PDF Oxu

Müxalifət

  • 26

Radikal müxalifətin şər-böhtan kampaniyası

Radikal müxalifətin şər-böhtan kampaniyası

Bütün sivil ölkələrdə hər bir fərdin hüquq və azadlıqları, o cümlədən, şərəf və ləyaqəti müvafiq qanunlarla qorunur. Hər hansı fərdin söz, fikir, məlumat, əqidə azadlığı digərinin ləyaqətindən, şəxsi və işgüzar nüfuzunun müdafəsi hüququndan üstün tutula bilməz. Lakin təəssüf ki, aparılan araşdırmalar, monitorinqlər bir daha bəzi qəzetlərdə, xüsusilə də, radikal müxalifət mətbuatında "qara piar", şər-böhtan, yalan və dezinformasiya elementlərinin artdığını üzə çıxarır.

Eləcə də, hər bir mətbuat nümayəndəsinə bəllidir ki, şəxsi və ailə həyatına dair məlumatların hər hansı formada ictimaiyyətə açıqlanmasına yol verilmir. Yəni bu hal özü-özlüyündə qeyri-qanuni addım kimi dəyərləndirilir. Belə ki, müstəqil Azərbaycan da demokratik və hüquqi dövlət quruculuğu yolunu seçən ölkə kimi bu prinsiplərə sadiqdir. Ölkədə söz, məlumat, informasiya azadlıqları bərqərar olunub, kütləvi informasiya vasitələrinin sərbəst və müstəqil fəaliyyətinə ciddi hüquqi təminatlar mövcuddur. Mətbuatda istənilən dövlət məmurunu, vəzifəli şəxsi, ictimai-siyasi xadimi tənqid etmək mümkündür və demokratik mühit buna normal, dözümlü yanaşır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, mətbuat azadlığından sui-istifadə edən bir sıra qəzetlər peşə etikasına zidd olaraq səhifələrində qeyri-obyektiv, yalan və böhtan xarakterli məlumatlara yol verirlər. Radikal müxalifət qəzetlərində insanların şərəf və ləyaqətinə toxunan təhqirlərə də tez-tez rast gəlmək olur. Sanki bu "prinsip" radikal müxalifət mətbuatının "ənənəsinə" çevrilmiş "qanundur".

Bir çox Qərb ölkələrində rəqibə qarşı əsaslandırılmamış, dezinformativ, təhqir, böhtan xarakterli yazılar dərc edən qəzetlərə qarşı müvafiq orqanlar tərəfindən hüquqi müstəvidə ciddi ölçülər götürülür. Buna görə də Qərb kütləvi informasiya vasitələri bu cür qeyri-obyektiv və əsaslandırılmamış faktlardan yapışmır, siyasi opponentin zəif tərəflərini, ictimaiyyətə məlum olmayan çatışmazlıqlarını loyal "qara piar" predmetinə çevirirlər. Xüsusən də, seçkiqabağı ərəfədə "qara piar", belə demək mümkünsə, müəyyən siyasi texnologiyalar əsasında aparılır, bu zaman kompromat xarakterli faktlara istinad edilir. Yəni konkret faktlara, dəlillərə istinad edilir.

Ölkə müxalifətində isə xalq bunun tam əksini görür. Yəni Azərbaycan mətbuatında Qərbsayağı "qara piar" deyil, qarayaxma, böhtan və iftira geniş yer tutur. Bu gün onlar özlərini "tənqidçi qəzet" kimi cəmiyyətə sırımağa cəhd göstərsələr də, mahiyyət dəyişməyib - peşə etikasına, KİV haqqında qanun müddəalarına zidd olaraq ayrı-ayrı insanların nüfuzuna xələl gətirmək üçün yalan, təhqiredici, heç bir həqiqətlərə sığmayan informasiyaları dövriyyəyə buraxırlar. Hələ bu azmış kimi, bu tipli yazılarını davamlı olaraq manşetlərinə çıxarırlar. Bu cür hallar daha çox seçkiqabağı ərəfədə artmağa başlayır.

"Azadlıq" və "Yeni Müsavat" qəzetləri təkcə ayrı-ayrı məmurlar barəsində deyil, eləcə də, ictimaiyyət qarşısında hörməti olan ictimai-siyasi xadimlər, nüfuzlu iş adamları, hətta sıravi vətəndaşlar barədə yalan və iftira xarakterli informasiyalar, yazılar dərc edirlər. Hər gün bu qəzetlərin manşetlərində pafoslu, ağ yalanlara söykənən yazıların yer alması normal cəmiyyətin ciddi qınağı ilə qarşılaşır. Yəni həmin qəzetlər öz nömrələrini oxuculara sırımaq üçün daim faktları şişirdir, süni, qondarma sensasiyalar yaratmağa çalışırlar. Bunu da yaxşı bacarmadıqlarından "sensasiya" əvəzinə, qarayaxma və böhtan alınır.

Bu isə bir daha radikal müxalifət mətbuatını öz "gələcəyi" haqqında düşünməyə vadar edir. Çünki sözün həqiqi mənasında, bu qədər ağ yalanlar sırımağa səy göstərən radikal müxalifət mətbuatının getdikcə daha "ağ" etməsi, çox yəqin ki, müvafiq və lazımi cavabını alacaq...

R.RƏSULOV

Digər xəbərlər