PDF Oxu

Müxalifət

  • 33

Müxalifət öz daxilində təmizlənmə aparılmasını tələb edir

Müxalifət öz daxilində təmizlənmə aparılmasını tələb edir

"Nə qədər ki, müxalifət liderləri arasında özündən razı, şəxsi ambisiyalarını hər şeydən üstün tutan insanlar var, Azərbaycan müxalifətində birlik alınmayacaq". Bunu ADP-nin sədr müavini Zakir Hüseynov müxalifətdə baş alıb gedən ziddiyyətlərə münasibət bildirərkən deyib. ADP sədrinin müavini, ümumiyyətlə, hazırkı müxalifətin vahid güc mərkəzində birləşə bilməyəcəyini də iddia edir. Belə ki, onun fikrincə, bugünkü şəraitdə bir çox cəhdlərə baxmayaraq, Azərbaycan müxalifətinin bir araya gəlib vahid mərkəzdə fəaliyyət göstərməsi qeyri-mümkündür. Çünki bu istiqamətdə indiyə qədər atılan bütün addımlar nəticəsiz və səmərəsiz olub: "Son on gün ərzində müxalifət partiyalarının liderləri dəfələrlə bir araya gəlib vahid bir cəbhədə fəaliyyət göstərmək barədə məsləhətləşmələr aparsa da, həmin görüşlərin heç bir nəticəsi olmayıb. Hesab edirəm ki, yaxın müddət ərzində də belə bir birliyi yaratmaq mümkün olmayacaq. Çünki bu gün Azərbaycan müxalifəti özünün elə bir böhranlı dövrünü yaşayır ki, bu böhranı aradan qaldırıb normal fəaliyyətə başlamaq üçün mütləq partiya liderləri öz ambisiyalarından əl çəkməlidirlər".

ADP funksioneri son vaxtlar müxalifətin qarşıdan gələn seçkilərlə bağlı söylədikləri "vahid namizəd" məsələsinə də ironiya ilə yanaşıb. Belə ki, onun fikrincə, müxalifətin bu formatla "vahid namizəd" məsələsindən danışması sadəcə məntiqsizdir: "Mən də arzu edərdim ki, ilkin mərhələdə müxalifətin geniş formatda birliyi yaransın. Ancaq proseslər belə gedərsə, Azərbaycan müxalifəti prezident seçkilərinə pərakəndə şəkildə gedəcək və bu da seçkilərdə müxalifətin məğlubiyyəti ilə nəticələnəcək".

Müxalifətin bir araya gələ bilməməsinin başlıca səbəblərindən biri kimi müxalifət liderləri arasında özündən razı, şəxsi ambisiyaları hər şeydən üstün tutan insanlarda görən Z.Hüseynov onu da bildirib ki, Azərbaycan müxalifətində birlik alınmayacaq. Ona görə də müxalifət düşərgəsində təmizlənmə olması vacibdir: "Aparıcı güc kimi istedadlı gənclər önə çıxmalı, 15-20 il müddətində müxalifət partiyalarına rəhbərlik edib, heç bir nəticə qazanmayan liderlər siyasi səhnədən uzaqlaşdırılmalıdır. Məhz bu halda müxalifət daxilində birlik yarana bilər".


Rəfiqə Hüseynova

Digər xəbərlər