasındadır. Müsavata və AXCP (i)-yə yaxın qəzetlər Y.Bağırzadənin AMİP-ə sədr seçilməsinin "böyük layihə" olduğunu iddia edirlər. Sabiq spiker R.Quliyevin də bu sırada yer aldığı zaman-zaman vurğulanır. Amma R.Quliyevin rəhbərlik elədiyi partiya sıradan çıxıb. İctimaiyyət "Açıq Cəmiyyət Partiyası"nın adını belə unudub. R.Quliyevin hansısa siyasi layihəsinin uğur gətirməsi mümkün deyil.
Bu əsnada xarici səfərlərə məhz E.Məmmədovun getməsi, Y.Bağırzadəni bu tipli fəaliyyətlərdən kənarlaşdırması da deyilənləri sübut etməkdədir. Çünki Y.Bağırzadəyə inam olsaydı, sədr kimi onun xaricə getməsi məsləhət görülərdi. Amma E.Məmmədovun buna getməməsi, bir tərəfdən də Y.Bağırzadəni "siyasi müqəvva" qismində təşkilatda sədr oturtması bir daha təsdiq edir ki, AMİP-in "siyasi aktivliyi" heç də xarici səfərlərlə ölçülməməlidir. Çünki partiyadaxili münasibətlərin nizama salına bilinməməsi təşkilatın "VİP"-dən sonra daha bir "cırtdan" partiyaya ayrılacağını indidən sərgiləmiş olur.
RÖVŞƏN