Günü-gündən inkişaf edən demokratik, suveren ölkəmizdə (təbii ki, radikallar bunu qəbul etmirlər) bir çox müxalif partiyalar mövcuddur ki, həmin partiyaların da mövqeyi ilə xalqın mövqeyi üst-üstə düşmür. Belə olmasaydı, "bəy"lər neçə illərdir ki, hakimiyyət deyə ağlamazdılar. Necə deyərlər, radikal müxalifətin havası çoxdan çalınıb. Hərdən xarici dövlətlərdən pul-para alırdılar ki, artıq bu imkandan da məhrum olublar.
Yəni xalqın inamını qazana bilməyən "bəy"lər xaricilərin də inamsızlığı ilə üzləşiblər. Çətin vəziyyətdə qalan müxalifət başbilənləri adı gurtulu çıxan bir neçə "siyasi birlik"lər yaratmaq qərarına gəlirlər. Belə qurumlardan biri də "İctimai Palata" adlanan, heç bir əhəmiyyət kəsb etməyən siyasi təşkilatdır. Bu qurumda təmsil olunan partiyalar Azərbaycanda ictimai asayişi pozmağa cəhd edirlər. Bir neçə nəfərlə paytaxtda siyasi şou düzəldirlər ki, bu da heç bir önəm daşımır. Hərdən "İctimai Palata"da təmsil olunan şəxslər 100 minlik mitinq keçirmək xəyallarına düşür. Bu isə, reallığa çevrilmədi.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda sağlam düşüncəyə malik müxalifət yoxdur. "İctimai Palata" kimi qurumlar isə, formal xarakter daşıyır. Yəni ölkəmizin, vətəndaşlarımızın ümummilli maraqlarına zidd bir təşkilatdır. "İctimai Palata" 100 min adamın iştirakı ilə nümayiş etmək fikrində olsa da, arzuları ürəyində qaldı. Görəsən, düşünmürlər ki, müxalifət nəinki 100 min nəfərdən, heç 100 nəfərdən də ibarət mitinq etmək iqtidarında deyil. Nəyisə arzulamaq yaxşı şeydir. Gərək arzularınla reallıq arasında bir yaxınlıq olsun. Yəni Arzu "bəy"in arzusu heç zaman baş tutan deyil. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Gərək bizim "bəy"lər yorğanlarına görə ayaqlarını uzaltsınlar. Artıq bu gündən belə onların hakimiyyətə gəlməsi mümkünsüzdür. Çünki Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir.
Digər "bəy"lər bir yana dursun, indi də Etibar Məmmədovdan danışaq. O Etibardan ki, AMİP-in dar günündə "asta qaçan namərddi" deyib, aradan çıxdı. Sonra isə, adıçəkilən partiyanın lideri oldu. Maraqlıdır, bir partiyanın ki, 3-4 nəfər üzvü ola, ona bu qədər sədr, lider nəyə lazımdır ki? Yəni "partiya lideri"nin funksiyası nədir? Bunu heç Etibar "bəy" də bilmir. E. Məmmədov bir zaman Müsavat başqanı İ.Qəmbərov, AXCP (i) sədri Ə.Kərimov tərəfindən iflic vəziyyətinə salındı və o, siyasətdən getməli oldu. İndi isə, Etibar "bəy" yenidən siyasət arenasına qayıtmaq istəyir. Hansı üzlə, hansı fəaliyyətlə bunu deyə bilmərik. Adama deyən gərək ki, get otur evində, onsuz da siyasətdən başın çıxmır. Guya digər "bəy"lər nə iş görür ki, sən nə görəcəksən? Məsləhətimiz budur ki, siyasət aləminə qayıtma. Yoxsa, İsa və Əli "bəy"lər səni pis vəziyyətə salacaq.
ANAR