PDF Oxu

Müxalifət

  • 31

Pənah Hüseynov yenidən başqanlıq iddiasında

Pənah Hüseynov yenidən başqanlıq iddiasında

Müsavat daxilində yaşanan qarşıdurmaların başında hər dəfə AXP lideri Pənah Hüseynovun adının hallanması artıq adi hal almaqdadır. Belə ki, partiyanın qurultayı baş tutmadıqdan sonra, Müsavat başqanlığına olan iddiaçılar həmin postu güc yolu ilə tutmağa cəhd göstərməyə meyilləniblər. Belə olan halda, P.Hüseynovun canfəşanlıq göstərməsi onun iddiasını reallaşdırır. Hələ parlament seçkilərindən öncə deputat olmaq istəyən P.Hüseynov o zamanlar Müsavat başqanlığı postu uğrunda apardığı mübarizəni dondurmaq qərarına gəlmişdi. Ancaq mandat qazana bilməyən P.Hüseynov yenidən öz ambisiyalarını partiya daxilində aparmağa başladı. Yəni Müsavatdaxili başqanlıq mübarizəsindən bilərəkdən kənarda qalmış birisinin məhz bu partiyada birinci olmaq uğrunda amansız savaşa atılacağı gözləniləndir.

Partiya daxilindən sızan xəbərlərə görə, Müsavat kuluarlarında hamı bilir ki, İsa Qəmbərov proseslərə müdaxilə eləməsə, yaxud da müdaxilədən kənarlaşdırılsa, başqan Arif Hacıyev ola bilər. Ona görə də indidən əl-ayağa düşüblər, başqanı A.Hacıyevə dəstəkdən çəkindirməyə çalışırlar. Lakin hələ ki, İ.Qəmbərov buna birbaşa razılıq verməyib, amma hər an mövqeyini dəyişə bilər. Daha dəqiqi, A.Hacıyevi başqan görmək istəməyən qruplaşma güclənsə, İ.Qəmbərov mövqeyini dəyişmək zorunda qalacaq.

Mənbə onu da bildirir ki, P.Hüseynov A.Hacıyevi istəməyən qrupun alternativ namizədidir: "Son vaxtlar mərkəzi icra aparatının rəhbəri A. Hacıyevin irəli çıxarılması diqqəti əsas məsələdən yayındırmaq məqsədi güdür. Hamı bilir ki, o, mövcud resursları və hazırkı durumu ilə qalib gələ bilməz. O halda, başqa bir variant P.Hüseynovdur. Açığı, Müsavatda hesab edirlər ki, P.Hüseynov başqan olarsa, Müsavat öz yolundan sapacaq, parçalanması sürətlənəcək".

Digər tərəfdən məlumatlı mənbə bildirir ki, P.Hüseynovun məqsədi təkcə Müsavatın deyil, İ.Qəmbərovun yoxluğunda bütünlükdə müxalifətin "liderinə" çevrilmək amacındadır. Çünki Müsavat daxilində hesab olunur ki, İ.Qəmbərovdan sonra radikal düşərgənin "lideri" AXCP (i) sədri Əli Kərimov deyil, zamanında AXC-Müsavat cütlüyünün hakimiyyətində üçüncü şəxs olmuş P.Hüseynov olmalıdır. Düzdür, radikal müxalifət düşərgəsində, ümumiyyətlə, "lider" məsələsi hər zaman problemli mövzu olsa da, AXP lideri Pənah Hüseynovun Müsavat başqanlığına olan iddiası onun budəfəki savaşda kəskin mövqedə dayanacağını indidən proqnozlaşdırır.


Rəfiqə

Digər xəbərlər