"İctimai Palata"da baş verən davamlı istefaların sayı daha da artdıqca qondarma qurumun vəziyyəti daha da ağırlaşmaqdadır. Hələ bu ilin radikal müxalifətin keçirdiyi uğursuz mart-aprel aksiyalarından sonra "palata" daxilində ciddi narazılıqlar yarandı və ilk olaraq, AMİP qurumdan istefa verdi. Bu istefanın ardınca digərləri də qondarma qurumdan uzaqlaşmağa meyilləndilər. Bununla da radikalların "müxalifət güclənir" mifi puç çıxdı. Belə bir sual yarana bilər: əgər radikal müxalifət "güclənirsə", bəs onda niyə həmin qurum daxilindən istefalar səngimir?
Göründüyü kimi, "İctimai Palata" rəhbərlərinin durumu günü-gündən daha da acınacaqlı vəziyyət almaqda davam edir. Bu, vəziyyət isə özlərini "İP"-in liderləri hesab edənlərin canlarına üşütmə salır. Əldə etdiyimiz məlumata görə, "İctimai Palata" yaxın günlərdə orada təmsil olunmayan başqa müxalifət partiyalarına yalvarmağı planlaşdırır. Daha dəqiqi, AXCP (i) bu metodu işə salmağı fikirləşib. Belə ki, toplantıların birində AXCP (i) sədri Əli Kərimov Müsavat başqanı İsa Qəmbərova "yeni üzv partiyaların qəbulu üçün yalvarmağın vaxtı çatıb" mesajını versə də, istədiyi müvafiq cavabı almayıb. Başqa məlumata görə isə, AXCP (i) Müsavatdan xəbərsiz olaraq, ALP və "VİP"-in "İctimai Palata"ya üzv edilməsi üçün həmin partiyalara minnətçi elçilər göndərib.
"VİP" və ALP-nin "palata"ya üzvlüyünə qəbul edilməsi təklifini isə Müsavat AXCP (i)-nin yeni oyunu hesab edir. Müsavatda hesab edirlər ki, AXCP (i) bununla qondarma qurum daxilində tərəfdarlarının sayını artırmaq, Müsavatı sıxışdırmaq istəyir. Anlaşılan budur ki, Müsavat "VİP" və ALP-nin quruma daxil edilməsinə razılıq verməyəcək. Hətta öncələr də bu tipli çıxışlar olmuşdu. Ancaq AXCP (i) sədri məsələni bu şəkildə qoysa ki, "İctimai Palata" özünü iflasdan, dağılmadan xilas etmək üçün güzəştə getmək, hətta yalvarmaq, dizin-dizin sürünmək və nəticədə adıçəkilən iki partiyanı üzv etmək lazımdır. Müsavatın bu qərarla razılaşmaqdan başqa çarəsi qalmayacaq. Müsavatın rəsmən başqanlığına namizəd olan Arif Hacıyev həbsdə olduğundan, o, "VİP" və ALP-ni "İctimai Palata"ya daxil edilməsinə mane olmayacaq. Nəticədə AXCP (i) Müsavat qarşısında yenidən "at oynatmaq" imkanı əldə edəcək.
Maraqlıdır ki, ALP və "VİP"-də məsələlər başqa cür cərəyan edir. Məsələ ondadır ki, hər iki partiya bu günlərdə "KXCP"-ni də cəlb etməklə "Üçlük" formatı yaratmaq istəyir. Ona görə də bu formatı kənara qoyub, "İctimai Palata"ya qatılmaları inandırıcı görünmür. Başqa tərəfdən bu partiyalar hazırda müxalifət daxilində özlərinə olan ehtiyacı hiss edir və bu baxımdan şərtlə danışmağa üstünlük verirlər. Artıq AXCP (i) elçiləri bir neçə dəfə ALP-"VİP"-"KXCP"-yə ağız açıb yalvarsa da, nəticəsi uğursuz alınıb. Bu isə, onu deməyə əsas verir ki, ayrı-ayrılıqda fəaliyyət göstərən radikal müxalifət partiyaları elə ayrı-ayrılıqda da parçalanacaqlar.
Rəfiqə