Deyəsən, müxalifət liderlərinin "çörəyi" didişmələrdən çıxdığı üçün onların qarşıdurması ara vermir. Bu proses, demək olar ki, ardıcıl xarakter almağa başlayıb. Əslində, bizi bu qənaətə gətirən əsas məqam, radikalların ardınca heç kimin, hətta ətraflarındakı beş-üç nəfər adamın da getməməsi və onların hələ prezident seçkilərinə iki il qalmasına baxmayaraq, bu seçkilərdə də daha rüsvayçı məğlubiyyətə düçar olacaqlarını indidən bilmələridir. Bu adamların yeganə istəyi, hay-küy yaratmaqla gündəmdə qalmaq və xarici qurumlara yaltaqlanıb qrant almaqdır.
Əksər analitiklər belə bir məsələni gündəmə gətirirlər ki, ola bilsin, qarşıdakı prezident seçkilərinə kimi müxalifət partiyalarının bir çoxu daxili düşmənçiliyi ikinci plana keçirsin və müəyyən məsələlərə görə bir araya gəlsin. Düzdür, radikal düşərgədə baş verənlər onu göstərir ki, bir sıra müxalifət partiyalarının rəhbərləri müəyyən müddət ərzində bu istiqamətdə bir az açıq, bir az da gizlin şəkildə addımlar atmağa cəhd etmək istəyirlər. Məsələn, "KAXCP" sədri Mirmahmud Fəttayev və digərləri müxalifət partiyaları arasında inteqrasiyaya nail olunması və mövcud ziddiyyətləri aradan qaldırmaq üçün bir sıra təkliflərlə çıxış edir, xüsusilə də, "birlik" çağırışını çıxış yolu bildiyini söyləyir.
Nisbətən konstruktiv siyasi qüvvələr, onları müxalifət düşərgəsindən silməyə çalışan radikal qrupu, müxalifəti parçalamaqda və siyasi sifariş yerinə yetirməkdə ittiham edirlər.
Ədalət, BQP, "Ümid" və digər partiyalar belə hesab edirlər ki, Müsavat, ADP, ALP və AXCP (i)-nin daxil olduğu qruplaşma, əslində, müxalifətin qarşıdakı növbəti prezident seçkiləri ərəfəsində dağıdılmasına xidmət edən bir missiyanı öz üzərinə götürüb. Onlar hesab edirlər ki, radikallar bu addımı atmaqla, əslində, qarşıdakı prezident seçkiləri ərəfəsində özlərini beynəlxalq təşkilatların gözünə "əsl müxalifət" kimi soxmağa və qarşıdakı illər üçün qrant almağa çalışır, bundan əlavə, siyasi qüvvələrin ortaya çıxmasına qarşı çıxış edirlər. Lakin ən maraqlı situasiya "beşlər"in öz aralarında böyük problemlər yaşanmasıdır. Belə ki, ALP sədri Əvəz Temirxan öz "müttəfiqləri"ni ittiham etməyə başlayıb. Onun əsas ittihamı, ilk növbədə, qrupdakı digər siyasi partiya təmsilçilərinin, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkiləri zamanı yaradılacaq seçki qərargahı ilə bağlıdır. Belə ki, həm Müsavat, həm də AXCP-(i) təmsilçiləri dəfələrlə bəyan ediblər ki, onların nümayəndələri yaradılacaq seçki qərargahında mühüm postlar tutacaq və seçki qərargahındakı əsas strukturları ələ alacaqlar. Ə.Temirxan isə onları siyasi tələskənlikdə və qeyri-real işlərlə məşğul olmaqda suçlayıb. Onun fikrincə, bu qüvvələr həmişə olduğu kimi, yenə də öz murdar niyyətlərini ortaya qoyurlar. Burda atalar yaxşı deyib "çayı hoppanmamış "bərəkallah" deməzlər". Hələ prezident seçkilərinə iki il qalmasına baxmayaraq, müxalifətçilər indidən bir-birinin "ətini" yeyirlər.
Rəfiqə