Artıq bir neçə gündür ki, AXCP (i)-nin Cəlilabad rayon təşkilatı olmazın böhtan və şər kampaniyası apararaq, guya onlara qarşı hər hansısa zor tətbiqi ətrafında sərsəm fikirlər səsləndirirlər. Hətta bu barədə adıçəkilən partiyanın müxtəlif rayon təşkilatlarında qeyri-ciddi iddialar səsləndirilir ki, bu amil də ictimaiyyət arasında çaşqınlığın yaradılmasına xidmət edir. Düzdür, onların irəli sürdükləri sərsəm iddialar sağlam düşüncəli ictimaiyyət tərəfindən qəbul olunmasa da, radikal müxalifət düşərgəsində bu barədə səslənən fikirlər istər-istəməz onlara qarşı ikrah hissini daha da gücləndirir.
Qərargahın səmtini tanımayan "cəbhəçilər"
AXCP (i) Cəlilabad rayon təşkilatının üzvü Xanməmməd Məmməd oğlu Şükürov "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, bu partiyanın olmayan təşkilatından müxalifət mətbuatında bildirirlər ki, guya bu qurumun fəaliyyətində "canlanma" yaradılıb, ancaq həmin təşkilatın toplantılarına süni əngəllər yaradılır. X.Şükürov isə qəzetimizə verdiyi açıqlamasında bu yazılanların tamam böhtan olduğunu söyləyib: "Böhtan, yalanla işlərini quran AXCP (i) ilə Müsavat hansı "canlanmadan" danışır. Üç-beş nəfər "cəbhəçi" varsa, onlar da təşkilatın qərargahının səmtini tanımırlar. Həmin qərargah da uçuq bir hin damına oxşayır. Aylarla oranın yolunu heç tanıyan da yoxdur. Birdə kim var ki, tanısın da".
Sabiq AXCP (i) üzvü onu da bildirdi ki, "Yurd" şefi o qədər böhtan deyib ki, indi də bu çirkin əməllərindən əl çəkə bilmir. Ə.Kərimov yalan deməkdən usanmadı: "Biz hər şeyi yaxşı bilirik ki, AXCP (i)-nin rayon təşkilatları, eləcə də, Bakıdakı mərkəzi qərargahında da fəaliyyətsizlik prinsipi mövcuddur. Yəni buradan belə məna anlaşılır ki, adıçəkilən radikal müxalifət təşkilatı öz zəifliyini bu cür qondarma iddialarla ictimailəşdirməyə cəhdlər göstərir. Eyni zamanda, digər AXCP (i)-çinin bir az da irəli gedərək partiyanın qərargahının dağıdılması, oradakı avadanlıqların guya kimlər tərəfindənsə mənimsənilməsi, deyərdim ki, lap ağ oldu. Görünür, bu səviyyəsizlər həyasızlığın son həddinə çatıblar".
Ayaq tutub yeriməyən yalan
Müsavatın keçmiş üzvü, Cəlilabad rayonu, Uzuntəpə kəndinin müəllimi Rafiq Babaş oğlu Babayev isə bildirdi ki, müxalifət mətbuatında bu cür qondarma açıqlamalar verənlər unudur ki, belə olan vəziyyətdə dövlətin müvafiq hüquq-mühafizə orqanları mövcuddur və bu orqanlar lazımi tədbirlər görməyə qadirdirlər. Ona görə də sabah-biri gün "qərargahdan "yoxa çıxan" avadanlıqlar" deyəndə heç utanmadılar. Hansı avadanlıqlardan danışırlar? Əgər onların dediyi kimidirsə, o zaman həmin dedikləri "avadanlıqlar" məhz AXCP (i)-çilərin evlərindən çıxsa, onun hansı vəziyyətə düşəcəyini də indidən anlamaq mümkündür. Yəni bütün hallarda yalan ayaq tutub yeriməyəcək".
R.Babayev onu da bildirdi ki, AXCP (i) sədri Əli Kərimovun "Azadlıq" qəzetində və radikal müxalifət saytlarında haray-şüvən salması, əslində, onların bu cür iyrənc siyasi oyunlar oynamasını ifşa edir: "Dəfələrlə belə murdar böhtanlarla, şantajçılıqlarla gündəmdə qalmağa cəhd göstərən radikal müxalifətçilər zaman-zaman xalqın haqlı narazılıqları ilə qarşı-qarşıya qalıblar. Xalqın hiddətindən isə qaçmaq onlara heç zaman qismət olmayıb. Çünki bir partiyanın sədri Ə.Kərimovdursa, onun idarəçiliyi altında olanlar da məhz onun kimi ləyaqətsiz insanlardırlar".
Növbəti istefalar...
Məqaləni hazırladığımız zaman informasiya aldıq ki, AXCP (i)-nin Cəlilabad rayon təşkilatının bir qrup üzvü də sabiq AXCP (i) Xanəhməd Şükürov və sabiq Müsavat üzvü Rafiq Babayevin dedikləri ilə həmfikir olduqlarını və bu cür iyrənc metoda etiraz əlaməti olaraq, partiyadan istefa verəcəklərini bəyan ediblər. Hətta bu barədə Bakıdakı qərargahlarına istefa ərizələrinin faksını da göndəriblər. Həmin ərizələrin birində deyilib: "Biz, AXCP (İ) Cəlilabad rayon təşkilatının bir qrup üzvü Əli Kərimovun qondarma siyasətinə qəti etiraz əlaməti olaraq təmsil olunduğumuz qurumdan istefa vermək qərarına gəldik. Bu günə qədər belə bir şantajçı rəhbərlərin əli altında işlədiyimizə görə utanırıq, xəcalət çəkirik..."
Buradan bir daha aydın olur ki, əslində, AXCP (i) kimi bir xəyanətkar qurum bilavasitə mənəviyyatsızların toplaşdığı iyrənclər toplumudur. Və zaman-zaman bu cür iyrənc toplumdan xilas olamaq üçün fərdlər oradan istefa verirlər. Özü də belə fərdlər öz utanc hisslərini gizlətməyərək, Ə.Kərimova qəti nifrətlərini bildirirlər. Və məhz bu dəfə də belə olması şəksizdir. Ən azından AXCP (i) rayon təşkilatının qarşılaşdığı vəziyyətə, daha dəqiq desək, qazdığı quyuya özü düşməsi bu deyilənləri təsdiqləyir.
R.Hüseynova