Radikal müxalifət bu dəfə də öz gücsüzlüyünü, yararsızlığını, eləcə də, daim şəxsi ambisiyalarına xidmət etdiyini ortaya qoymuş oldu. Belə ki, ölkədə boş qalmış yerlərə keçirilən bələdiyyə seçkilərinin günü və saatı məlum olana qədər qəzet və saytlarında azsaylı elektoratları qarşısında müxtəlif bəhanələr gətirən müxalifət partiyaları, bütövlükdə, bu seçkilərdən də üzü qara çıxacaqlarını əvvəldən dərk edibdilər.
Bu səbəbdən də istər "İctimai Palata"da cəmləşənlərin, istərsə də qeyri-qurumlarda var-gəl edən müxalifət partiyalarının qabaqdangəlmişlik edərək, "boykot" haqqında səs-küy qaldırmaları, ümumiyyətlə, ölkənin siyasi-ictimai hadisələrinə ciddi təsir etmir. Çünki ölkə ictimaiyyəti onları, ümumiyyətlə, ciddi şəkildə qəbul etmir.
Əslində, müxalifətin bütün seçkilərdə özlərindən nə isə yeni "ideyalar" çıxarmaları bütövlükdə hər kəsə bəllidir. Buna misal kimi ötən və ondan öncəki parlament seçkilərini (2005-2010), prezident seçkilərini (2003-2008), referendumu və bələdiyyə seçkilərini göstərmək mümkündür. Ölkə üçün əhəmiyyət daşıyan bütün önəmli hadisələrdə davamlı məğlubiyyətlərlə üzləşən radikal müxalifət yetkililəri seçki marafonlarındakı biabırçı durumlarını gizlətməkdən ötrü daha hansı oyunbazlıqlara əl atmırlar? "Yeni Müsavat", "Azadlıq" və bu kimi digər yazılı mətbuatlarında boş-boş, məntiqsiz, gerçəkliyə əsaslanmayan açıqlamalar verən partiya sədrləri iddia edirlər ki, guya bələdiyyələrin, bu sahədə keçirilən seçkilərin əhəmiyyəti yoxdur və s. Maraqlıdır, əgər radikal müxalifət mənsubları bu cür fikirləşirlərsə, nəyə görə daha öncəki seçklərə qatılaraq, orada iştirak ediblər? Və bələdiyyə seçkiləri ilə parlament seçkiləri arasında ayrı-seçkilik salmağın hansı adı var? Hər iki qurum-parlament və bələdiyyə strukturu ümumilikdə xalqa xidmət etmirmi? Məgər uğradıqları ardıcıl məğlubiyyətlərində əsil həqiqətləri söyləmək onlar üçün bu qədərmi çətindir? Təbii ki, çətin deyil. Sadəcə, budəfəki seçkilərin də onlar üçün sarsıdıcı zərbə olacağı özlərinə gün kimi aydındır.
Bu boşluqlarını tamamilə başqa cür üsulla doldurmağı planlaşdıran müxalifət yetkililəri gündəmə yenidən mitinq taktikalarını çıxarmağa çalışırlar. Daha dəqiq desək, boş qalmış bələdiyyə yerlərinə keçiriləcək seçkilərdən sonra dərhal aksiya keçirməyə cəhd göstərmək amacındadırlar. Bununla da bir əhəmiyyətli siyasi hadisəni digər qondarma "siyasi hadisə" ilə - mitinq keçirməklə, yəni seçki uğursuzluqlarını gizlətməklə ört-basdır etməyi düşünürlər. Lakin bir reallığı dərk etmirlər ki, həqiqətdə bunların cəmiyyətdə yeri olmadığı, ictimaiyyət tərəfindən qəbul edilmədikləri bir vəziyyətdə mitinq sövdasına aludə olmaları absurd iddialardandır. Və əgər radikal müxalifət ölkənin əhəmiyyətli seçkilərinin birində iştirak etməyə güc tapmırsa, onu bəyənmirsə, eyni zamanda, həmin gücsüzlüklərini etiraf etməyə belə qorxaqlıq göstərirsə, bu amil onların iç üzlərini kifayət qədər ifşa edir. Onların öz paxırlarını gizlətməkdən ötrü göstərəcəkləri mitinq teatrlarına isə biletlər satılmamış qalıb. Çünki ictimaiyyət bu kimi tamaşaları çox görüb və qəbul etmir.
R.RƏSULOV