Rusiyada baş verən son olaylardan razı qalan Azərbaycanın radikal müxalifət partiyaları Rusiyasayağı qarşıdurmalar və iğtişaşlar yaratmaq istəyində olduqlarını dilə gətiriblər. Məsələyə münasibət bildirən partiya sədrləri qeyd etdilər ki, radikal müxalifət qüvvələri bu cür qarşıdurmalar yaratmaq gücündə deyillər.
Mais Səfərli,
"Yurddaş" Partiyasının sədri:
- Rusiyada baş verən son hadisələr, o cümlədən, ərəb dünyasında baş verən olaylar Azərbaycan müxalifətini bir qədər sevindirərək ümidləndirir. Yəni, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən bir sıra qüvvələr ölkədə bəzi qarşıdurmalar yaratmaq istəyində olub. Burada sözügedən qüvvələr qarşıdurmalar yaratmaq üçün bir çox addımlar atsa belə, son nəticədə müxalifətin özünün məğlubiyyətə düçar olmasına səbəb olub. Demək olar ki, radikal müxalifətin, məhz belə qarşıdurma yaratmaq istəyinə görə, sözügedən düşərgəni tərk ediblər. Hesab edirəm ki, radikal müxalifətdə təmsil olunan şəxslərin budəfəki istəyi əvvəlki istəyi kimi öz ziyanına işləyəcək. Yəni, sözügedən qüvvələr ölkədə aksiyalar keçirsə belə, sonda müsbətə doğru heç bir nəticəyə nail ola bilən deyil.
Vüqar Bəyturan,
Milli Qurtuluş Partiyasının sədri:
- Azərbaycanın ənənəvi müxalifətinin bazası Rusiya müxalifətinin bazası qədər güclü deyil. Yəni, ölkədə fəaliyyət göstərən radikal müxalifət qüvvələrinin bazası yetərli deyil ki, onlar ölkədə hər hansı bir kütləvi aksiyalar keçirsinlər. Düşünürəm ki, ölkənin ənənəvi müxalifəti qonşu dövlətlərdə baş verən demokratik inqilablardan hər zaman öz sosial bazasını sakitləşdirmək üçün istifadə edir. Bir sözlə, RF-də baş verən proseslərdən ümidlənən radikal müxalifət öz tərəfdarlarına ürək-dirək verir ki, Rusiyadan sonra biz ölkədə qarşıdurmalar yaradacağıq. Hesab edirəm ki, hazırkı radikal müxalifət təmsilçiləri ölkədə nəsə ciddi bir qarşıdurma yaratmaq gücünə malik deyil. Çünki sözügedən qüvvələr tərəfindən ölkədə xoşagəlməz hadisələr baş versə belə, sonda uğursuzluğa düçar olur.
Teyyub Qənioğlu,
"Təkamül" Partiyasının sədri:
- İstənilən dövlətin müxalifəti ətraf ölkələrdə baş verən prosesləri izləyərək, əhval-ruhiyyəyə gəlir. Bir sözlə, son vaxtlar bizə qonşu dövlət olan Rusiyada gedən proseslərdən ölkədə fəaliyyət göstərən radikal müxalifət təmsilçiləri müəyyən dərəcədə ümidlərə qapılırlar. Bu baxımdan, hesab edirəm ki, radikal müxalifət təmsilçilərinin ölkədə istədikləri kimi kütləvi şəkildə aksiyaların keçirməsi qeyri-mümkündür və inandırıcı görünmür.
Zakir Hüseyn,
ADP-in sədr müavini:
- Siyasi mənsubiyyətindən asılı olmayaraq, vətənini və xalqını sevən bir insan öz ölkəsində hər hansı bir xoşagəlməz hadisənin baş verməməsinin qarşısını almalıdır. Düzdür, ölkədə fəaliyyət göstərən radikal müxalifət təmsilçiləri Rusiyada baş verən son hadisələrdən bir qədər ruhlanıblar. Amma bizə qonşu dövlət olan RF-də baş verən son olayların Azərbaycanda olmasının qəti şəkildə tərəfdarı deyiləm.
GÜLYANƏ AĞAKƏRİMOVA